Tofiq Yaqublunun aclıq aksiyasını dayandırdığı bildirilir

Tofiq Yaqublu. Foto: Meydan TV

“Onu elə vəziyyətdə gördüm ki, qanım dondu”

Həbsinə etiraz olaraq 40 gündür aclıq edən Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun aclığı dayandırdığı bildirilir.

Bu barədə onun qızı Nigar Həzi özünün “Facebook” səhifəsində paylaşım edib.

Qızı yazıb ki, indicə ölüm ayağında olan atamla görüşdüm:

“Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu tək onun ölümü yox, həm də mənim və körpəmin ölümü demək idi. O ruhən elə vəziyyətdə idi ki, körpəmin həyatının təhlükə altında olduğunu belə deyə bilmədim. Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim”.

Nigar Həzi yazır ki, atam bununla razılaşdı və aclığı dayandırdı: “Həkimi Adil Qeybulla hazırda Tofiq Yaqublunun yanındadır”.

Siyasətçinin səhhəti pisləşdiyinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçilərindən biridir.

Ana səhifəXəbərlərTofiq Yaqublunun aclıq aksiyasını dayandırdığı bildirilir