“Məktəblərdə pul yığımının qarşısını almaq üçün yeni mexanizmə ehtiyac var”
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı sərəncamlarla əlaqədar brifinq keçirib.
Brifinqdə jurnalistlərin suallarını cavablandıran nazir dövlət bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsini müsbət qiymətləndirib.
Dekabrın 20-də ölkə başçısının imzaladığı sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.
Uşaq bağçaları son 10 ildə yerli icra hakimiyyətlərinin tabeliyində olub.
Digər sərəncama əsasən, təhsil şöbələrində struktur dəyişikliyi edilərək regional idarələr yaradılıb.
Hazırda ölkədə 1825 bağça fəaliyyət göstərir. 1692-si dövlət bağçasıdır.
Emin Əmrullayev deyib ki, bağçalarda ümumi uşaq sayı 126509-dur.
Nazir bildirib ki, gələcəkdə özəl bağçaların sayı artırılacaq, həmçinin uşaq bağçalarında işə qəbul müəllimlərdə olduğu kimi test qaydası ilə aparılacaq.
Meydan TV əməkdaşının icra hakimiyyətlərinin təhsilə müdaxiləsi ilə bağlı verdiyi suala cavabında nazir qeyd edib ki, yeni sərəncam ikili tabeliliyə son qoyacaq.
O vurğulayıb ki, təhsil sisteminin vahid yerdən idarə olunması səmərəliliyi artırır.
“Məktəbəqədər təhsil istiqamətində vahid dövlət siyasətinin olması çox vacibdir. Bütün məktəbəqədər təhsil müəssisələri eyni şərtlər çərçivəsində idarə olunmalıdır”, – deyə təhsil naziri vurğulayıb.
Nazir yeni yaradılacaq regional təhsil idarələrinin fəaliyyəti haqda danışıb. O deyib ki, idarələrin fəaliyyəti qarşıdakı aylar üçün nəzərdə tutulub: “Həmin qurumlardan gözləntilər böyükdür. Onlar özlərini doğrultduqca yeni səlahiyyət və vəzifələr veriləcək”.
Emin Əmrullayev məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib.
O, bəzən şikayətlərin anonim xarakterli olduğunu deyib.
Əlavə edib ki, şikayətlər tam əhatəli olmadığı üçün bəzən ona baxmaq olmur.
Emin Əmrullayev məktəblərdə pul yığımının qarşısının alınması üçün yeni mexanizmə ehtiyac olduğunu deyib:
“Məktəblərdə qeyri-qanuni pul yığılması, bununla bağlı ictimaiyyətin narahatlığı bu günün söhbəti deyil. Hətta mən məktəbdə oxuyanda belə bu məsələlər var idi. Bu, bizim cəmiyyətin xroniki bir problemidir. İstəmirəm ki, fikirlərim təhrif olunsun. Biz açıq ictimai müzakirəyə başlayanda, fikirlər təhrif olunur və tamamilə başqa istiqamətə gedir”.
“Hesab edirəm ki, bununla bağlı mexanizm olmalıdır. Burada söhbət icbari təhsilin pullu, ödənişli olmağından getmir. Təbii ki, icbari təhsil pulsuzdur. Bir dəfə dedim ki, məktəblərimiz şəffaf qaydada “fundraising”lə (“fundraising” iqtisadi, siyasi və ya sosial məqsədlər üçün ictimaiyyət nümayəndələrindən vəsaitin yığılmasıdır-red) məşğul ola bilərmi? Dedilər ki, yeni nazir müasir texnologiyaların altında gizlənərək, məktəblərdə rüşvətxorluğu təşviq edir. Mən rüşvətxorluğu təşviq etmirəm və bunun əleyhinəyəm”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, yeni mexanizm həm də təhsilə ediləcək yatırım sayıla bilər:
“Fundraising” nədir? Vətəndaş istəyirsə, bütün vergilərini ödəyəndən sonra, əlində olan bir manatını təhsilə yatırım edir. Bu, pisdirmi, günahdırmı, ayıbdırmı? Əgər bu ayıbdırsa, günahdırsa, deməli, vətəndaş bunu etməməlidir. Əgər bu, mümkündürsə, cəmiyyət olaraq, bu mümkünlüyü qəbul ediriksə, bundan sonra oturub, sağlam, şəffaf sistem fikirləşməliyik”.
“Vətəndaşın bir manatını özünün və ya digər insanların daha yaxşı təhsili üçün xərcləmək hüququnu tanıyaq və icra edək. Bununla bağlı mexanizm hazırlanmalıdır, hətta bir neçə seçim də təqdim edə bilərəm”, – Emin Əmrullayev belə deyib.
“Məktəblərdə pul yığılması ilə bağlı qaldırılan məsələnin müzakirəsi bu platformada aparılmalıdır”, – nazir əlavə edib.
“Qanun pozuntusu nə vaxt olur? Qayda olmayanda. Ona görə də qayda olmalıdır. Ya qayda deməlidir ki, bu mümkün deyil, qadağandır. Bu halda biz başa düşməliyik ki, məktəbə əlavə resurs gəlmir. Təhsil elədir ki, ora nə qədər çox resurs gəlirsə, bir o qədər nəticələr yaxşı olur. Əlavə bir manatın əlavə dəyəri var. Bu, qayda çərçivəsidə olmalıdır. Məcburi olmamalıdır. Şəffaf olmalıdır. Valideynin istəyi əsasında olmalıdır. Cəmiyyət kimi biz bu mexanizmi razılaşdırmalıyıq. Heç kim məcbur edilməməlidir. Kim istəmirsə, bunda iştirak etməməlidir. İştirak etməyən adam da bununla bağlı fikir bildirməməlidir”, – deyə o qeyd edib.
Emin Əmrullayev jurnalist Röya Rəfiyevanın oğlu ilə bağlı 116 nömrəli tam orta məktəbdə baş verən qalmaqala da münasibət bildirib:
“İnanıram ki, müəllim bunu şagirdi alçatmaq üçün etməyib. Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İzahatında da qeyd etmişdi ki, bilmədən saçının uzun olduğuna görə elə təqdim edibmiş. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəsin”.
Hadisə dekabrın 13-də Almaniyadan deportasiya olunan jurnalist Röya Rəfiyevanın 11 yaşlı oğlu ilə bağlı baş verib.
116 nömrəli məktəbin müəllimi jurnalistin oğlunun saçının uzun olması səbəbindən onu şagirdlərə qız kimi təqdim edib.