Ukrayna məhkəməsi iki rusiyalı  sənətçiyə həbs qərarı çıxarıb

Ukrayna məhkəməsi. Foto: Novikov Aleksey/shutterstock

Mixalkov qiyabi həbs edilib, Qazmanov beynəlxalq axtarışa verilib

Ukrayna məhkəməsi rusiyalı sənətçilər – rejissor Nikita Mixalkov və müğənni Oleq Qazmanovla bağlı həbs qərarı verib.

Baş prokuror İrina Venediktova “Facebook” səhifəsində rejissorun qiyabi həbs edildiyini yazıb.

Oleq Qazmanovun isə beynəlxalq axtarışa verildiyini bildirib.

Qeyd edib ki, Nikita Mixalkov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini bilərəkdən inkar etdiyi üçün haqqında həbs qərarı verilib.

“Siz Rusiya Federasiyasının birinci şəxsləri ilə yaxın münasibətdəsiniz və müharibəni bu qədər canfəşanlıqla dəstəklədiyiniz, təbliğ etməyiniz də məhz buna görədir. Hər halda, biz Ukraynada bunu belə görürük”, – Baş prokuror bildirib.

O əlavə edib ki, hazırda axtarışa verilən Nikita Mixalkov istənilən dövlətin sərhədini keçərkən saxlanılacaq.

İrina Venediktova Oleq Qazmanova xitabən yazıb ki, Ukrayna məhkəməsi Baş prokurorluğun vəsatətini təmin edib, müğənni haqqında da həbs-qətimkan qərarı verib.

“Bilirik ki, siz Ukrayna məhkəməsinə könüllü gəlməyəcəksiniz, qastrol səfərləriniz də çətin baş tutsun. Bu səbəbdən sizin beynəlxalq axtarışa verilməyinizlə bağlı prosedura başlamağa məcburuq. Təbii ki, xarici qastrol səfərləri yaradıcılıq həyatının bir hissəsidir, amma təəssüf ki, bunu nəzərə ala bilmərik”, – Baş prokuror yazıb.

Rusiyalı rejissor Nikita Mixalkov Ukrayna məhkəməsi tərəfindən qiyabi həbs olunması ilə bağlı qərarı absurd hesab edib.

“Belə bir qərarı 1939-cu ildə nasist Almaniyasının Baş prokuroru Ernst Lautz imzalaya bilərdi”, – 76 yaşlı rejissor deyib.

Nikita Mixalkov 2018-ci ilin əvvəlindən Ukrayna Mədəniyyət Nazirliyinin qara siyahısındadır.

Siyahıda Oleq Qazmanov, Nikolay Rastorquev, Stas Pyexa, Qriqoriy Leps, Valeriya və onun həyat yoldaşı, prodüser İosif Priqojin, aktyorlar Sergey Bezrukov, Mixail Boyarski, İvan Oxlobıstin, Mixail Poreçenkov, Jerar Depardye də var.
Rusiyalı sənətçilərin qara siyahıya düşməyinin əsas səbəbi isə Krımın ilhaqını dəstəkləməsi və ölkənin şərqindəki tanınmamış respublikaları qoruyan silahlı üsyançıları müdafiə etməsi olub.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata görstəriş verib.

O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil.

Məqsəd ölkənin demilitarizasiyasıdır.

Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ana səhifəMədəniyyətUkrayna məhkəməsi iki rusiyalı  sənətçiyə həbs qərarı çıxarıb