”Texnika qıtlığından yetişən taxılımızı yığa bilmirik”

Çallı sakinləri: ”Min-bir əziyyət hesabına əkilən taxıl məhsulları sahələrdə batır”

Source:


Çallı sakinləri: ”Min-bir əziyyət hesabına əkilən taxıl məhsulları sahələrdə batır”

“Taxıl yetişib qalıb sahələrdə. Biçmək üçün texnika yoxdur. İcra başçısı Lütvəli Babayevə bununla bağlı dəfələrlə müraciətimiz olub, baxmır”.

Zərdabın Çallı kəndinin sakini Mehman Əliyev belə deyir. Bildirir ki, bu il min-bir əziyyət hesabına əkdikləri taxıl məhsulları sahələrdə batır:

“Deyirlər, texnika qıtlığı var, guya bilmirsiz? Əslində texnika var. Sadəcə onların bizdən öncə getməsi gərəkən sahələr də var. Hansı ki, həmin minlərlə hektar sahəni kimin əkdiyini bilmirik. Görünür, yüksək vəzifəli məmurlara aiddir”.

Yerli qurumlar səsimizi eşitmirlər

Sakinlərdən Fərrux Teymurov isə deyir ki, məmurların torpağı vaxtlı-vaxtında biçilir. Kasıb, vəzifəsiz adamların taxılı isə sahələrdə qalır:

“Yerli qurumlar birmənalı olaraq səsimizi eşitmirlər. Bu, bir reallıqdır. Kənd Təsərrüfatı Nazirliyinin “qaynar xətt”inə isə ümumiyyətlə, düşmək olmur. Dəfələrlə zəng etmişəm. Nömrələri işləmir ki, şikayətimizi edək. İndi qalmışıq pis vəziyyətdə. Bilmirik dərdimizi kimə deyək”.

Kənd adamıyıq, dolanışığımız bundan çıxır

Sakinlər bildirirlər ki, Çallı Zərdab rayonunun ən böyük kəndlərindəndir. Ən çox əkin, biçin də elə burada olur:

“Kənd adamıyıq, dolanışığımız bundan çıxır. Hər il bütün kənd, eləcə də mənim ailəm bu vaxtı səbirsizliklə gözləyirik. Taxılı biçək, əlimizə 3-5 manat keçsin. İlboyu alınmalı olan şeylərin hamısı bu mövsümə saxlayırıq. O da ki, biçə bilmirik” – deyir, sakinlərdən Habil Səmədov.

1300 hektar yer əkmişik, cəmi 2 kombayn var

Sakinlərdən Ceyhun Məmmədov isə deyir ki, rayonda min hektarlarla ərazilərdə taxıl əkilib. Kimin əkdiyini bilmirlər. Texnikanın hamısını ora cəlb etmək istəyirdilər. Nəticədə kəndlinin bütün sahəsi qalırdı kənarda:

“Dünən yenə kombaynları həmin ərazilərə cəlb etmək istəyirdilər. Ancaq Çallı camaatı qarşısında durdu. İcra hakimiyyəti başçısının müavini də gəldi. Axırda kəndlilərin dediyi oldu. Birinci elə mənim sahəmə gəldilər. Ancaq problem bununla bitmir. Kəndlilərin sahəsi çoxdur, şikayəti olan 3-5 nəfər deyil. Çətin ki, biz texnikanı uzun müddət burada saxlaya, işimizi başa çatdıra bilək. İndi də söhbət var ki, axşam yenə aparmaq istəyirlər. 1300 hektar yer əkmişik, cəmi 2 kombayn var. Hansına çatsın?”

Hər il biz zülm çəkir, stress yaşayırıq

Ceyhun Məmmədov deyir ki, bu problem hər il təkrarlanır. İcra Hakimiyyəti isə “bizlik deyil” – deyir:

“O zaman Bakıya, Kənd Təsərrüfatı Nazirliyinə məlumat versinlər. Böyük rayondu, kəndlərinin əksəriyyəti də taxılçılıqla məşğuldur. Bu boyda rayona 2 kombayn azdır axı. Hər il biz zülm çəkir, stress yaşayırıq. Birdəfəlik rayona əlavə bir neçə də kombayn alsınlar, problem həll edilsin”.

Bütün texnikanı sahələrə cəlb etmişik

Meydan TV məsələyə münasibət öyrənmək üçün Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Məmmədov hazırda bütün texnikanı sahələrə cəlb etdiklərini deyib:

“Böyük bir problem yoxdur. Özü də rayonda 2 yox, 13 kombayn var. Sadəcə əkilmiş sahə çoxdur. Nə az, nə çox, düz 8 min hektardır. Kombaynlar çatdırmır, azdır. Biz bununla bağlı prezidentə də, Kənd Təsərrüfatı Nazirliyinə də, lazım olan-qalan bütün qurumlara da məlumat vermişik. Tezliklə həll ediləcəyini düşünürük”.

Maksimum 20 günə bütün sahələr biçilib qurtaracaq

Ramiz Məmmədov bildirib ki, hələ kombayn, texnika çatışmazlığı problemində Zərdab rayonu şükürlüdür, başqa rayonlarda heç 13 kombayn da yoxdur:

“Onlarda da taxıl biçimi ilə bağlı problem yaranıb. Texnika çatışmazlığı hər yerdə var. Ancaq kəndlilərə deyirəm, narahat olmasınlar, hamının sahəsi biçiləcək. Heç kimin taxılı yerdə qalmayacaq. Sadəcə bir az səbrli olsunlar, texnika az, sahə çoxdur. Maksimum 20 günə bütün sahələr biçilib qurtaracaq”.

Bir az səbrli olsunlar, düzələcək

Şöbə müdiri deyir ki, əvvəllər yuxarı bölgələrdən, Qəbələ, İsmayıllıdan onların rayonuna kömək üçün texnikalar gəlirmiş. Bu il gəlməyib. Ona görə kəndlilər problem yaşayıb:

“Əslində məsələni sakit yolla həll etmək də olar. Sadəcə kəndlilər təkliflərlə razı olmurlar. Biz istəyirik arpanı biçək, yekunlaşdıraq. Camaat deyir ki, yox, həm arpanı, həm də buğdanı biçək. Beləcə bir az narazılıq yaranıb. Problem var, ancaq böyük deyil. Hamı istəyir ki, onun taxılı birinci biçilsin. O da olmur axı, bir az səbrli olsunlar, düzələcək”.

Çalışmalıyıq ki, özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək

2018-ci il 990 min hektar sahəyə taxıl səpilib. Bunun 660 min hektarı buğda, 325 min hektarı arpa, 20 hektara yaxınını isə çovdar olub.


Dövlət Statistika Komitəsi

nin məlumatına görə, 2017-ci ildə dənli taxıl bitkilərindən 2 milyon 900 min ton məhsul istehsal edilib. Taxılçılığın əsas sahələrindən biri buğda əkinidir. 2017-ci təsərrüfat ilində 4540 min hektar sahədən 1 milyon 800 min ton buğda məhsulu əldə olunub.

“Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür”.


Prezident İlham Əliyevi

n sözləridir. O, ölkədə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin perspektivdə 100 faizə çatdırılmasını istəyir:

“Kənd Təsərrüfatı Nazirliyi əminliklə bildirmişdi ki, intensiv metodlarla məhsuldarlığı artırmaqla, ölkədə taxıl istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək olar. Bunun üçün əkin sahələrini və məhsuldarlığı artırmaq kifayətdir”.

Zərdabın Çallı kəndinin sakinləri isə deyirlər ki, hansı dövrdə yaşayırıq ki, taxıl biçmək üçün texnika tapmırıq:

“Ayrı vaxt deyirlər, kənd təsərrüfatı inkişaf edir. Bəs biz niyə görmürük? Təkcə deməsinlər, doğrudan, inkişaf etdirsinlər”.

Ana səhifəBölgə”Texnika qıtlığından yetişən taxılımızı yığa bilmirik”