İctimai fəal Rüstəm İsmayılbəyli ilə AXCP üzvü İlham Hüseynin hələ də 39-cu polis bölməsində olduğu bildirilir, Səyyad Quliyevdən isə xəbər yoxdur
Dekabrın 1-də “Fəvvarələr bağı”nda Saleh Rüstəmova azadlıq tələbiylə keçirilən aksiyada saxlanılan siyasi fəal Tofiq Yaqublu işgəncələrə məruz qalıb. Onun gözləri göyərib, şişkinlikdən qapanıb, başında və bədənində xəsarətlər var.
Tofiq Yaqublu aksiyanın keçirildiyi əraziyə daxil olan kimi jurnalistlərin gözü qarşısında polis tərəfindən əhatəyə alınıb və zorla maşına mindirilərək ərazidən uzaqlaşdırılıb. Onun 39-cu polis bölməsinə aparıldığı bildirilirdi.
Axşam saatlarında ailə üzvləri onu Ələt qəsəbəsindən gətirdikdə xəsarətlərdən yeriyə bilmirdi. Meydan TV-nin də evindən canlı yayımladığı brifinqdə Tofiq Yaqublu başına gətirilənlərdən danışıb.
O deyib ki, 39-cu Polis Bölməsinə aparıldıqdan sonra digər saxlanılanlardan ayrılıb və xüsusi otağa aparılıb:
“Bölmədə anladım ki, mənim üçün “Bandotdel”dən (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi – red) xüsusi qrup gətiriblər. Ardınca məni bir otağa salıb əllərimi qandalladılar, başıma torba keçirdilər və döyməyə başladılar. Amansızca döyürdülər, elə bildim öldürəcəklər”.
Tofiq Yaqublu deyib ki, başına keçirilən torba o qədər sıx olub ki, üzünə yapışıb, nəfəs ala bilməyib. Ondan aksiyalara qoşulmayacağına, bu yoldan çəkinəcəyinə dair ifadə tələb etdiklərini deyir. Müxalifətçi bildirir ki, döyüldükdən sonra maşına mindirilərək aparılıb:
“Yolboyu məni döyürdülər. Maşın səsləri azalanda şəhərdən çıxarıldığımı hiss etdim, təxminən “Səngəçal”a yaxın yerdə saxladılar”.
Tofiq Yaqublunun sözlərinə görə, torbanı başından çıxarıb foto-video çəkiblər, onu kiməsə göndəriblər. Həmin şəxs müxalif fəalın “yaxşı dərs almadığını” söylədikdən sonra təkrar döyülüb və maşınla başqa yerə aparılıb. Maşından düşürüldükdən sonra isə ətrafdakı adamlardan Ələt qəsəbəsində olduğunu öyrənib.
Tofiq Yaqublu onu da deyib ki, yalnız maşının sürücüsünün adını bilib, ətrafdakılar onu “Rəşad” deyə çağırıblar.
Mətbuata açıqlamalarından sonra evə təcili yardım çağırılıb. Qızı Nigar Həzinin verdiyi məlumata görə, vəziyyəti ağır olduğundan təcili yardım Tofiq Yaqublunu Neyrocərrahiyyə Xəstəxanasına aparıb.
Aksiya zamanı saxlanılanlardan daha biri – AXCP üzvü Paşa Dadaşzadənin də polis bölməsində döyüldüyü, qolu sındırıldığı bildirilir. Onun da üzərində xəsarət izləri var, qolu sarğıdadır.
Ümumilikdə aksiya zamanı 40-a yaxın şəxsin saxlanıldığı deyilir. Onların arasında yaşlı qadınlar və 1 azyaşlının olduğu bildirilir.
Saxlanılanlar günün sonunda buraxılsa da, ictimai fəal Rüstəm İsmayılbəyli ilə AXCP üzvü İlham Hüseynin hələ də 39-cu polis bölməsində olduğu bildirilir. AXCP üzvü Səyyad Quliyevdən isə xəbər yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Meydan TV-yə deyib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilib və onlar sərbəst buraxılıb:
“Digərləri barəsində araşdırmalar davam etdirilir”.
Elşad Hacıyev Tofiq Yaqublu ilə Paşa Dadaşzadənin polis bölməsində döyülməsi faktını təkzib edib:
“Onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq. Yəni həm Tofiq Yaqublunun, həm də Paşa Dadaşzadənin xəsarət alması haqda iddialar”.
AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 26 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, 15 kq çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.
O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.
Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.