Son günlərdə Azərbaycanda həyət evlərinin qiymətində artım olduğu ilə bağlı bir sıra məlumatlar yayılır. Ekspertlər deyir ki, bahalaşmaya əsas səbəb kimi Türkiyədə fevral ayının 6-da baş verən zəlzələlər fonunda ölkədə fərdi evlərə tələbatın artması göstərilir.
“Yaxın vaxtlarda baş verən hadisələrdən sonra həyət evləri daha qabarıq önə çıxdı. Qiymətlərə gəldikdə isə 15-20 civarında ən yaxşı halda qiymətlərdə artım müşahidə olunur. Bu, istər sənədsiz olsun, istər çıxarışlı fərdi evlər olsun. Bunların hamısına ümumi şamil olunur. Minimum 5-10 min, maksimum 15-20 min civarında qiymətlər qalxıb. Bazarın saxlayan İpoteka fondu olduğu üçün düşünmürəm, fərdi evlərin qiyməti bina evlərinə təsir eləsin. Çünki hazırkı dövrdə satışlar çox yüksəkdir, yaxşıdır”, – əmlakçı Mülkədar Rüstəmov deyir.
Bakı sakinlərinin həyət evi almaqla bağlı fikirləri müxtəlifdir. Kimi həyət evində qalmağın daha təhlükəsiz olduğunu düşünür, kimi isə bu addıma gərək olmadığını deyir.
İqtisadçı Natiq Cəfərli 2000-ci ildə Bakıda baş verən zəlzələdən sonra da eyni halın yaşandığını xatırladır. Onun sözlərinə görə, bu vəziyyət uzun müddət davam etməyəcək.
Yaz aylarına qədər bu tendensiya davam edə bilər. Qiymətlərdə müəyyən artım var. Torpaq qiymətləri və həyət evlərinin qiymətlərində artım var. Amma bir müddətdən sonra bazar öz təbii axarına geri dönəcək. Yay aylarına yaxınlaşdıqca, əvvəlki qiymət alqoritmi, diapazonu geri dönə bilər.
Hökumətin ixtiyarı yoxdur buna müdaxilə etməyə. Bu sahədə dövlətin hansısa bir müdaxiləsinə ehtiyac da yoxdur. Dövlətin görə biləcəyi ondan ibarətdir ki, qeydiyyatla bağlı, sənədləşmə ilə bağlı prosedurları daha da asanlaşdırsın.
Əmlakçı Mülkədar Rüstəmov da artım tendesiyasının qısamüddətli olacağı qənaətindədir. Ancaq o bildirir ki, yaxın dönəmdə qiymətlər nəinki düşəcək, hətta bahalaşmanın əhatə dairəsi daha çox genişlənə bilər.
“Qiymət artımına gəldikdə, əsasən mərkəzə yaxın istiqamətlərdə qiymət artımı nəzərə alınır. Məsələn, Bakının bir sıra qəsəbələri var ki, orada cüzi qiymət artımı var. Məsələn, Abşeron rayonunu götürək, Masazır istiqaməti, Saray istiqaməti orada 5 min civarında qiymətdə artım görürük. Amma mərkəzə daha yaxın istiqamətlərdə, xüsusən mikrorayonda, Varovskidə, Badamdarda birinci və ikinci massivlərdə onlarda haradasa 10-15 min, 20 min civarında fərqlər var”.
Mərkəzi Bankın “2022-ci ilin yanvar – dekabr ayları üzrə pul siyasəti icmalı”nda göstərilib ki, mənzillərin qiymətində ötən illə müqayisədə 8 faizlik artım olub. Eksperlər bildirir ki, son dönəmlərdə mənzil və fərdi evlərin qiymətinin artmasına səbəb olan digər amillər isə tikinti bazarındakı bahalaşma, Rusiya-Ukrayna müharibəsindən sonra ölkəyə axışan miqrantlar və tikiniti sahəsinə tətbiq olunan yeni vergilərdir.