“Test üçün müraciət edən şəxslərə məhdudiyyət qoyulmamalıdır”

“Əhali arasında kütləvi sayda ev (ambulator) müalicəsi alanların olduğu, reseptlərdə antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır”

Source: Meydan TV


Azərbaycan Həkimlər Birliyi bəyanat yayıb

COVID-19 xəstəliyinə yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yaranıb. COVID-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır”.

Azərbaycan Həkimləri İctimai Birliyinin bəyanatında belə deyilir. Sənəddə bildirilir ki, COVID-19-un ikinci dalğasında ortaya çıxan çətinliklər indi də hiss olunur:

“İstər ölkə üzrə əhali sayına, istərsə də xəstələnlərin sayına düşən ölüm hallarının başqa ölkələrə nisbətən yüksək olması faktından narahatıq”.

Azərbaycan Həkimləri İctimai Birliyi vəziyyətin düzəlməsi üçün bəzi tədbirlərin görülməsini vacib sayır:

“COVID-19 pandemiyası sürəci boyu dünya təcrübəsi göstərdi ki, yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır. Əksər ölkələrdə (Çin Xalq Respublikası, Cənubi Koreya və Yaponiyada) bu təcrübə çox effektli oldu. Ölkəmizdə də COVID-19 xəstəliyini vaxtında aşkar edib yoluxanları izolyasiya etmək məqsədilə test sayının artırılması təmin edilməlidir”.

Eyni zamanda, bəyanatda bildirilir ki, test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır. Bura test edilmək üçün hərarətin 38°C-dən yuxarı olması və s. tələbi də daxildir:

“Hərarəti olub-olmamasından asılı olmayaraq təcili tibbi yardıma, poliklinika və stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olduğu şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir”.

AHİB bildirir ki, kütləvi peyvəndləmənin dünya təcrübəsindən yararlanmaq lazımdır. Müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir:

“Əhali arasında kütləvi sayda ev (ambulator) müalicəsi alanların olduğu, reseptlərdə antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı protokolları əsasında müalicə prinsipləri elmi baxımdan tibb ictimaiyyətinə mütəmadi izah edilməli, əhali arasında maarifləndirmə işini gücləndirilməlidir”.

Sənəddə o da bildirilir ki, təcili tibbi yardım işçilərinin Prezident sərəncamı və Nazirlər Kabinetinin müvafiq qərarı əsasında maaşlarına nəzərdə tutulan əlavələr yanvar ayında təqribən 50 faiz azaldılaraq verilib. Fevral-mart ayları üzrə verilməsi isə indiyədək təmin olunmayıb:

“COVID-19-dan vəfat edən tibb işçilərinin xatirəsi indiyə qədər əbədiləşdirilməyib və ailələrinə kompensasiya verilməyib. Bu məsələ ilə bağlı hökuməti təcili tədbirlər görməyə çağırırıq”.

Son bir ayda Azərbaycanda koronavirusa yoluxma və bu səbəbdən baş verən ölüm halları artıb.

Ən son, aprelin 10-da açıqlanan statistikaya görə, 2192 adam COVID-19 infeksiyasına yoluxub, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə ümumilikdə 283 min 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 879 nəfərin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Hazırda 40 yaşdan yuxarı şəxslərə peyvənd vurulur. Vaksinasiya dövlət hesabına aparılır.

Ən son açıqlanan statistikaya görə, indiyədək Azərbaycanda 1,1 milyondan çox vaksin vurulub. Onlardan 700 mindən çoxu birinci mərhələnin (vaksinlər iki dozada vurulur) payına düşür. Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Ana səhifəSağlıq“Test üçün müraciət edən şəxslərə məhdudiyyət qoyulmamalıdır”