Saleh Rüstəmovun oğlu: “Həkimlər müayinə edərək bildiriblər ki, artıq orqanizm tükənmənin son həddinə çatıb”

Saleh Rüstəmov, Foto: Meydan TV

Ombudsman Saleh Rüstəmovdan aclığı dayandırmasını xahiş edib

Həbsdə 22 gündür aclıq edən Saleh Rüstəmovun vəziyyəti kritikləşib. Bu barədə Meydan TV-yə onun oğlu Sezgin Rüstəmov məlumat verib.

“Vəkil Bəhruz Bayramov atamla görüşüb. Atamın verdiyi analizlərin nəticəsi pis çıxıb. Həkimlər müayinə edərək bildiriblər ki, artıq orqanizm tükənmənin son həddinə çatıb. Bundan sonra orqanlar öz fəaliyyətini dayandırmağa başlaya bilər”, – Sezgin Rüstəmov bildirib.

Onun sözlərinə görə, noyabrın 27-də Ombudsman Aparatının əməkdaşları da Penitensiar Xidmətin Müalicə Müəssisəsində Saleh Rüstəmova baş çəkiblər. Həmçinin şəxsən Ombudsman Səbinə Əliyeva da onunla telefonla danışıb:

“Atamın yanına Ombudsman Aparatının əməkdaşları da gəlib, onların həkimi müayinə edib. Onlar atamın Səbinə Əliyeva ilə telefon danışığını təşkil edib. Səbinə xanım atamın vəziyyətinin kritik olduğunu deyib, aclığı dayandırmağını dəfələrlə xahiş edib. Atam diqqətinə görə Ombudsmana təşəkkür edib, amma aclığı dayandırmayacağını deyib”.

Noyabrın 27-də AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, D18 Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, AXCP Gənclər Komitəsi və REAL Gənclər Birliyinin təşəbbüsü ilə “Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsi” yaradılıb. Komitə Saleh Rüstəmovun hüquqlarının müdafiəsini koordinasiyalı şəkildə təşkil edib, müvafiq addımlar atacaq.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

O, 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı.

2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəSiyasətSaleh Rüstəmovun oğlu: “Həkimlər müayinə edərək bildiriblər ki, artıq orqanizm tükənmənin son həddinə çatıb”