Vəkil: “Uşağın mənafeyi üstün tutulmaqla komissiya rəy verməlidir ki…”
Tərtər sakini Zülfiyyə Məhərrəmova Meydan TV-yə deyir ki, bir il öncə itirdiyi gənc qızından ona yadigar qalan nəvəsini əlindən almaq istəyirlər.
Bununla bağlı hazırda Tərtər Rayon Məhkəməsində çəkişmə gedir.
“Leylamın iyini ondan alıram”
20 yaşlı Leyla Məhərrəmova 2023-cü il mayın 4-də valideynlərinin yaşadığı evin həyətində qətlə yetirilib.
Onu öldürməkdə ittiham olunan əri Sahib Əlizadə həbsdədir.
24 yaşlı Sahib Əlizadə hadisədən sonra Tərtər rayon Polis Şöbəsinə gedərək, təslim olub. Hazırda onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.
Onların birgə nikahdan 2021-ci il təvəllüdlü bir oğlu var. Uşaq hadisədən sonra anasının valideynlərinin yanındadır.
Sahib Əlizadənin atası Seymur Əliyev uşağın onların himayəsinə verilməsi üçün məhkəmədə iddia qaldırıb.
O bildirir ki, nəvəsini görə bilmirlər, uşağın onların himayəsində qayğı və sevgi ilə böyüməsi məqsədəuyğundur.
Zülfiyyə Məhərrəmova isə buna etiraz edir:
“20 yaşında balamı əlimdən aldılar, indi də balasını almaq istəyirlər. Mən o uşaqla nəfəs alıram. Leylamın iyini ondan alıram. Mən elə bir ailəyə uşaq verə bilmərəm…”
Qəyyumluq və Himayəçilik Komissiyası nə deyir?
Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 2 yaş yarımlıq Hüseynin hansı nənə-babasının yanında qalmasıyla bağlı araşdırma aparıb və rəy verib.
Rəy Əliyevlər ailəsinin xeyrinə olub.
Komissiya belə nəticəyə gəlib ki, uşağın mənafeyi baxımından onun atasının valideynlərinin yanında qalması məqsədəuyğundur. Məhkəməyə də bu rəy təqdim olunub.
Zülfiyyə Məhərrəmova bu rəyi qeyri-obyektiv hesab edir. O, eləcə də həyat yoldaşı Vidadi Məhərrəmov Tərtər rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirərək, belə rəy verilməsinə etiraz ediblər.
“Komissiya belə bir rəyi necə verə bilərdi? Bu adamların oğlu gəlib evimdə qızımı öldürüb. Belə bir ailəyə uşaq verilməsini necə məqsədəuyğun hesab oluna bilər? Balamı əlimdən alıblar. Heç olmasa, onun balasıyla işləri olmasın…”, – Zülfiyyə Məhərrəmova yenidən rəy verilməsini tələb edir.
Sahib Əlizadə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə mühakimə olunur.
Bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Məhərrəmovlar ailəsi ona verilən ittihamın ağırlaşdırılmasını tələb edir. Deyirlər ki, Leyla Məhərrəmova boşanmaq istədiyinə görə əri onu xüsusi amansızlıqla qətlə yetirib.
Onlar istəyir ki, Sahib Əlizadəyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham verilsin. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sahib Əlizadə isə arvadını ondan boşanmaq istədiyinə görə yox, xəyanətə görə öldürdüyünü deyir.
Onun sözlərinə görə, bununla bağlı sübutlar da var.
“Uşağın sağlamlığı, təhsili, psixoloji durumu nəzərə alınmalıdır”
Azərbaycanda məişət zorakılığı, qısqanclıq zəminində baş verən qadın qətllərinin sayı hər il artır. Nəticədə yüzlərlə uşaq həm ana, həm də ata qayğısından məhrum olur. Belə hallarda uşaqlar kimin yanında qalmalıdır? Qanunvericilik bu durumu necə tənzimləyir?
Vəkil Rəşad Əliyev deyir ki, bütün rayonların icra hakimiyyətlərinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası fəaliyyət göstərir.
Həmin komissiya uşaqların sağlamlığı, təhsili, psixoloji durumu və s. amilləri nəzərə almaqla, araşdırma aparır:
“Uşağın mənafeyi üstün tutulmaqla, komissiya rəy verir ki, uşağın harada qalması məqsədəuyğundur. Bu komissiya uşağın qohumlarının müraciəti əsasında da rəy verə bilər, öz təşəbbüsüylə də. Uşağın valideyn himayəsindən məhrum olması haqda komissiyaya məlumat daxil olan kimi, ona qəyyum və ya himayəçi təyin olunması üçün addımlar atılmalıdır. 14 yaşına qədər uşaqlara qəyyum təyin olunur. 14 yaşdan 18 yaşa qədər himayəçi. Uşaqla bağlı qohumlar arasında mübahisə məhkəmə müstəvisinə çıxanda məhkəmə də rəy üçün Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edə bilər”.
Vəkil əlavə edib ki, istər komissiya, istərsə də məhkəmə 7 yaşına çatmış uşağın fikrini soruşa və nəzərə ala bilər.
10 yaş və daha yuxarı uşaqlarda isə onların fikri mütləq öyrənilməli və nəzərə alınmalıdır.
“Təkcə ölüm, həbs hallarında yox, boşanma zamanı da bəzən komissiyanın rəyinə ehtiyac duyulur. Məsələn, valideynin hər ikisi uşağın onun yanında qalmasında israrlı olursa, bu halda, komissiya araşdırıb rəy verir ki, harada qalması məqsədəuyğundur”, – Rəşad Əliyev bildirib.