Tbilisidə etnik azərbaycanlı yeniyetmə bıçaqlanıb

Foto: Doidam 10\shutterstock

Anası yeniyetmənin Azərbaycan dilində danışdığı üçün hücuma məruz qaldığını iddia edir

İyunun 10-da Tbilisinin Vaşlicvari qəsəbəsində 15 yaşlı etnik azərbaycanlı yeniyetmə Əli Mehtiyev bıçaqlanıb.

Zərərçəkənin anası Sevinc Quliyevanın sözlərinə görə, hadisə Əli işdən qayıtdıqdan sonra dostu ilə küçəyə çıxarkən baş verib. Bildirilir ki, təxminən 55 yaşlı qonşu yeniyetməyə qarşı təhqiramiz ifadələr işlədib. Əli ona cavab verdikdən sonra tərəflər arasında mübahisə yaranıb.

Sevinc Quliyeva iddia edir ki, münaqişənin yaranmasına oğlunun etnik azərbaycanlı olması və dostu ilə Azərbaycan dilində danışması səbəb olub. Onun sözlərinə görə, qonşu Əlinin Azərbaycan dilində danışmasına etiraz edib və bundan sonra yeniyetməni təhqir etməyə başlayıb.

Ana bildirib ki, qonşu əvvəlcə Əlinin başına toqqayla zərbə vurub. Daha sonra münaqişəyə həmin şəxsin 26 yaşlı oğlu da qoşulub.

Sevinc Quliyevanın sözlərinə görə, ata Əlini saxlayıb, onun oğlu isə yeniyetməyə beş bıçaq zərbəsi endirib.

“Əli onların əlindən qaçaraq hadisə yerindən təxminən 400 metr aralıda yerə yıxılıb. O, çoxlu qan itirib. Oğlum bel, qarın və ayaq nahiyələrindən bıçaqlanıb. Hazırda reanimasiyadadır. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər”, – Sevinc Quliyeva bildirib.

O qeyd edib ki, yaşadıqları küçədə çox sayda azərbaycanlı ailə yaşayır. Sevinc Quliyevanın iddiasına görə, hadisədə iştirak edən şəxslərdən biri əvvəllər də etnik azərbaycanlı sakinlərə qarşı təhqiramiz ifadələr işlədib və onlarla münaqişə edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 26 yaşlı şəxs saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində yaranan qarşıdurma zamanı yetkinlik yaşına çatmayan şəxsə soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin üçüncü hissəsi ilə istintaq aparılır. Sözügedən maddə yetkinlik yaşına çatmayan şəxsə qəsdən ağır bədən xəsarəti yetirməyə görə məsuliyyət nəzərdə tutur.

Hadisədə istifadə olunduğu bildirilən bıçaq maddi sübut kimi götürülüb.

Ana səhifəXəbərlərTbilisidə etnik azərbaycanlı yeniyetmə bıçaqlanıb