“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) süni intellekt vasitəsilə səsi yayıldığına görə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında təhdid olunur.
Bu barədə jurnalist Ülviyyə Əli yaxınlarına məlumat verib.
O bildirib ki, sosial mediada süni intellekt vasitəsilə səsinin yayılmasından sonra təcridxana rəisi tərəfindən ailəsinin həbs edilməsi ilə təhdid olunur.
“Dünən rəislə görüşdüm, dedi məsələ burasındadır ki, biz bilirik, telefona qulaq asan bilir ki, süni intellektdir. Amma elə insanlar var ki, bunu başa düşmürlər. Məndən soruşdular ki, bu videoları nişanlın hazırlayır? Cavab verdim ki, mən o qədər ağılsız deyiləm ki, ölkədə olan adama səhifə idarə etdirim”, – deyə Ülviyyə Əli yaxınlarına bildirib.
Ülviyyə Əli deyib ki, rəis bu gün təkrar onunla görüşüb və bir daha paylaşımları nişanlısının etdiyini iddia edib. Jurnalistin sözlərinə görə, təcridxana rəisi onu həm də nişanlısının həbs edilməsi ilə təhdid edib.
“Rəis bu gün gəldi dedi ki, nişanlın edir bu səsləri. Ona de, səsləri yığışdırsın, bir də gördün özünü tutub gətirdilər bura”, – deyə jurnalist məlumat verib.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumilikdə, “Meydan TV işi” üzrə 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər 12 nəfər həbs olunub.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.