“ÜDM artımı ölkə vətəndaşına təsir etmirsə, deməli, idarəetmədə problem var”

Foto: Meydan TV

Dünya bazarında neftin, qazın qiymətinin yüksəlməsi ÜDM-in artmasına səbəb olub

İlin ilk 3 ayında Azərbaycanda 39554,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Bunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox olduğu bildirilir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda belə deyilir.
Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb.

DSK əlavə edir ki, ÜDM istehsalının 54,8 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

Komitə bildirir ki, dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olub.

2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Onun vurğulamasına görə, birinci rübdə ümumi daxili məhsul (ÜDM) 6,8 faiz artıb.

“Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb” – İlham Əliyev deyib.

Ölkə başçısının bildirməsinə görə, xarici ticarətin balansı da çox müsbətdir. Müsbət saldo – cəmi üç ayda 5 milyard dollardan çoxdur:

“Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac”.

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, yanvar-aprel aylarında Azərbaycanda ÜDM-nin 7,2 faiz artması ilk baxışdan çox yaxşı göstəricidir. Səbəblərini araşdıranda isə görürsən ki, bu, yenə neft-qaza görə baş verib:

Natiq Cəfərli
Foto: Meydan.TV

“Neftin, qazın qiyməti dünyada kəskin bahalaşıb deyə, ölkəmizin makroiqtisadi göstəriciləri də yaxşılaşıb. Dünyada iqtisadiyyatla məşğul olan alimlərin bir çoxu tək ÜDM artımını ciddi makroiqtisadi göstərici kimi qəbul etmirlər, əsas məsələ ölkənin yaratdığı əlavə dəyərin adil bölüşdürülməsidir. Yəni, ÜDM artımı ölkədə vətəndaşların sosial vəziyyətinə müsbət təsir etməlidir, yox, etmirsə, deməli, iqtisadi və idarəetmə sistemində ciddi problemlər var”.

İqtisadçı bildirir ki, bu ilin əvvəlinə olan rəsmi məlumatlara görə, orta aylıq maaş Azərbaycanda 475 dollar, Gürcüstanda 488 dollar, Ermənistanda isə 521 dollar təşkil edib. Bu ilin mart ayının sonuna rəsmi inflyasiya isə Azərbaycanda 12,2, Gürcüstanda 11,8, Ermənistanda isə 7,4 faiz olub:

“Bizdə həm orta aylıq maaş azdır, həm də inflyasiya yüksəkdir. Bu isə o deməkdir ki, yüksək inflyasiya manatın alıcılıq qabiliyyətini sürətlə aşağı düşürür. Yəni, ÜDM-in artım tempinin ölkə vətəndaşına pozitiv təsiri minimumdur, bunun səbəbi isə iqtisadiyyatda deyil, səbəb qeyri-effektiv idarəetmə sistemində, sosial siyasətin düzgün dizayn edilməməsindədir”.

Bir il əvvələ baxanda, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq ÜDM istehsal edilib.
Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox olub.

Ana səhifəİqtisadiyyat“ÜDM artımı ölkə vətəndaşına təsir etmirsə, deməli, idarəetmədə problem var”