Tofiq Yaqublu: “Yanımızda İlham Əliyev haqqında çox ağır ifadələr işlədib, özünü bizlərdən biri kimi göstərmək istəyirdi”

Tofiq Yaqublu. Foto: Meydan TV

Siyasətçinin işi üzrə məhkəmə prosesi davam edir

Milli Şuranın və Müsavat Partiyasının üzvü, bir ildir həbsdə olan Tofiq Yaqublu deyir ki, həbsində vasitəçilik edən Elnur Məmmədov onu təxribata çəkmək üçün yanında Prezident İlham Əliyevin ünvanına təhqir xarakterli ifadələr işlədirdi.

“İlham Əliyev haqqında çox ağır ifadələr işlərdirdi. Özünü elə təqdim eləmək istəyirdi ki, guya mən də sizlərdən biriyəm, ona nifrət edirəm. Hələ o vaxt bunun təxribatçı olduğunu anlayırdım”, – Tofiq Yaqublu məhkəmədə bildirib.

Tofiq Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyası baxır. Məhkəmə prosesində siyasi fəalın vəkillərinin istədiyi əlavə şahidlərin dindirilməsi mərhələsidir.

Noyabrın 29-da məhkəmədə Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal və siyasətçi Hüseyn Məlik əlavə şahid qismində ifadə verib.

İddia olunur ki, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib. Elnur Məmmədov həmin pulu Zabrat qəsəbəsində siyasətçiyə çatdırdığını deyir.

Vidadi Mirkamal məhkəmədə ifadəsində bildirib ki. Elnur Məmmədovun pul verdiyini iddia etdiyi vaxtda Tofiq Yaqublu onun bağında olub. Çünki həmin vaxt orada Milli Şuranın iclası keçirilirdi.

Vəkillər məsələyə daha da aydınlıq gətirilməsi üçün həmin gün həm Tofiq Yaqublunun, həm də Elnur Məmmədovun telefon anten məlumatlarının mobil operatorlardan alınmasını istəyib. Müdafiəçilər bildirib ki, bu məlumatlar alınsa, həmin gün onların birlikdə olub-olmadığı, kimin yalan danışdığı aydınlaşar.

Lakin məhkəmə bu vəsatəti hələ ki, təmin etməyib. Bu da Tofiq Yaqublunu narazı salıb:

“Müdafiə tərəfinin vəsatətini niyə təmin eləmirsiniz? Niyə həqiqətin üzə çıxmasında maraqlı deyilsiniz? Ləyaqət hissi olan adam bu işə xitam verər. Nə deyirik ki?! Deyirik ki, anten dairələrini çıxarın, hamı görsün ki, Tofiq Yaqublu həmin gün bu adamla görüşüb, yoxsa yox. İlham Əliyev Elnur Məmmədov kimilərin ümidinə qalıb insanları şərləyir”.

Digər şahid Hüseyn Məlik isə Bakı Apelyasiya Məhkəməsinin qarşısında Tofiq Yaqublu ilə aralarında Elnur Məmmədov haqqında danışıqlarını məhkəmənin nəzərinə çatdırıb. Onun sözlərinə görə, Elnur Məmmədov Tofiq Yaqubluya yaxınlaşıb. O, çıxıb gedəndən sonra Tofiq Yaqublu onun “hakimiyyətin adamı” olduğunu, məqsədli şəkildə bura göndərildiyini deyib.

“Mən ona “hakimiyyətin ceyranı” deyirdim. Apelyasiya məhkəməsinin qarşısında mənə yaxınlaşıb dedi ki, Saakaşvilinin hüquqlarını müdafiə edir. Bilirdi ki, mən Gürcüstandanam. Dedim ki, biz bura Qubad İbadoğlunun məhkəməsinə gəlmişik. Qubad İbadoğlu, başqa siyasi məhbuslar qala-qala, nə əcəb Saakaşvilinin hüquqlarının müdafiəsilə məşğulsan? Bizim yanımızda İlham Əliyev üçün çox ağır ifadələr işlətdi. Özünü bizlərdən biri kimi göstərmək istəyirdi. İstəyirdi ki, biz də onun dediklərini təsdiqləyək, bizim səsimizi yazsın”, – Tofiq Yaqublu bildirib.

Siyasətçinin işi üzrə məhkəmə prosesi davam edir.

Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb . Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30.sutkalıq həbs olunub.

Ana səhifəXəbərlərTofiq Yaqublu: “Yanımızda İlham Əliyev haqqında çox ağır ifadələr işlədib, özünü bizlərdən biri kimi göstərmək istəyirdi”