Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzərində razılıq əldə edilib (paraflanıb).
ABŞ ilə birgə imzalanan üçtərəfli bəyannamədə Naxçıvanla maneəsiz əlaqənin yaradılacağı, eyni zamanda, Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün qorunacağı təminatı verilib.
Beynəlxalq təşkilatlar, o cümlədən də Azərbaycanın müxalif partiyaları bu görüşü vacib sayır və sülh müqaviləsinin imzalanmasına yaxınlaşma kimi qiymətləndirir.
Heç kimə lazım olmayan bir kağız parçası
Siyasi şərhçi Rauf Mirqədirov isə Meydan TV-yə bildirir ki, sülh müqaviləsinin hüquqi qüvvəyə minməsi prosesi sual altındadır:

“İmzalanmış sazişin hüquqi baxımdan qüvvəyə minməsi – yəni ratifikasiyası üçün Ermənistanda referendum keçirilməli və Konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistanda isə referendumun 2027-ci ildə keçirilməsi gözlənilir. İki ilə də Ermənistanda hansı siyasi vəziyyətin olacağını və yaxud da üç aydan, 15-20 gündən sonra regionda əhval-ruhiyyənin necə olacağını dəqiq demək çox çətindir. Trampla və Putinin avqustun 15-dəki görüşü də xüsusilə nəzərə alınmalıdır”.
Rauf Mirqədirov nümunə üçün 2020-ci ildə baş verən 44 günlük müharibəni və daha sonra Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatı xatıladır:
“Həmin bəyanatda “Zəngəzur dəhlizi” adlandırdığımız yol da vardı və Rusiyanın nəzarəti altında olması nəzərdə tutulurdu. Bu gün həmin sənəd heç kimə lazım olmayan bir kağız parçasıdır və heç kim yadına salmır. İndi isə Trampın iştirakı ilə bəyannamə imzalayıblar. Adını da “Tramp yolu” qoyublar. Görürsünüz də, hadisələr necə sürətlə dəyişir”.
Bununla belə, siyasi şərhçi hesab edir ki, bəyannamənin imzalanması sülh sazişinin təməli hesab oluna bilər və nəqliyyat dəhlizi tək Azərbaycan üçün deyil, ümumilikdə region, Türkiyə, Orta Asiya, Çin və Avropa Birliyi üçün də böyük əhəmiyyət daşıya bilər:
“Dəhlizin xüsusən Ermənistan ərazisindən keçən hissəsinin təhlükəsizliyinin təmin edilməsi məsələsi çox önəmlidir. Burada yalnız Naxçıvana çıxışdan söhbət getmir, həm də Orta Dəhlizin genişləndirilməsi məsələsi gündəmə gəlir. Bu qərar, regionun gələcəyini, xüsusən də iqtisadi baxımdan dəyişdirə bilər. Çünki burada həm də neft və qaz kəmərləri mövzusu müzakirə edilir. Bu, eyni zamanda Birləşmiş Ştatların regionda təhlükəsizlik təmin etməsi ilə əlaqədardır. Amma Rusiya və İranın maraqlarına uyğun gəlmir”.
Türkiyə üçün “tarixi fürsət”
NATO, ATƏT və Avropa İttifaqı (Aİ) Vaşinqtonda imzalanan sülh sazişini alqışlayıb. NATO prosesin regional təhlükəsizlik üçün mühüm irəliləyiş olduğunu bildirərək, Ermənistan və Azərbaycanla əməkdaşlığını davam etdirəcəyini açıqlayıb. ATƏT isə hər iki ölkəni sülhün təmin edilməsi üçün daha da irəliləməyə çağırıb. Aİ, bu addımın dayanıqlı sülhə doğru mühüm bir yol açdığını və tərəflərin razılaşdırılmış addımları vaxtında həyata keçirməsini vurğulayıb. Eyni zamanda, Aİ, Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasını dəstəklədiyini bildirib.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də sülh prosesini dəstəkləyərək, insan haqları, demokratiya və qanunun aliliyinin vacibliyini qeyd edib.
Türkiyə razılaşmanı “tarixi fürsət” olaraq qiymətləndirib, regionda sülh və rifahın təmin olunmasının vacibliyini vurğulayıb. Lakin Rusiya və İran narahatlıqlarını ifadə edib. İran ABŞ-nin Ermənistanla sərhədyanı bölgədə mövcudluğunu region üçün təhdid olaraq qiymətləndirib. Rusiya da xarici müdaxilənin sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib.
Ermənistan üçün “birtərəfli güzəştlər”
Yerevanda isə hökumət və müxalifət arasında açıq fikir ayrılığı yaranıb. Ermənistan hökuməti razılaşmanı “tarixi qələbə” hesab edir, amma müxalifət onu qeyri-müəyyənliklər və risklərlə dolu, həmçinin Ermənistan üçün birtərəfli güzəştlər kimi qiymətləndirir.
Ermənistan Milli Məclisinin Xarici əlaqələr daimi komitəsinin sədri, hakim “Mülki Müqavilə” fraksiyasının üzvü Sargis Xandanyan “Tramp Marşrutu”nun iqtisadi tərəflərindən danışıb:
“Azərbaycan ərazisində investisiyalarla Azərbaycan özü məşğul olacaq, həm də orada artıq mövcud olan infrastruktur var. Ermənistan üçün isə investisiya yatırılmasına ehtiyac var. Ermənistanın bu ideyanı ABŞ-lə birlikdə inkişaf etdirməyə maraq göstərməsinin əsas səbəbi budur, yəni, Ermənistanın cənubundan keçəcək infrastruktur Amerika ilə və ABŞ investisiyaları hesabına reallaşsın”.
Ermənistan parlamentində müxalif “Hayastan” fraksiyasının üzvü Kristine Vardanyan isə imzalanmış sənədlərin daha çox Azərbaycanın xeyrinə olduğunu deyir:
“Fakt ondan ibarətdir ki, İlham Əliyev tələb etdiyini əldə edib: Ermənistan ərazisindən maneəsiz keçid – bu, həm üçtərəfli birgə bəyannamədə, həm də ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müraciətdə qeyd olunub. Amerika tərəfi isə bölgəyə sülh gətirən tərəf kimi imic üstünlüyü əldə etdi.
Ermənistan yenə də heç nə əldə etmədi – məhz buna görə də biz birtərəfli güzəştlərdən danışırıq”.
Azərbaycanda isə müxalifət üçtərəfli görüşdən razı qalıb. REAL Partiyasının sədri Natiq Cəfərli ABŞ-nin vasitəçiliyi ilə imzalanan “Tramp Marşrutu” razılaşmasını uğurlu və “tarixi addım” kimi qiymətləndirir və hesab edir ki, bu, Azərbaycanın son illərdə apardığı siyasətin nəticəsidir. Eyni zamanda, razılaşmanın Rusiya və İranın regiondakı təsir imkanlarını azaltdığını vurğulayaraq, bunu “pozitiv geosiyasi dəyişiklik” adlandırır.
Rusiyanın nüfuzuna dəyən zərbə
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərin Azərbaycan və Ermənistanı sülhə xeyli yaxınlaşdırdığını deyir:

“Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna daha bir zərbə dəymiş oldu. Azərbaycanın da, Ermənistanın da ABŞ-lə əlaqələri xeyli güclənəcək. Ancaq təəssüf ki, Azərbaycanla Ermənistan arasında öncədən anons edildiyi kimi imzalanan sənəd sülh sazişi olmadı. Dövlət başçılarının imzaladığı sənəd birgə bəyannamə idi. Baxmayaraq ki, yekun sülh sazişinin imzalanmasına maneələr hələ də davam edir, ancaq şübhəsizdir ki, ABŞ Prezidenti Trampın iştirakı ilə Vaşinqtonda imzalanmış birgə bəyannamə və imzalanma mərasimindəki bəyanatlar Azərbaycanla Ermənistan arasında davamlı sülh və regional kommunikasiyaların açılması üçün ciddi zəmin yaradıb”.
Müsavat Partiyasının sədri Arif Hacılı da sülh sazişinin mətninin razılılaşdırılmasını Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azalması baxımından ciddi addım hesab edir:
“Amma bu, hələ son deyil. Cənubi Qafqazda sabitlik Rusiya zəiflədikdən sonra mümkün olacaq ki, bu da Rusiya–Ukrayna müharibəsinin nəticələrindən asılıdır. Avqustun 15-də Alyaskada Tramp və Putin görüşəcək, Trampın sülhyaratma qabiliyyəti bu görüşdən sonra məlum olacaq”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov deyib ki, əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini şərtləndirən razılaşmadır:
“Qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün onun ratifikasiya olunması üçün əlavə tədbirlərə ehtiyac var. “Əlavə tədbir” deyiləndə Azərbaycanın məhz Ermənistan Konstitusiyasında dəyişikliklərin labüdlüyü ilə bağlı mövqeyi nəzərə alınıb. Zəngəzur dəhlizi – indi ona Tramp marşrutu və ya Tramp xətti deyilir – onun reallaşdırılması ilə bağlı Ermənistan və ABŞ razılığa gəliblər. Bu razılıq nəticə etibarı ilə dəhlizin funksionallığını təmin edir. Bu iki dövlətin razılaşması əsasındadır və Azərbaycan tərəfi də bu prosesdə iştirak edir. Ən əsası Azərbaycandan Naxçıvana gediş-gəliş maneəsiz həyata keçiriləcək. Birləşmiş Ştatların qarant dayanması ilə bu proses reallaşacaq”.
1987-1988-ci illərdə Azərbaycanla Ermənistan arasında Birinci Qarabağ müharibəsi başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı.