Təhsilə əngəl dərsliklər

”Kitaba baxırsan, bilmirsən gürcü dili kitabıdır, ya Azərbaycan”

Source:


”Kitaba baxırsan, bilmirsən gürcü dili kitabıdır, ya Azərbaycan”

“Sevinirdim ki, Gürcüstana köçsək də, burda təhsilimi öz dilimizdə, azərbaycanca davam etdirə biləcəm. Amma gözləntilərim puç oldu”.

Hazırda Tbilisdəki Azərbaycandilli məktəblərdən birində təhsil alan Nuranənin ailəsi artıq bir ildən çoxdur ki, Azərbaycandan Gürcüstana köçüb. O, yeddinci sinfə qədər Azərbaycanda təhsil alıb. Əvvəllər əlaçı olduğunu deyən Nüranə, hazırda Gürcüstanda öz doğma dilində təhsilini davam etdirməkdə ona əsas əngəl kimi dərsliklərin “bilingual”, yəni ikidilli olmasıdan giley edir:

“Mən hələlik gürcücə bilmirəm. Ona görə də dərsliklərdə mətnlərin qisminin gürcücə olması mənə çətinlik yaradır. Üstəlik, dərsliklərdə Azərbaycan dilində olan mətnlərdə də xeyli səhvlər var. Həm də yaxşı tərcümə olunmadığından məzmunu anlamaqda çətinlik cəkirəm. Dərsləri tam başa düşmək olmur”.

Gürcüstanda Azərbaycan, rus və ermənidilli məktəblərdə dərsliklərin azlıqların dilinə tərcümə edilməsi prosesi 2005-ci ildən başlanıb və elə o zamandan da keyfiyyət məsələsi daim müzakirə mövzusuna çevrilib. Tərcümələrin keyfiyyətindən ildən ilə nisbətən irəliləyiş müşahidə olunsa da, Gürcüstan Elm və Təhsil Nazirliyinin 2011-ci ildən dərsliklərlə bağlı bilingual sistemə keçməsi vəziyyəti daha da çətinləşdirməyə başlayıb. Belə ki, nazirliyin qərarı ilə qeyr-gürcü məktəblərində dərsliklərdəki mətnlərin yalnız 70 faizi etniklərin dilinə tərcümə edilir, 30 faizi isə dövlət dilində, gürcücə saxlanılır.

Hazırda Gürcüstanda 84 Azərbaycandilli orta məktəb var. Eyni zamanda 36 gürcüdilli məktəbdə Azərbaycan dili bölməsi də fəaliyyət göstərir. Azərbaycan dillində təhsil alan şagirdlərin çoxu hələ də gürcü dilini kifayət qədər yaxşı bilmədiklərindən dərsliklərin ikidilli olması onlara bir çox çətinlik yaratmağa başlayıb.

Nuranə də dərsliklərdə qarşılaşdığı səhvlərdən, ona çətinlik yaradan məqamlardan misal çəkir:

“Məsələn, V sinif Azərbaycan dilinin dərsliyində yiyəlik əvəzliyinin qrammatikasını VIII sinif kitabında təkrar veriblər, amma tamamilə səhv tərcümə ediblər. Həndəsədə məsələ Azərbaycan dilində verilir, izahı isə gürcü dilində. Müəllimə gürcücə olan hissəni başa sala bilmir. Başa düşməsək belə, növbəti dərsə keçirik və beləcə öyrənmə ardıcıllığı itir. Dəqiq fənlərdə bu sonrakı dərsləri də qavraya bilməmək deməkdir”.

Etniklər yaşayan bölgələrdə orta məktəb dərsliklərinin  keyfiyyətsiz tərcümə edilməsi məsələsi artıq bir neçə ildir ki,  həm müəllimlər, həm də valideynlər tərəfindən müzakirə edilir.

Marneuli rayonunun Candar kənd məktəbinin direktoru Vahid Namazov deyir ki, bir neçə dəfə bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediblər, lakin şikayətlərin ciddi nəticəsi olmayıb:

“Dərsliklərdəki tərcümə, hətta sadə termin səhvləri ilə bağlı iradlarımızdan sonra 2006-2007 tədris ilində yeni düzəlişlər edilmiş dərsliklərin məktəblərə paylanlmasına başlanıldı. Lakin son 5 ildə dərsliklər yeniləndi və kitabların bəzi hissələri gürcü dilində yazıldı. Bu isə daha ciddi problem yaratmağa başladı. Bizim məktəbdə də gürcü dilində bilməyən müəllimələr var. Onlar bu hissələrin tədrisində çətinlik çəkirlər”.

Marneuli rayonu 1 saylı Sadaxlı kənd məktəbinin müəlliməsi Tamam Şərifova isə deyir ki, dərsliyin ikidilli olması xüsusən bölgələrdə yaşayan etniklərin təhsil keyfiyyətinə mənfi təsir edir:

“Xüsusən Kvemo-Kartli ərazisində orta nəsil gürcü dilində bilmir. Yəni valideyn kitabda gürcücə olan mətni anlamadığından evdə uşağına yardım edə bilmir. Üstəlik, etiraf etməliyik ki, məktəblərdəki müəllimələrin də əksəriyyəti gürcü dilini normal bilmir. Məsələn, mən çox vaxt kitabın gürcü dilində olan hissəsini izah edə bilmirəm. Gürcü dili müəllimələrindən kömək istəyirəm. Bundan başqa, tərcümələr bərbaddır. Ədəbiyyatda hətta bir çox şeirlər Azərbaycan dilindən təhrif edilərək tərcümə edilib”.

Tamam Şərifova deyir ki, artıq qeyri-gürcü məktəblərində iki ildir gürcü dili dərsləri həftənin beş günü keçirilir və ikinci dil kimi öyrədilir. Bununla belə, o, hesab edir ki, hələlik etnik şagirdlərin gürcücə bilgiləri tam qaneedici deyil və bu səbəbdən də dərsliklərin sırf azərbaycanca olması lazımdır.

Mareuli rayonunun Sadaxlı kənd sakini Narin Abbaslı da deyir ki, nə gəlini, nə də özü nəvələrinə dərs öyrənməkdə kömək edə bilir:

“Kitaba baxırsan, bilmirsən gürcü dili kitabıdır, ya Azərbaycan. Bir səhifənin yarısı gürcü dilindədir, yarısı azərbaycanca. Balaca nəvəm gürcü dili olan hissələri öyrənə bilmir. 8-ci sinifə gedir, Azərbaycan tarixini oxuyur, yarısı gürcü dilindədir deyə, həmin hissəni öyrənə bilmir. Tariximizi belə necə öyrənsin uşaqlar?!”

Marenuli rayonunun Sarvanlı kənd məktəbinin müəlliməsi Mahirə Əliyeva da deyir ki, dərsliklərin keyfiyyətsiz, bilingual sistemin səmərəsiz olması ilə bağlı məktəb direktoruna və onun köməyi ilə nazirliyə məktub yazıblar. Lakin nazirlik dərsliklərdəki əngəllərin aradan qaldırılması ilə bağlı hələlik hansısa bir planının olduğunu açıqlamayıb.

Gürcüstan Elm və Təhsil Nazirliyinin nümayəndəsi Tamar Gorgidze rəsmi sorğuya cavab olaraq bildirir ki, yaxın vaxtlarda qurum yeni təhsil planına uyğun olaraq qeyri-gürcü məktəbləri üçün dərsliklərin hazırlanması ilə bağlı müsabiqə elan edəcək:

 “Gürcüstan Elm və Təhsil Nazirliyi etniklər üçün nəzərdə tutulan dərslikləri 2017-2018 tədris ili üçün yeniləməyi, təkmilləşdirməyi nəzərdə tutur. Burada təbii ki, tərcümə məsələsi də nəzərdən keçiriləcək.  Bu prosesdə nazirlik istənilən hüquqi və fiziki şəxslərdən tövsiyələrə açıqdır və onlara öz təkliflərini verməyə imkan yaradılacaq”.

Mülki İnteqrasiya və Etnik Əlaqələr Mərkəzinin sədri Şalva Tabatadze deyir ki, mərkəzin araşdırmaları da etniklər üçün olan dərsliklərin tərcümələrində ciddi səhvlərin olduğunu üzə çıxarıb. Bununla yanaşı, ekspert hesab edir ki, dərsliklərin tərcüməsində tətbiq edilən 30-70 faiz nisbəti də heç bir elmi-metodoloji sübutlara əsaslanmır və heç bir təhsil prinsipləri ilə uyğun gəlmir:

“İkidilli dərsliklərin məqsədi etniklərin gürcü dilini öyrənməyə təşviq məqsədi daşıyırsa, bu, əksinə onların keyfiyyətli təhsil almasında əsas bariyerlərdən birinə çevrilib. Yaxşı olardı ki, Təhsil Nazirliyi dərsliklərin kurikulumu və qiymətləndirilməsinə yenidən baxsın və elə bir mexanizimlər hazırlansın ki, bu, ikidilli sistemi həqiqətən də onların gürcücəni, eləcə də dərs fənlərini  daha yaxşı öyrənməsi üçün effektiv olsun”.

Nuranə isə deyir ki, hələ ötən ildən yarım qalan, öyrənə bilmədiyi çoxlu səhifələr, məsələlər var. Üstəlik, bu ilin natamamlıqlarının da qayğısını çəkir…

Ana səhifəReportajTəhsilə əngəl dərsliklər