Uşaqlar arasında müxtəlif virus xəstəliklərinin yayıldığı bildirilir

Source: Meydan TV

Qızılca, Hepatit A kimi xəstəliklərin artdığı müşahdə edilir

Azərbaycanda son bir aydır uşaqlar arasında qızılca, Hepatit A, bir çoxunun “svinka” kimi tanıdığı epidemik parotit, eləcə də qrip əlamətlərinə bənzər müxtəlif virus xəstəliklərinin yayıldığı bildirilir.

Rəsmi məlumatlara əsasən, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bir ayda qızılca simptomları ilə 70-ə yaxın müraciət daxil olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında bir neçə tələbənin qızılcaya yoluxduğu bildirilir.

Kürdəmir rayonu Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Qəribli isə bir neçə gün əvvəl vəfat edib, ona qızılca diaqnozu qoyulub.

Mingəçevirdə məktəblilər arasında həm qızılca, həm də Hepatit A virusu yayılıb. Bakıda da virusa yoluxanların sayının son bir neçə gündə artdığı bildirilir.

Adının çəkilməsini istəməyən həkimlərdən biri Meydan TV-yə deyib ki, bütün poliklinikalara uşaqların məcburi müayinə və peyvəndə cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Poliklinikalarda peyvəndlənmə səviyyəsi ilə bağlı yoxlamalara başlanılıb.

“İndiyə qədər qızılcaya yoluxma tək-tək hallarda qeydə alınırdı. Hazırda isə kütləvi yoluxmalar var”,-həkim deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının pik dövrlərində karantin elan olunduğundan insanlar arasında təmas azalıb, digər viruslara yoluxmalar da minimuma enib.

Pandemiya dövründə, eləcə də ondan sonra uşaqlar arasında digər xəstəliklərə qarşı peyvəndlənmə aşağı səviyyəyə düşüb. Bir tərəfdən də koronavirus səbəbindən immunitet zəiflədiyindən hazırda müxtəlif xəstəliklər yayılır:

“Valideynləri inandırmaq üçün az qala saatlarla izah edirik, koronavirusdan sonra peyvəndlə bağlı mənfi məlumatlar səbəbindən əksəriyyət peyvəndlərə etibar etmir. Bundan bəzi həkimlərin və mətbuatın da rolu var”.

Həkim onu da qeyd edib ki, Hepatit A-ya qarşı poliklinikalarda vaksin yoxdur. Baxmayaraq ki, vaksin üçün çağırışlar edilir.

Pediatr Aytən İsmayılova da uşaqlar arasında yayılmış xəstəliklərlə bağlı paylaşım edib. Həkim bildirib ki, bir gündə iki uşaq qulaqdibi nahiyənin şişməsi və ağrılı olması şikayəti ilə müraciət edib. Elmi adı “epidemik parotit” olan bu xəstəlik zamanı qulaqla çənə arasında olan nahiyədə bərklik yaranır, ağzı açanda ağrılı olur. Getdikcə şişlik yayılır, yumşaq olur, hərarət elə yüksək olmur. Ümumi halsızlıq və intoksikasiya əlamətləri az olur. Mədəaltı vəz, yumurtalıqlar da zədələnə bilir. Uşağın ümumi vəziyyətinə fikir verməli, dəyişikliklər haqda həkimə məlumat verilməlidir:

“Yerli kompress etmək lazım deyil. Virus xəstəliklərində olduğu kimi ümumi müalicə yetərlidir. Hazırda qızılca virusu, hətta Hepatit A virusunun da yayıldığını nəzərə alsaq, miks – yəni qarışıq infeksiyalar təhlükəsi var. Uşaqları peyvəndsiz olanlar, ya da ikinci doza MMR peyvəndi qalanlar indi etdirir. MMR peyvəndi içində isə həm qızılca, məxmərək, həm də epidemik parotit əleyhinə peyvənd olduğu üçün yeni peyvənd olunmuşlar ilk 21 gün ərzində parotitin yüngül əlamətlərini yaşaya bilər”.

Həkim yazıb ki, epidemik parotit peyvəndi qızılca ilə birgə bir və 6 yaşında edilir. Yalnız bir doza peyvənd alan uşaqların da yoluxma və xəstəliyi keçirmə ehtimalı var.

TƏBİB-dən isə bildirilib ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları ÜST tərəfindən proqnozlaşdırılıb. Hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir.

TƏBİB deyir ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmayanlardır.

Parotit virusuna gəldikdə, TƏBİB-dən bildirilib ki, hazırda sözügedən virusa nadir hallarda yoluxma müşahidə edilir. Parotit virus mənşəli infeksion xəstəlikdir və əsasən uşaq yaşlarında müşahidə edilir. Qurumun məlumatında bildirlir ki, hazırda ölkədə tək-tək yoluxma və nadir hallarda stasionar müalicə üçün müraciət halları qeydə alınır.

Bu xəstəlikdən yeganə spesifik qorunma üsulu peyvəndlənməkdir. Uşaqlar arasında 12 aylığında və 6 yaşında 2 doza şəklində qəbul edilən peyvəndlə bu xəstəlikdən qorunmaq mümkündür.

Ana səhifəSağlıqUşaqlar arasında müxtəlif virus xəstəliklərinin yayıldığı bildirilir