Tələbə statusuna görə universitetdən çıxarıla bilər

“Prorektor Sani Hacıyev atamla birlikdə məni dəvət elədi və bildirdi ki, fakültə, universitet rəhbərliyi, həm də hökumətə qarşı, prezident əleyhinə paylaşım eləmə, hətta statusu da “like” eləmək olmaz.  Əgər Bakı Dövlət Universitetində təhsil alırsansa, belə bir işlə məşğul ola bilməzsən. Məşğul olacağın təqdirdə ikinci belə hal təkrarlansa, universitetdən qovulacaqsan”- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi Ümman Səfərov belə deyir.

Bakı Dövlət Universitetinin tələbələri “Facebook”-da prezidenti tənqid etdikləri üçün və ya universitet müəllimləri haqqında tənqidi status yazdıqlarına görə xəbərdarlıq alırlar. Hər əl silkələməsindən sonra müəllimin səsi yayılır və ya sosial şəbəkədə statusla bildirilir.

“Dekanlıq haqqında bir dənə artıq-əskik, lağa qoyulacaq şəkildə bir cümlə yazsınlar ha Facebook-da, sosial şəbəkədə, bax bizim adımızdan deyin, nizam-intizam qaydalarına mən baxıram, mən dekan müavini baxıram. Şəxsən mən o nizam-intizam qaydaların pozduqlarına görə, dekanlığın, mətbəxin məsələsin çölə çıxardıqlarına görə onlara töhmət verdirəcəm. Bax deyirəm sizə... Axırıncı dəfə deyirəm ha...”- Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova söyləyir.

Ümman Səfərov deyir ki, əvvəl də tənqidi statuslar yazıb, amma buna görə xəbərdarlıq almayıb. Dekan müavini Aytəkin Zeynalovanın səs yazısının mətbuata ötürülməsindən sonra müəllimlərin ondan şübhələndiklərini deyir. Bakı Dövlət Universiteti yaydığı açıqlamada rektorluğun keçirdiyi iclasda dekan müavininin səhvini etiraf etdiyini bildirib.

Prezidenti tənqid etdiyi üçün təkcə tələbə yox, həm də repçi Camal Əli təhdid olunub. 6 yanvarda Camal Əlinin anası  Gülşən Əliyeva Sabunçu rayon Polis İdarəsinə aparılıb. Camal Əli deyib ki, valideyni vasitəsilə ondan “Heydər Baba” repini silmək tələb olunub.

“Anam mənə zəng eləyir və deyir ki, məni yenə bura (red. Sabunçu rayon Polis İdarəsinə) gətiriblər. Bizim qohumlarımızı, başqa adamları bura gətirəcəklər. Hamımızı işdən qovacaqlar. Bunun hamısının səbəbkarı sənsən. Tələb odur ki, sən “track”-i  “youtube”- dan siləsən”- Camal Əli müsahibəsində bildirib.

Azərbaycan demokratiya indeksinə görə, 165 ölkə arasında 148-ci yeri tutur. O, Afrika ölkəsi olan Zimbabvedən 5 sıra geridədir. Bunu  «The Economist Intelligence Unit» beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksində açıqlayıb.

Qafqaz ölkələrindən Gürcüstan demokratiyanın dərəcəsinə görə 78, Ermənistan 120-ci yeri tutub.

Bakı sakinlərindən soruşduq ki, nədən danışanda yüz ölçüb-bir biçirlər. Onların danışmaqdan çəkindikləri mövzular varmı?

-“Haqsızlıqlardan danışmaqdan çəkinmək lazımdır. Özümüz üçün çəkinməliyik, başqaları üçün yox. Çünki haqsızlığı deyəndə, düzgün danışanda vəzifə başında olanların çoxu öz siyasətlərin, tədbirlərin yerinə yetirirlər. Bizim üçün düzgün olmayan hərəkətlər edirlər yəqin ki... Yəqin ki, yox, fakt, sübut elədir. Biz öz ailəmizi fikirləşirik, universitetimiz var, ona görə danışmağa ehiyac yoxdur. Çünki istəmərik özümüzə problem yaransın”.

-“Dərs haqqında danışmaq istəmirəm. Kəsrlərim boldur, ona görə...”

- “Əgər sən bir dövlətin əleyhinə və ya dövlətə ziyan vurmayan bir söz varsa, sən onu aşkar edib kiməsə deyirsənsə, əlbəttə o böyük bir ziyandır. Həm hökumətin, həm xalqın ziyanınadır”.

-“Mən siyasi işlərə baş qoşmuram”.

- “Hökumət işlərinə qarışa bilmərəm, dövlət işlərinə qarışa bilmərəm”.

-“Çəkinmirəm, qorxum yoxdur, niyə çəkinməliyəm”?!

 

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nc5xzj

Ən çox baxılan