“Tenderlərdə hansı şirkətin qalib gələcəyini Əli Həsənov müəyyənləşdirirdi”

Əli Həsənov, Foto: Meydan TV

Vüqar Səfərlinin məhkəməsindən: “Hətta hansı jurnalistlərin xarici səfərə aparılmasına da Əli Həsənov qərar verirdi”

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2009-2020-ci illərdə fəaliyyəti dövründə 20 milyon manatdan artıq büdcə vəsaitinin yeyintisi ilə bağlı məhkəmə araşdırmaları davam edir. Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə iclasında şahidlər dindirilib.

“Starloqistik” şirkətinin rəhbəri olmuş Sayad Vəliyevanın dindirməsindən məlum olub ki, KİVDF bu şirkətdən dəftərxana ləvazimatları alıb. Şirkəti 2018-ci ildə atasının təsis etdiyini deyən şahidin sözlərinə görə, direktor da atasının sürücüsü Çingiz Həsənov idi: “2019-cu ildə atam Çingizi işdən çıxardı, ona görə məni direktor təyin etdilər. Vüqar Səfərlini tanımıram. Mən direktor olandan sonra hər hansı alqı-satqı olmayıb. Atam vəfat etdi, 2020-ci ildə şirkət fəaliyyətini dayandırdı. Atamın hansı şirkətlərlə çalışdığından xəbərim yoxdur”.

Digər şahid Mirsəid Ağayev isə fondda informasiya texnologiyaları üzrə mütəxəssis kimi çalışıb:

“Fondda texniki işlərlə məşğul olurdum, çəkilislər edirdim. Tədbirlər keçiriləndə texniki işlərə baxırdım –slaydların hazırlanması və s. Tender Komissiyasının üzvü olmuşam, amma fəaliyyətim olmayıb. Fondda avadanlıq alanda mən baxırdım. Tenderlər keçiriləndə saytlarda, qəzetlərdə elan verirdik”.

Fondda 2014-cü ildən aparıcı məsləhətçi vəzifəsində çalışmış, həmçinin Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev də ifadə verib.

O bildirib ki, fondda rəsmi yazışmaların, hesabatların hazırlanması, tədbirlərin təşkili ilə məşğul olub, eyni zamanda, mətbuat xidməti funksiyasını da icra edib.

Fondun ildə üç dəfə (Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il) restoranlarda təşkil etdiyi ziyafətlərdən danışan Samir Mustafayev bildirib ki, həmin tədbirlərdə iştirak edəcək qonaqların siyahısının hazırlanmasında Vüqar Səfərli ilə birlikdə iştirak edib:

“Siyahılarda 250 nəfərə qədər adam olurdu. Bəzən elə olurdu ki, gələn qonaqların yanında əlavə adam olurdu. Məsələn, bir redaktor çağırılıb, yanında bir müxbir də gətirirdi ki, tədbirdən material hazırlasın. Demək olmazdı ki, o adam əyləşməsin. Buna görə açılan masaların sayı nəzərdə tutulandan artıq olurdu”.

Şahidin sözlərinə görə, fondun icraçı direktoru Vüqar Səfərli olsa da, bilavasitə rəhbərliyi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri olmuş, Prezidentin keçmiş köməkçisi Əli Həsənov həyata keçirirdi:

“Fondda həm də Müşahidə Şurası var idi. Müşahidə Şurasının iclaslarında qəbul edilən qərarlar, düzü, əvvəlcədən razılaşdırılırdı. Sadəcə iclasda müzakirəyə çıxarılır, qəbul edilirdi. 2017-ci ilə qədər Fondda Tender Komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq. 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən idim. İclaslarda da demişdim ki, işi elə görək, gələcəkdə indi düşdüyümüz vəziyyətə düşməyək. Tender qanunvericiliyinə formal əməl olunurdu. Məsələn, tender keçirilməsi haqda elan verirdik, başqa işlər görürdük. Elə bir tender yox idi kağız üzərində yazılsın, lakin həyata keçirilməsin. Amma düzünü deyim ki, tenderlərdə qalib əvvəldən razılaşdırılırdı. Yəni iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmırdı, araşdırma aparılmırdı”.

Şahidin ifadəsinin davamı noyabrın 25-də keçiriləcək növbəti məhkəmə iclasına saxlanıb.

Samir Mustafayev istintaqa ifadəsində deyib ki, tenderlərdə hansı şirkətin qalib gələcəyini Əli Həsənov müəyyənləşdirirdi. Jurnalistlər üçün bina tikintisi də ona yaxın şirkətə həvalə olunmuşdu. Onun sözlərinə görə, hətta hansı jurnalistlərin xarici səfərə aparılmasına da o qərar verirdi.

Bu iş üzrə təqsirləndirilən şəxslər arasında Vüqar Səfərli ilə yanaşı, jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, KİVDF-nin mühasibi olmuş Təhminə Yaqubova və digərləri var.

Fond yaranandan – 2009-cu ildən 2020-ci ilə qədər ibu quruma rəhbərlik etmiş Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.

Vüqar Səfərlinin bir sıra əmlaklarının, o cümlədən özünün və oğlunun bank hesablarındakı 850 min manat əmanətin üzərinə həbs qoyulub.

11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.

Ana səhifəSiyasət“Tenderlərdə hansı şirkətin qalib gələcəyini Əli Həsənov müəyyənləşdirirdi”