Üfunət və ümid

Yazar: Rüzgar Mövsüm

Foto: Meydan TV

Yazıçı Zümrüd Yağmurun qızı Sənayın xalası oğlu tərəfindən təcavüzə məruz qalması xəbərini oxuyanda sosial şəbəkələrdə buna sağlam reaksiya olmayacağını təxmin edirdim. Çünki hakimiyyətin ölkəni qanunlara deyil, xarab məhsullar kimi köhnəlmiş mental dəyərlərlə idarə etmək siyasətinə bələdəm. Amma adına ziyalı, hüquqşünas, şair və yazıçı, rəssam, müasir adam dediyimiz adamlardan, ölkəyə demokratiya və insan haqları gətirmək üçün mübarizə apardığını deyən və nəhayət, özünü müxalif adlandıran kəslərdən az da olsa, ümidli idim. Yenə olmadı. Cəmiyyətin ancaq kiçik bir hissəsinin normal reaksiyası istisna, bu hökumət kimi əksər insanlardan da sağlam düşüncə gözləmək sadəlövhlük imiş. Sosial şəbəkələrdə bir qrup adekvat düşüncəli, işıqlı, aydın adamların belə hadisələrə sağlam münasibəti sizi çaşdırmasın. Onlar, təəssüf ki, azlıqdır. Durumu anlamaq üçün hazırkı hakimiyyətin layihəsi əsasında formalaşmış və öz adını belə yaza bilməyən həyasız kəslərin bu cür xəbərlərin altında çıxartdığı oyunlara nəzər salın…

Kosmosa uçan raketlər təyin olunmuş məsafələr arasında artıq lazım olmayan hissələrini fəzada buraxaraq yollarına davam edirlər. Raketdən ayrılmış fraqmentlərin trayektoriyası öncədən hesablanır, mütəxəssislər onların axtarışına başlayırlar. Daha sonra həmin raket hissələrinin tapıldığı ərazilər təmizlənir. Mən mütərəqqi cəmiyyətləri məhz belə raketlərə bənzədirəm. Çünki inkişaf etmiş cəmiyyətlər onlara uzun illər aşılanmış adətləri, münasibət qayda və mexanizmlərini vaxtaşırı təftiş edirlər. Sonra zamanın tələblərinə cavab verən həyat şəraiti və yeni qanunlara uyğun olaraq, səmada öz hissələrini atan raketlər kimi köhnə, artıq lazım olmayan hissələrdən, yararsız adət-ənənələrdən qurtulur, onları yolda atır və irəliyə, ənginliklərə yüksəlirlər. Bir qayda kimi, milli-mənəvi dəyərləri, adətləri saf-çürük eləyə bilən azad xalqlar həm də ölkələrindəki qanun yazanları da, qanunları da sorğu-suala çəkən, ölkənin siyasi idarəçiliyində aktiv iştirak edən, ölkə rəhbərliyini özləri seçən xalqlardır.

Bizim kimi qeyri-mütərəqqi, retroqressiv, azad olmayan cəmiyyətlərdə isə durum fərqlidir. Əksəriyyət yeni həyat şəraitinə uyğunlaşmaqdan çəkinərək milli-mənəvi dəyərlərin köhnəlib-köhnəlmədiyini yoxlamır, xəstə adətləri müayinə etmir. Qanun yazanlar da, qanunlar da təftiş olunmayacaq qədər əlçatmaz olur. Xəstələnmiş və müalicə olunmamış münasibətlər mexanizmi, müasir həyatla ayaqlaşmayan axsaq adət-ənənələr, işləməyən qanunlar göyə uçan raketin vaxtında qurtulmadığı hissələrə bənzəyirlər. Bu lazımsız hissələrlə yaşayan cəmiyyətlər yüksələn raketlərdən fərqli olaraq, kiçilirlər, alçalırlar, irəliyə deyil, geriyə, ənginliklərə doğru yox, uçuruma doğru gedirlər. Bizim cəmiyyət də məhz belədir. Bunun sırf belə olması üçün isə ölkədə bütün azadlıqlar siyasi rejim tərəfindən boğulur. Uzaqbaşı, elə hökumətin təşkilatçılığı ilə ancaq icazəli mövzular bezmiş camaatın qazını buraxmaq məqsədilə sosial şəbəkələrdə gündəm olur. Azadlıqsız isə proqres olmur və cəmiyyət degenerasiya mərhələsinə keçir…

Örnəyi, dişlərin fırçalanmadığı təqdirdə, onların xarab olacağını dərk edən adamlar bunun qarşısını almaq üçün əllərində diş fırçası güzgünün önünə keçirlər. Siyasi rejim isə həmin adamların fırça tutan əlini kəsir. Adamlar üstündə diş pastası olan fırçanı bu dəfə salamat olan o biri əlinə keçirirlər ki, dişlərini yusunlar. Bu dəfə o biri əllləri də kəsilir. Belə-belə, bu oyun dişini yumaq istəyən müxtəlif adamların başına açılır ki, başqaları da diş yumaqdan vaz keçsinlər. Sonra da insanlara rejimin öz layihəsi olan sosial şəbəkə dırnaqarası fenomenləri, hakimiyyətə trolluq edən şair və yazıçılar tərəfindən təlqin olunur ki, bu diş yumaq ümumiyyətlə çox pis şeydir, bizim milli-mənəvi dəyərlərimizə ziddir. Onlar da əsasən ölkədə normal təhsilin, azadlığın olmaması, siyasi təzyiq və həbslərin mövcudluğu səbəbindən bunu yarı dərk etmiş, yarı da anlamamış vəziyyətdə qəbul edirlər. Nəticədə isə dişlərini illərlə yumayan adamların ağzından gələn pis iyə görə onların yanında bir an belə dayanmaq olmur. Bir müddət sonra isə onların dişləri xarab olur, çürüyür, tökülür. Qidanı normal çeynəyə bilmədiklərinə görə mədələri də xəstələnir, üzləri də deformasiyaya uğrayır, qırışır. Vaxtından tez qocalırlar. Bu, bizim cəmiyyətin özüdür – dişləri çürümüş, mədəsi xəstə, üzü qırış-qırış, vaxtından tez qocalmış. Ağzından gələn iyə isə ancaq bir ad vermək olar: üfunət!

Bu cəmiyyət və Azərbaycanda sağlam deyə biləcəyimiz nə varsa, ancaq və ancaq əllərinin rejim tərəfindən kəsilməsindən qorxmayaraq, dişlərini yuyan, ən azından yumaq cəhdinə davam eləyənlərin sayəsində tam məhv olmur. Məhz onların sayəsində sabaha az da olsa, ümid var.

Bu ümid yaşadıqca, biz qazilərin dərmansızlıq və müalicəsizlikdən intiharı, şəhid ailələrinin problemlərin içində batması, xəstələrin normal müalicə olunmaması və dərmana pul tapmaması, siyasi təzyiq, həbs və siyasi qətllərin olması, keyfiyyətsiz bina üzlüyünə görə yanan binada 3 yaşı hələ tamam olmamış balaca Fərəhin, məsuliyyətsizlik qurbanı məktəbli Elina Hacıyevanın, ailədə gördüyü zorakılıq və təzyiqlərdən intihar həddinə çatdırılmış 20 yaşlı Sevil Atakişiyevanın ölümü, 10 yaşlı Nərmin Quliyevanın yandırılması, Sevinc Məhərrəmovanın uşaqlarının gözü önündə əri tərəfindən boğazı kəsilərək öldürülməsi, Aytən Niftəliyevanın əri tərəfindən dəfələrlə döyüldüyünə görə cana gəlib körpəsi ilə birlikdə özünü damdan ataraq intihar eləməsi, Xanım Məmmədovanın polis əri tərəfindən illərlə zorakılığa məruz qalmasından polisə şikayət eləyən zaman polis bölməsində elə öz polis əri tərəfindən də güllə ilə öldürülməsi, Sənay Yağmurun öz xalası oğlu tərəfindən zorlanması, İmişli sakini 11 yaşlı qızcığazın atalığı tərəfindən seksual zorakılığa məruz qalması və ən nəhayət, bütün bu cinayətlərin timsalında Azərbaycanda baş vermiş və baş verməkdə olan bu kimi bütün faciəvi cinayətlər və onların bizim korrupsiyada batmış hüquq mühafizə orqanarı tərəfindən doğru-dürüst araşdırılmaması ilə barışmayacağıq.

Biz bu ümidlə vaxtından tez qocalmış cəmiyyətimizin dişlərini düzəldib, onları vaxtı vaxtında fırçalamalıyıq. Bu ümidlə üfunətdən, artıq bizə lazım olmayan hissələrimizdən – köhnə adətlərdən, cəhalətdən qurtulub, qanun yazanları da, qanunları da təftiş etməliyik. Bu ümid bizi ucaldacaq, ənginliklərə, inkişafa, tərəqqiyə, xoşbəxtliyə doğru yüksəldəcək.

Bu ümidi ölməyə qoymayaq!

Ana səhifəMənim FikrimcəÜfunət və ümid