Tərəzisi olmayan bazar – reportaj

Qəbələdəki bu bazarın əsas alıcısı qonaqlardır

Source:

Qəbələdəki bu bazarın əsas alıcısı qonaqlardır

Bu bazarda tərəzidən istifadə olunmur. Meyvə-tərəvəz, çərəzlər hamısı vedrələrdə satılır. Bir vedrə alma 3 kilo olsa da, 1 manatadır, 4 kilo olsa da…

Adına düymə, vedrə, burada çalışanlar hətta çəkisiz bazar da deyirlər. Qəbələnin Vəndam kəndi ərazisində, dağların ətəyində, Bakı-Qəbələ yolunun düz kənarındadır. Qəbələyə yolu düşənlər bu bazardan xəbərdardır. Bazarın daimi müştəriləri Qəbələyə yolu düşənlər, istirahətə gedənlər, bu yoldan istifadə edənlərdir. Bazar sakinləri qış aylarında alverin zəif getdiyini, səbirsizliklə yayı gözlədiklərini deyirlər.


“Gəlib-gedən, istirahət edənlər də azalıb”

65 yaşlı Kəbirə Mahmudzadə 10 ildən çoxdur ki, gəlirini vedrə bazarından götürür. Deyir, əvvəllər qışda bazar olmurdu, ancaq Qəbələdə qış-turizm mərkəzləri açılandan sonra gəlib-gedənlər artıb: “Alver gedirdi. Ancaq son devalivasiyadan sonra kasıbçılıqdır. Əvvəllər xeyrə-şərə xərclədiklərimiz, evin ehtiyacları, nəvələrin oxuması, geyim-keçim hər şeyə pulumuz çatırdı. İndi həm qiymətlər qalxıb, həm də camaatda pul yoxdur bazara gəlməyə. Elə bil gəlib-gedən, istirahət edənlər də azalıb”.

Vedrə bazarında nələr satılır?

Bu rəngarəng, səliqəli bazarda satıcıların dili ilə desək, bircə can dərmanı əksikdir. Müxtəlif növ meyvə, tərəvəz, ev üsulunda bağlanmış xiyar, pomidor, göbələk, qulançar tutması, dağdan yığılan otlar, hazırlanan ədviyyatlar, meyvə qurusu – kənddə yetişən, hazırlanan bir çox məhsullar satılır. Üstəlik, çəki ilə yox, vedrəylə.

Satıcılardan Ceyhun Alıyev də illərdir ailəsini bu bazarın sahəsində dolandırır. Deyir, əvvəllər gəlirimiz normal olurdu. İndi alıcılar azalıb: “Bu dollar qalxandan camaat elə bil əlinə keçən pulu da xərcləməkdən çəkinir. Ona görə alıcılar azalıb. Yazı gözləyirəm. Təbiət gözəlləşsin. Bu tərəflər də gözəl olur axı. Bəlkə gəlib-gedən ola, bizim də malımız satıla”.


“Bazarda nə varsa əl əməyi, göz nurudur”

Bazarın satıcılarının əksəriyyəti Vəndam kəndinin sakinləridir. Deyirlər, bazarda nə görürsünüzsə, əl əməyi, göz nurudur. Hər şeyi təzə-təzə özləri hazırlayırlar. Bu bazarda təkcə vedrədə satılan meyvə-tərəvəz deyil, qış tədarükləri də var. Müxtəlif növ tutma, bal, doşab, mürəbbə, kompot, balın içinə qatılmış badam, fındıq, qoz… Rəflərə sıra ilə düzülmüş rəngarəng məhsullar yoldan ötənlərin diqqətini cəlb edir. “Heç nə almayanlar belə dönüb balonlardakı qırmızı, sarı, narıncı məhsulların nə olduğunu soruşurlar”, – deyir bazardakılar.


“Bizim bazarın məhsullarını başqa heç yerdə tapa bilməzsiniz”

“Bala qoyulmuş qoz ləpəsi, itburnu çiçəyinin mürəbbəsi, təzyiq üçün dərman, bəhməz, qızılgül suyu, bənövşə çiçəyinin mürəbbəsi, dağ çiyələyi mürəbbəsi, şəkər xəstələrinin dərmanı zirinc suyu və s. satırıq. Hətta 15 faiz endirim də edirəm. Təki, gəlib məndən nəsə alsınlar. Üstəlik, bizim bazarın məhsullarını başqa heç yerdə tapa bilməzsiniz. Bu bazardan yoxdur, elə bir dənədir, o da Vəndam kəndindədir”, – bu sözləri isə satıcı Mirvari Muradxanlı söylədi.

Alıcı qıtlığından əziyyət çəkən satıcılar ümidi qarşıdan gələn yaza bağlayıblar. Deyirlər, bəlkə yaz gələ, camaat istirahətə gedə, bazar əvvəlki kimi müştərilərlə dolub-daşa…

Ana səhifəXəbərlərTərəzisi olmayan bazar – reportaj