Ucar sakini: İmkansızlıqdan uşağı məktəbdən çıxarmaq istəyirik

Əgər həqiqətəndə ağır aztəminatlı ailədirlərsə, o zaman fonda müraciət etməlidirlər

Source: meydan tv


''Şəkərdən gözlərim tutulub, yoldaşım isə yataq xəstəsidir''

“Yoldaşım son iki ildə çox ağır xəstəliyə tutulub. Həkimlər də çarəsini bilmirlər. Müalicələrə, dərmanlara görə nəyimiz vardısa, satdıq. Yenə sağalmadı. Yaşımız altmışı keçib, pensiya düşmür, bir yerdən də bir qəpik gəlirimiz yoxdur. Yaşayış şəraitimiz bərbad gündədir, nə edəcəyimizi bilmirik”.

Ucar rayonunun Qazyan kəndinin sakini, 63 yaşlı Abul Rəhimov belə deyir.

Bildirir ki, əslində indiyə qədər çoxdan pensiya almalı idi. Sadəcə pensiya yaşı artırıldığından ala bilməyib:

“Pensiya yaşı atlı, biz piyadayıq. Qaçır, çata bilmirik. İnsanların yaşayışını yaxşılaşdırmaq əvəzinə getdikcə daha da pisləşdirirlər. Yoldaşım yataq, mən şəkər, təzyiq xəstəsi, bir qəpik gəlirimiz də yox”.

Ailənin himayəsində azyaşlı övladları var, 7-ci sinifdə oxuyur. A.Rəhimov deyir ki, artıq geyimini, məktəb ləvazimatlarını ala bilmirlər. Belə getsə, məktəbdən çıxarmalı olacaqlar:

“Özüm də ağır xəstəyəm. Şəkərdən gözlərim tutulub. Ayaq barmağım qanqrena olub. Həyat yoldaşım da gördüyünüz kimi ağır yataq xəstəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə əlillik dərəcəsi təyinatından imtina edib. Sosial Fond isə ünvanlı sosial yardımı pulla düzəldir. Ya gərək pul verəsən, ya da yardımın bir neçə ayını onlara verməyə razı olasan. Heç birimiz də işləmirik. Kimə, hara müraciət edəcəyimizi bilmirik”.

image00001.jpeg
tibbi arayışlar

Abul Rəhimov deyir ki, xəstə xanımına baxmaq da çətindir. Onu bir yerdən digər yerə aparmaq, yatağında sağa-sola çevirmək lazım gəlir. Bütün bunları 7-ci sinifdə oxuyan qızı edir:

“Yoldaşım iki dəfə sirkə içmək istəyib. İntihara cəhd edib, uşaq qoymayıb. Nə etsin, qınamalı deyil. Ağır xəstədir və bizim nəinki onu müalicə etdirməyə, heç çörək almağa imkanımız yoxdur”.

Abul Rəhimovun həyat yoldaşı Naibə Rəhimovanın çəkisi xəstəlikdən öncə 80 kiloqram olub. İndi 40 kiloya düşdüyünü söyləyir:

“Aclıq, yoxsulluq içində yaşayırıq. Daha dözə bilmirəm, xəstəliklər hər şeyimizi əlimizdən aldı. Zaman gəldi, qızıllarımı, hətta evimizin əşyalarını satdıq. Məni 2 il bundan öncə görən indi tanımır. Bakıdakı xəstəxanalardan tutmuş, İrana qədər, gəzmədiyim yer qalmayıb. Axırda dedilər ki, sinir vurub əzələni zəiflədib. Bir də görürsən ürəyim tutur, o dəqiqə çölə çıxarmasalar özümdən gedirəm. Artıq əlim, ayağımla birgə dilim də tutmur. Getdikcə danışığımı itirdiyimi hiss edirəm. Mən üzümü dövlətə tutub soruşuram. Nə etməliyəm? Xəstəxanalar pul istəyir, dərmanlar pullu, sığorta yox, pensiyaya yaşım çatmır, gəlirim yox, ağır xəstəyəm, ölməliyəmmi?”, – Naibə Rəhimova sual edir.

image00002.jpeg
Nailə Rəhimova

N.Rəhimova əlavə edir ki, dərmanlarını borc-xərclə alır, içir. Heç onun da xeyri yoxdur:

“Heç yerim ağrımır, ancaq əlim, ayağım boşalır, yıxılıram. Əlimizə keçəni dərmana verdiyimizdən, işığa, qaza nə qədər borcumuz yığılıb. Qızımız 7-ci sinifdə oxuyur, əlaçıdır. Belə getsə, onun təhsilini davam etdirməsinə dəstək ola bilməyəcəyik. Həm də mənə baxır axı. Vəziyyətim də günü-gündən pisləşir. Gərək çıxarıb evdə oturdaq ki, həm də mənə baxsın”.

Abul Rəhimov deyir ki, kənd camaatı dolanmaqlarına kömək edir. Ancaq bunun nə zamanadək davam edəcəyini bilmir:

“Xəstəyə dəymək adı ilə gəlirlər, hərəsinin əlində bir zənbil. Biz bir ailə kimi məhv oluruq. Uşağımızı necə böyüdəcəyik, bilmirik. İkimiz də sağlamlığımızı itirmişik. Qohum-qardaşın gətirib nəsə verməsiylə dolanmaq olmur. Deyirəm, yəqin bizə də bir yiyə duran tapılar”.

image00003.jpeg
həkimlərin verdikləri sənədlər

Ucar Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ailə ünvanlı sosial yardım üçün Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsinə müraciət etməlidir:

“İcra hakimiyyəti yardım vermir. Əgər həqiqətəndə ağır aztəminatlı ailədirlərsə, o zaman fonda müraciət etməlidirlər”.

Dövlət Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsindən isə bildirilib ki, ailə onlara elektron qaydada müraciət etməlidir. Ünvanlı sosial yardım qarşılığında vətəndaşlardan pul almasına gəlincə, fondun əməkdaşı Mətanət Məmmədova deyib ki, onlar yardım üçün müraciət edən vətəndaşların üzünü görmürlər, hamı elektron qaydada müraciət edir:

“Bu, nazirliyin sistemidir. Hər hansı rüşvət alınmasından söhbət gedə bilməz. Kompüterlə müraciət edirlər, telefon nömrəsi qoyurlar. Elə telefona da cavab gəlir ki, yardım təyin olundu, ya yox. Vətəndaş maksimum bir həftə, on günə cavab alır. Sənədləri biz götürmürük, onlardan necə pul ala bilərik? Hər şey elektron sistemlə, telefonla həll edilir. Yardım təyin olunandan sonra kart da poçt vasitəsilə göndərilir. Yox, vətəndaş prosesi başa düşmürsə, o zaman gəlir, başa salır, kömək edirik. Ancaq özü müraciət edə bilən birinin üzünü də görmürük. Əgər həmin ailə müraciət qaydasını bilmirsə, gəlsin, bizdə təlimat var, onu başa salaq”.

Ailəyə əlillik dərəcəsi təyinatı ilə bağlı bir neçə gün ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

image00004.jpeg
həkim arayışları
Ana səhifəBölgəUcar sakini: İmkansızlıqdan uşağı məktəbdən çıxarmaq istəyirik