Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbiri seçildi

Məhkəmə müxalifətçi ilə bağlı qərar verdi

Source: Meydan Tv


Məhkəmə müxalifətçi ilə bağlı qərar verdi

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Martın 23-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə qərar çıxarıb.

T.Yaqublunun vəkili Elçin Sadıqov Meydan TV-yə bildirib ki, müvəkkili məhkəmədə özünü təqsirli bilməyib. Həbs qərarının əsassız olduğunu vurğulayan vəkil apelyasiya şikayəti verəcəklərini deyib.

T.Yaqublunun qızı Nigar Yaqublu da atasının sifarişlə həbs olunduğunu deyir. O, sifarişin birbaşa ölkə başçısından gəldiyini iddia edib.

“Qondarma cinayət işidir. Tofiq Yaqublunun tənqidi çıxışlarının, sosial şəbəkələrdəki fəaliyyətinin qarşısını almaq məqsədi güdür. İlham Əliyevin nifrəti o qədərdir ki, yəqin maksimum cəza verəcəklər. Tofiq Yaqublunun həbsdən çıxması üçün Əliyev rejimi dəyişməlidir.

Karantin dövrüdür, həbs yerlərinə yemək də götürmürlər. Atanın səhhətinə görə narahatıq. Hətta dəyişməyə paltar da götürmədilər”, – deyə N.Yaqublu bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovun

açıqlamasına

görə, martın 22-də günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub: ““Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

Ehsan Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, Tofiq Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

Hadisə baş verən zaman Tofiq Yaqublu öz “Facebook” hesabında ona qarşı təxribat törədildiyini yazıb.

Ana səhifəXəbərlərTofiq Yaqublu barəsində həbs-qətimkan tədbiri seçildi