Ukrayna Baş Prokurorluğu rusiyalı jurnalisti axtarışa verib

Ukrayna Baş Prokurorluğu. Foto: shad0ff/shutterstock

Tina Kandelakiyə “ölkənin ərazi bütövlüyünü pozmağa çağırışlar” ittihamı irəli sürülüb

Ukrayna Baş Prokurorluğu əslən gürcü olan rusiyalı jurnalist Tina Kandelakini beynəlxalq axtarışa verib.

Bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova “Facebook”da yazıb.

O, Tina Kandelakini Kreml hərbi maşınının ideya və şüarlarının əsas paylayıcısı adlandırıb.
Onun sözlərinə görə, prokurorlar jurnalistin “Telegram” kanalını təhlil edərkən belə qənaətə gəliblər.

Baş prokuror jurnalistə qarşı “ölkənin ərazi bütövlüyünü pozmağa çağırışlar” ittihamını irəli sürüb.

Bildirib ki, yaxın vaxtlarda Ukrayna hakimiyyəti Kandelakini beynəlxalq axtarışa verəcək.

Tina Kandelaki “Telagram” kanalında Ukrayna Baş Prokurorluğunun ona qarşı irəli sürdüyü ittihamların yalan olduğunu yazıb.

Tina Kandelaki. Foto: magicinfoto/shutterstock

O, konfliktlər fonunda yalan məlumatların çox olduğunu qeyd edib.

“Barəmdə yalan dosye hazırlayan prokurorlar səriştəsizliyə görə dərhal işdən qovulmalıdır”, – Tina yazıb.
Daha öncə Ukrayna məhkəməsi rusiyalı sənətçilər – rejissor Nikita Mixalkov və müğənni Oleq Qazmanovla bağlı həbs qərarı verib.

Buna səbəb sənətçilərin Krımın ilhaqını dəstəkləməsi və ölkənin şərqindəki tanınmamış respublikaları qoruyan silahlı üsyançıları müdafiə etməsi olub.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata göstəriş verib.
O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyasıdır.

Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib

Ana səhifəMədəniyyətUkrayna Baş Prokurorluğu rusiyalı jurnalisti axtarışa verib