İki azyaşlının meyiti SOCAR-ın quyusundan tapılıb

Mənbə: “Qafqazinfo”

Yerli sakinlər ətrafdakı başqa quyuların da üstünün bağlı olmamasından narazılıq edir

Paytaxtın Sabunçu rayonu ərazisində – Maştağa qəsəbəsində hər ikisi 2013-cü il təvəllüdlü olan 2 uşaq – Ağa Taleh oğlu Rəhimov və Hüseyn Mətləb oğlu Qasımov quyuya düşüb. Yaxınları və qonşular xeyli axtarandan sonra quyuda olan çirkab suyun üstündəki başmağı görəndə dost olan uşaqların oraya düşdüyünü biliblər.

Uşaqların ərazidə oynayarkən quyuya yıxıldığı ehtimal edilir.

İçi su, mazut və məişət tullantılarıyla dolu olan bu quyunun dərinliyi təxminən 45-50 metr, diametri isə 2,5 metrdir. Həmin ərazi Dövlət Neft Şirkətinə məxsusdur. Yerli sakinlər hadisənin baş verdiyi quyunun, eləcə də ətrafdakı başqa quyuların üstünün bağlı olmamasından narazılıq edir və bunların təhlükə mənbəyi olduğunu bildirirlər.

Azyaşlıların meyitini Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilər xüsusi vasitələrlə çıxarıblar.

Sabunçu Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, uşaqların ölümüylə bağlı prokurorluqda araşdırma aparılır.

“Mayın 17-də saat 19 radələrində quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib, digər zəruri hərəkətlər aparılıb. Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir”, – prokurorluqdan bildirilib.

Həyatını itirən Hüseyn Qasımovun qohumu Vaqif Rüstəmov “Abzas Media”-ya deyib ki, hadisə SOCAR-ın ərazisində baş verib. O bildirib ki, evlərin yaxınlığına park yoxdur deyə uşaqlar məcbur qalıb orada oynayırlar.

“Uşaq həyətdə oynayırmış, nənəsi deyib,” gedək bibingilə”, uşaq da getməyib ki, oynayıram. Nənəsi gedəndən sonra, uşaq dostu ilə orada oynayıb və hadisə olub. Quyu açıq sahədə, köhnədən olan quyudur. Ərazi SOCAR-ın ərazisidir. Orda başqa quyular da var ki, üstü açıqdır. Dərin quyulardır, istifadə olunmur, təhlükəlidir. Bunu bağlamaq lazımdır.  Bizim tərəfdə uşaqların oynaması üçün normal yer yoxdur. Ayda bir dəfə Maştağanın içindəki parka aparırıq, amma bizim evlərin yanında parkımız yoxdur”.

Ana səhifəSosialİki azyaşlının meyiti SOCAR-ın quyusundan tapılıb