“Toplum TV işi”: dövlət ittihamçısı jurnalistlərə 13 ildən 16 ilədək həbs cəzası istəyib

İllüstrasiya: Meydan TV

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslərlə bağlı məhkəmə istintaqı yekunlaşıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə 13 ildən 16 ilədək azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Dövlət ittihamçısı III Respublika Platformasının spikeri Akif Qurbanov və qurumun qurucu heyətinin üzvü Ruslan İzzətlinin 16 il, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

İttihamçı həmçinin Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbarovun 14 il, Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Bundan əlavə, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməsini, habelə üzərinə həbs qoyulmuş avtomobillərinin və evlərinin müsadirə olunmasını tələb edib.

Prokuror bu iş üzrə təqsirləndirilən jurnalist Elmir Abbasovun da məhkəmə zalında həbs olunmasını istəyib. Abbasov barəsində hazırda polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Növbəti məhkəmə prosesi iyunun 22-nə təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Ana səhifəXəbərlər“Toplum TV işi”: dövlət ittihamçısı jurnalistlərə 13 ildən 16 ilədək həbs cəzası istəyib