Qubada hamı onu təndirçi Mədinə nənə kimi tanıyır. Rayonun İspik kəndində anadan olan Mədinə Xıdırova artıq uzun illərdir təndir hazırlamaqla məşğuldur. Təndir hazırlamaq həvəsinin atasından keçdiyini deyən Mədinə nənə bu işi çox sevir: ” Mən uşaq olanda atam gildən qablar hazırlayardı. Bir gün atamın yanına gedəndə palçıqla işləyən yerdə gördüm. Bu işdən çox xoşum gəldi. O vaxtdan bugünə qədər bu işin vurğunuyam”.
Öncə həyat yoldaşı, daha sonra isə atası dünyasını dəyişəndən sonra evin bütün yükü Mədinə nənənin üzərinə düşür. Qısa zamanda çıxış yolunu palçıqdan əl işləri düzəltməkdə tapır:
“33 yaşında yoldaşım dünyadan getdi, daha sonra da atam. İşsiz qala bilməzdim, ona görə ilk işim palçıqdan xərək düzəltmək oldu. Qısa zamanda xərəyi hazırlaya bildim. Xərək düzəldə-düzəldə günlərin bir günü bir nəfər gəlib dedi ki, təndir almaq istəyir. Mən də heç vaxt təndir düzəltməmişdim, amma sifarişçiyə düzəldəcəyimi dedim. ilk işim olduğuna baxmayaraq, düzəltdiyim təndir çox uğurlu alındı”.
Qiymətlərin qalxması Mədinə nənənin işinə də təsir edib. Belə ki, əvvəllər hazırladığı 80-100 manatlıq təndiri indi 100-150 manata satır:
“Əvvəl hazırladığım təndirlər ucuz idi. İndi nisbətən qiymətləri də qaldırmışam. Ona görə ki, hər şey bahalaşıb. Keçi tükü, gil daşlar və s. hamısının qiyməti qalxıb. Kabab təndirini 100 manata, çörək təndirini 150 manata satıram. İş çətin olsa da. öhdəsindən gələ bilirəm. Bir təndiri hazırlamaq üçün 10-15 gün vaxt lazım olur”.
Mədinə nənə hazırladığı təndirlərə tam zəmanət də verir. Dediyinə görə. başqalarının hazırladığı təndir 1-2 il istifadəyə yararlı olduğu halda. onun təndirini 8-10 il istifadə etmək mümkündür:
“Mən keçi tükü, gil daşlardan istifadə etdiyim üçün hazırladığım təndir çox gec xarab olur. həm də istiliyi özündə çox saxlayır. Başqa insanların hazırladığı təndir 1-2 il istifadədən sonra xarab olursa, mənim hazırladığım təndiri 8-10 il istifadə etmək mümkündür. Hətta Rusiya və Gürcüstandan da təndir sifarişləri alıram. Hər şeyi bu palçıqla işləyə-işləyə qazanmışam”.