Uşaqların quyuya düşməsi ilə bağlı cinayət işi başlanıb

Mənbə: “Qafqazinfo”

Baş Prokurorluq məlumat yayıb

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində SOCAR-ın quyusunda iki azyaşlı uşağın boğulub ölməsiylə əlaqədar cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda bildirilir.

Baş Prokurorluq. Foto: Meydan TV

Mayın 18-də hər ikisi 2013-cü il təvəllüdlü olan 2 uşaq – Ağa Taleh oğlu Rəhimov və Hüseyn Mətləb oğlu Qasımov quyuya düşüb. Yaxınları və qonşular xeyli axtarandan sonra quyuda olan çirkab suyun üstündəki başmağı görəndə dost olan uşaqların oraya düşdüyünü biliblər.

İçi su, mazut və məişət tullantılarıyla dolu olan bu quyunun dərinliyi təxminən 45-50 metr, diametri isə 2,5 metrdir. Həmin ərazi Dövlət Neft Şirkətinə məxsusdur. Yerli sakinlər hadisənin baş verdiyi quyunun, eləcə də ətrafdakı başqa quyuların üstünün bağlı olmamasından narazılıq edir və bunların təhlükə mənbəyi olduğunu bildirirlər.

Ana səhifəSosialUşaqların quyuya düşməsi ilə bağlı cinayət işi başlanıb