Fərəh Əliyeva

Mənbə: google.az

Başlıq: Fərəh Əliyeva

Universitet müəllimi: Fərəh Əliyeva məni aldadıb işdən çıxardı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi prezidentə şikayət ünvanlayıb

“Məni 30 il çalışdığım universitetdə aldadıb, işdən çıxardılar. Dedilər, “Çıx, sonra səni işə bərpa edəcəyik”, - etmədilər”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Məleykə Alıoğlu belə deyir. Bildirir ki, artıq 1 il yarımdan çoxdur ki, işsizdir və bu işsizlik ona çox pis təsir edir:

“Auditoriyaya, tələbələrə, işləməyə öyrəşmiş adamam. Təsəvvür edirsiniz bu vəziyyət mənim üçün nə qədər çətindir? 1991-ci ildən orada çalışırdım. Elə həmin universiteti qırmızı diplomla bitirmişdim. Ora mənim üçün çox doğma idi. Laborantlıqdan dosentliyə qədər gəlmişdim. Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Akademiyanın teatr sənəti bölümünün aspiranturasını bitirmişəm. Hazırda İncəsənət Universitetinin doktorantıyam. Nə deyim, bütün bunlara baxmayaraq, gözlərini belə qırpmadan məni işdən çıxardılar. Özü də amansızlıqla”.

Məleykə Alıoğlu deyir ki, 2017-ci ilin noyabrında səhhətində problem yaranıb. İki həftə ard-arda bülletenə çıxıb. Sonra görüb ki, vəziyyəti yaxşılaşmır. Bu zaman rektora müraciət edib ki, ona əlavə 1 ay da izin versin:

“O şəkildə, xəstə halımla auditoriyaya girmək istəmədim, çünki təzyiqim çox yuxarı olurdu. Bülletendən sonra keçmiş rektor Fərəh Əliyevanın yanına getdim. Ondan öz hesabıma izin istədim. Dedim, heç olmasa, bir ay izin verin. İcazə vermədi, dedi ki, dekabrda sənin yenidən 5 illik seçkin olacaq. Biz müəllimlər hər 5 ildənbir öz yerimizə yenidən seçilirik. “Qal seçkidə iştirak et, sonra 3-4 ay da işlə mən sənə istədiyin qədər məzuniyyət verəcəyəm” - dedi. Dedim, gözləyə bilmərəm, çünki bu halla auditoryaya girməyi özümə sığışdırmıram. Universitetə belə zülmlə gəlib çıxmışam. Mən ərizə ilə müraciət etdim. Yenə dedi ki, yox e, heç cür izin verə bilmərəm”.

Məleykə Alıoğlu deyir ki, rektor onun ərizəsini geri qaytarıb, izin verməyib:

“ Dedi, xətrini çox istəyirəm, yaxşı müəlliməsən və s. Dedim, başqa nə kimi variant var. Dedi ki, ərizə yazıb, öz ərizənlə işdən gedə bilərsən. Sentyabda dönərsən, mən çalışaram səni işə yenidən götürüm. İlk başda təklifinin arxasında hansı niyyətin yatdığını anlamadım. Dedim, bir neçə gün vaxt verin düşünüm, görüm hansı qərarı qəbul edirəm. Mən onun yanından ayrılandan 3 gün keçməmiş, o, mənim seçkimlə bağlı qəzetdə elan verib. Seçki ilə bağlı adətən, qəzetdə elan verilir. Bu elanın da müddəti 1 aydır. Mən 19-da yanında olmuşam. O isə 23-də elanı verib. Bunun da üstündən bir həftə keçməmiş mənim 5 illiyimin tamam olması ilə bağlı əmrimi verib, işdən azad edib. Bütün bunlardan mənim xəbərim olmayıb”.

Məleykə Alıoğlu deyir, o, sonradan öyrənib ki, sən demə onun əvvəlki 5 illik müqaviləsi ilə bağlı seçki elanı noyabrın 1-də dərc olunub. Noyabrın sonuncu günü isə yenidən 5 illik seçilməsi ilə bağlı əmri verilib:

“Bunu biləndən sonra mən təkrar Fərəh xanımın yanına gəldim. Bu zaman hələ ikinci semestr başlamamışdı. Dedim, elanı gecikdirə, evimə məlumat verə bilərdiz. Heç birini etməmiş, məni işdən azad etmisiz. Dedi: “mən o müəllimin seçkisini gecikdirirəm ki, ondan qurtulmaq üçün bəhanə gəzirəm, vaxtı uzadıram ki, bir nöqsanını tapım, ordan vurum onu. Amma sizi mən çox istəyirəm, yaxşı müəlliməsiz. Ona görə də seçkinizi vaxtında keçirmişəm””.

Məleykə Alıoğlu imtahanlardan sonra da Fərəh Əliyevanın yanına gedib. Ondan xahiş edib ki, işinə bərpa etsin. Ancaq “İş saatları bölünüb, get, sentyabrda gələrsən”, - cavabını alıb.

Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Mənbə: google.az

“Sonra Fərəh xanım başqa vəzifəyə getdi. Sentyabrda onun rəfiqəsi Ceyran xanım rektor seçildi. Məni kimsə çağırmadı. Depressiyaya düşdüm, səhhətim daha da pisləşdi. Mən bu müddət ərzində Fərəh xanıma dəfələrlə məktubla müraciət etmişəm, cavab verməyib. Sonra qəbulunda da oldum. Dedi, get, yeni rektor səni yerləşdirsin. Gedəndə isə yenə “dərs saatımız yoxdur, sentyabrı gözlə”, - cavabını aldım. Növbəti sentyabrı da gözlədim. Sentyabrda getdim Ceyran xanımın qəbuluna. Yenə dedi ki, dərs saatımız yoxdur: “Müəllimləri işdən çıxarıb, səni onların yerinə işə təyin edə bilmərəm”. Beləcə, mənim 30 ilə yaxın iş kariyeram 2 qadın tərəfindən məhv edildi”.

Məleykə Alıoğlu başına gələnləri haqsızlıq və aldadılma hesab edir. Buna görə Preziden İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət edir. Xahiş edir ki, onun pozulan hüquqlarının bərpası üçün göstəriş versinlər:

“Axırıncı dəfə Fərəh xanımın telefonuna yazdım ki, niyə məni aldatdız, zamanı uzatdız, sonda işsiz qaldım. Bu pisliyi mənə nədən etdiniz? Bir universitetin bu qədər təcrübəli müəlliminə belə sayğısız davrandınız. Kaş başdan söyləsəydiniz ki, səni mədənicəsinə işdən çıxarıram əslində. Məni blokladı. Bu yaxınlarda isə yenidən Ceyran xanımın yanında getdim. Dedim, haqqımı sonacan tələb edəcəyəm, aldadılamışam. O da dedi ki, get nə istəyirsən elə. Görün sizin universitetlərə yerləşdirdiyiniz kadrlarınız insanlarla necə davranırlar. Xahiş edirəm, bu özbaşınalıqlara “dur” deyin. Səsimi eşidin”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxlayıb. Universitetdən bildirilib ki, Məleykə Alıoğlunun problemi və şikayəti keçmiş rektorla bağlıdır. Onların bu barədə açıqlama vermək səlahiyyətləri yoxdur:

“Onun işdən çıxarılması ilə bağlı əmr var. Görünür, bu illər ərzində yerinə başqa müəllim təyin edilib. İndi ona görə başqa müəllimləri işdən çıxarmaq və ya onların dərs saatlarını kəsmək də düzgün olmazdı”.

Hazırda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri olan Fərəh Əliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb. Universitetdən onun əlaqə nömrələrinin onlarda olmadığını söyləyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k40egt

Ən çox baxılan