Tərtər işgəncələrində ittiham olunan hərbçi: “Ölkə başçısı bilməlidir ki…”

“Tərtər işi”. Foto: Meydan TV

“Adi gizirlər Xanlar Vəliyevi, onun müstəntiqlərini Tərtərə gətirə bilərdi?”

“Tərtər işi” üzrə dörd nəfərlik yeni bir qrupun işi üzrə  məhkəmə prosesi başlayıb. Bu qrupun tərkibində məhkəmə qarşısında dayanan şəxslər bunlardır: Sənan Maşıyev, Cabir Qəhrəmanov, Ruslan Mikayılov və Elçin Əliyev. Onlar 2017-ci ilin may-iyun aylarında 180-dən çox hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsini işgəncə ilə öldürməkdə, yaxud da intihara vadar etməkdə ittiham olunurlar.

Adları çəkilən şəxslər bundan öncə də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 5 il 6 ay – 6 il həbs cəzası verilib. 2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar.

Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.

“Tərtər işi” üzrə bundan əvvəlki qruplar kimi, bu dörd nəfərin də işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimləri – Rafiq Abbasovla Camal Ramazanov baxır. Məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən 1993-cü il təvəllüdlü Ruslan Mikayılov Tərtərdə N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olub, leytenant rütbəsində xidmət edib. Digər üç təqsirləndirilən isə gizir olub.

Mayın 23-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov vəsatət qaldıraraq, jurnalistlərə məhkəmə prosesində videoçəkiliş aparmağa şərait yaradılmasını istəyib. O bildirib ki, əmr verən vəzifəli şəxslərlə bağlı həqiqətlərin dövlət başçısına və ictimaiyyətə çatdırılmasına ehtiyac var:

Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənləri o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin”.

Zərərçəkənlər də bu məsələdə onunla razılaşıb və vəsatətin təmin olunmasını xahiş edib.

Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, 5 il yarım həbsdə saxlandıqdan sonrfa 2022-ci ilin dekabrında azadlığa buraxılan, hazırda isə zərərçəkmiş qismində tanınan Müşfiq Əhmədli deyir ki, ictimaiyyətin əmr verənlərin kimliyini bilmək haqqı var.

İşgəncə nəticəsində əlil olan Bəhruz Novruzovun anası Aygün Novruzova da əmr verənlərin kimliyini öyrənmək istəyir:

Deyir ki, nazirlər, generallar olub. Olubsa, onlar da cəlb olunsun. Bunlar da cinayət törədiblər. Amma onlar niyə məsuliyyətdən kənarda qalmalıdır? Hələ də vəzifələrindədilər, mənim övladım isə 33 yaşında əziyyət çəkir. Mən sağlam göndərmişdim onu. O vaxt MTN, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq bir ağızdan deyirdi ki, casus şəbəkəsi aşkarlamışıq. İndi də çıxıb cavab versinlər”.

İşgəncə nəticəsində vəfat edən Təmkin Quliyevin atası Nizami Quliyev də bildirib ki, oğlunun öldürülməsinə əmr verənlərin kim olduğunu bilmək istəyir.

“Tərtər işi”. Foto: Meydan TV

Hakim bildirib ki, jurnalistlər məhkəmə prosesində iştirak edir, qeydlər götürür, baş verənləri ictimaiyyətə çatdırır. Video və audio yazını isə məhkəmə özü aparır.

Təqsirləndirilən şəxslərin vəkilləri istintaqın qərəzli, natamam aparılmasından da şikayətlənib və işin təkrar istintaqa qaytarılması haqda vəsatət qaldırıblar. Vəkil Türkel Süleymanlının sözlərinə görə, cinayət işinin materiallarından belə anlaşılır ki, sanki adi gizirlər hərbi prokuror Xanlar Vəliyevə, onun müstəntiqlərinə, Hərbi Dəniz Qüvvələrinin rəhbərinə, korpus komandirinə və digər vəzifəli şəxslərə əmr verib, onları Tərtərə gətirdiblər:

“İlk zərərçəkən Mehman Hüseynov (işgəncələr zamanı ölənlərdən biri-red.) haqqında dövlətə xəyanət ittihamıyla 3 May 2017-ci ildə cinayət işi başlanmasını, bu barədə ictimaiyyətə məlumat verilməsini o vaxtkı Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova da gizir Elçin Əliyev göstəriş vermişdi?”, – Elçin Əliyevin vəkili Türkel Süleymanlı bildirib.

Zərərçəkmiş Nemət Məhərrəmli də istintaqdan narazılığını dilə gətirib. Onun sözlərinə görə, etirazlarını bildirmək üçün Baş prokuror Kamran Əliyevlə də görüşmək istəyib. Lakin buna nail ola bilməyib. Əksinə onu qardaşıyla hədələyirlər:

“Bunların başının üstündə dayanan adamların adlarını onlar da çəkib, biz də çəkmişik. Niyə cəzalandırılmır o adamlar? Bunların başının üstündə dayananlar lazımdır. Baş prokuror bizi qəbul eləmir. Məni qardaşımla hədələyirlər”.

Məhkəmədə məlum olub ki, bu işdə keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovla yanaşı, hazırda həmin vəzifədə çalışan Kərim Vəliyevin də adı hallanır.

Təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş Qərargah rəisi, hətta indiki Qərargah rəisi Kərim Vəliyev də orada olub”, – vəkillərdən biri deyib.

Nəcməddin Sadıkov. Foto: Azərtac

Hakim işin istintaqa qaytarılması barədə vəsatəti təmin etməyib. Məhkəmə belə nəticəyə gəlib ki, bunun üçün əsaslar yoxdur.

Təqsirləndirilən şəxslərin vəkilləri bir çox vəzifəli şəxslərin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırıblar. Onların arasında Hərbi Prokuror Xanlar Vəliyev, Hərbi Prokurorluğun müstəntiqləri, 2017-ci ildə korpus komandiri olan general Hikmət Həsənov, Hərbi Dəniz Qüvvələrinin rəhbəri olmuş Zaur Quliyev, o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Müdafiə Nazirliyinin Bakı və Bərdə qarnizonlarının rəisləri, Mərkəzi Hərbi Hospitalın, eləcə də Sarıcalı hospitalının rəhbərləri vardı.

Zərərçəkənlər də bu şəxslərin dindirilməsinin vacib olduğunu bildiriblər.

Hakim bu vəsatətin baxılmamış saxlanmasına qərar verib. İttiham tərəfinin təqdim etdiyi siyahıdakı əsas şahidlərin dindirilməsindən sonra əlavə şahidlərin dindirilməsi məsələsinə baxılacaq.

Bu dörd nəfərin işi üzrə məhkəmə iclası iyunun 7-nə təyin edilib.

Bu, “Tərtər işi” üzrə işgəncələrlə bağlı üçüncü qrupun işidir. Bundan əvvəlki iki qrupun birində 4, ikincisində isə 5 nəfər təqsirləndirilən şəxs var.

Birinci qrupda Tərtərdə hərbi hissənin rəhbəri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi olmuş polkovnik-leytenant Rəşid Niftəliyev, eləcə də müddətdən artıq xidmət etmiş iki kəşfiyyatçə – Ramil Qarayevlə Rüstəm Ələsgərov mühakimə olunur.

İkinci qrupa gəlincə, onlardan biri həbs olunanlar arasındakı yeganə generaldır. Söhbət həbs edildiyi dövrdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucovdan gedir. O, 2017-ci ilin mayında Beyləqan korpusunun qərargah rəisi olub. Məsələ burasındadır ki, o dövrdə Tərtərlə yanaşı, paralel olaraq, Beyləqanda da hərbçilərə qarşı ketləvi işgəncələr həyata keçirilib. Ona görə də eyni cinayət işi üzrə həm Tərtər, həm də Beyləqan hadisələri bir icraatda araşdırılıb.

Generalla eyni qrupda mühakimə olunan daha dörd nəfər isə bunlardır: Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri Ziya Kazımov, döyüş hazırlığı üzrə şöbədə xidmət etmiş Ülvi Rəşidov, hərbi hissənin Tibb İdarəsinin əlaqələndirmə şöbəsinin rəisi olmuş İntiqam Məmmədov.

Bu iki qrupun da işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Ana səhifəSiyasətTərtər işgəncələrində ittiham olunan hərbçi: “Ölkə başçısı bilməlidir ki…”