Texniki işçilər məcburi əməyə cəlb edildiklərini deyirlər

”Bizi işdən qovacaqları ilə hədələyirdilər”

Source:


”Bizi işdən qovacaqları ilə hədələyirdilər”

Kürdəmirin büdcə təşkilatlarında çalışan texniki işçilər Meydan TV-yə yazaraq onları pambıq yığımı dövründə zorla yığıma apardıqlarını söyləyiblər. Onlar bunun hər il təkrarlanmasından qorxduqlarını, məcburi əməyə cəlb edildiklərini deyirlər:

“Kürdəmir xəstəxanasının rəhbərliyi iclas keçirərək işçilərə hamının pambıq yığımına getməsini, getməyənləri işdən qovacağı ilə hədələdi. Məcbur, bütün texniki işçilər pambıq yığımına getməli oldu. Eyni zamanda, Yenikənd, Atakişi məktəblərinin də texniki işçiləri eyni qayda ilə pambıq yığımına cəlb edildilər. Başqa çarəmiz olmadığı üçün getdik”.

Bunun bir də təkrarlanmasını istəmirik

Şikayətçilər bildirirlər ki, etiraz edənlər işdə sıxışdırıldıqları üçün böyük əksəriyyət yığıma getməli olub:

“Başqa çarə yoxdur. Hamı kasıbçılıqla, birtəhər dolanır. İşdən çıxsaq ailələrimizə kim baxacaq? Odur ki, boyun əyib, dediklərini etdik. Ancaq bunun bir də təkrarlanmasını istəmirik”.

Heç kimə nə havayı, nə də məcburi iş gördürülməyib

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının birinci müavini Tacəddin Novruzov bildirib ki, pambıq yığımı dövründə heç kim, heç bir idarənin işçisi məcburi əməyə cəlb edilməyib:

“Əkilən pambıq tamamilə könüllülərin iştirakı ilə toplanıb. Könüllü gedənlər də işini görüb, pulunu alıb. Heç kimə nə havayı, nə də məcburi iş gördürülməyib. Başqa cür olması da mümkün deyil”.

Bu pambıq yığımına cəlb edilən büdcə təşkilatı işçiləri ilə bağlı ilk xəbər deyil. Bundan əvvəl Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri də pambıq yığımına cəlb edilmişdilər. Hətta sentyabrın 19-da pambıq yığımından dönən işçiləri daşıyan təcili yardım maşını qəzaya

uğramışdı

. İşçilər arasında xəsarət alanlar olmuşdu.

Könüllü fəaliyyət ictimai faydalı və gəlirsiz fəaliyyətdir

Xəstəxana işçilərinin, müəllimlərin və digər könüllülərin pambıq yığımına cəlb olunması 9 iyun 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Qanun könüllü fəaliyyətinə cəlb olunmasını yol verən istiqamələri konkretləşdirib. Bura əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri daxildir.

Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir.

Pambıq tarlalarında işə cəlbolunma qanunun tələblərini pozur

Vəkil Cavad Cavadov da deyir ki, hansısa kommersiya hüquqi şəxsin “XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil. Bu, mümkün olsa idi belə, işçi çatışmazlığı üzündən könüllülərin işə cəlb edilməsi birbaşa qanunla qadağandır:

Vəkil Cavad Cavadov

“Açıq-aşkardır ki, “könüllülərin” işə cəlb edilməsi məhz işçi çatışmazlığı ilə bağlıdır. Bütün bunlardan əlavə, könüllüləri işə cəlb edən təşkilat onlarla müqavilə bağlamalı, onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir. Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət “Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir. Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır”.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Prezident İlham Əliyev 2017-ci ildəki çıxışlarından birində demişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anolojii göstəricisindən 33 min 373 hektar çox idi.

2017-ci ildə isə 136 min 413,2 hektar pambıq əkilib.

İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.

Ana səhifəXəbərlərTexniki işçilər məcburi əməyə cəlb edildiklərini deyirlər