Tbilisi Məhkəməsi Əfqan Sadıqovun şikayətini təmin etməyib

Əfqan Sadqıov Gürcüstanda saxlanılarkən. Foto: Sevinc Sadıqova

56 gündür aclıq edən Əfqan Sadıqov məhkəməyə əlil arabasında gətirilib

Tbilisi Şəhər Məhkəməsi noyabrın 15-də Azərbaycanın “Azel TV” saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstanda siyasi sığınacaq almaq müraciətinə imtina cavabı ilə bağlı şikayətinə baxıb.

Həyat yoldaşı Sevinc Sadıqova “Turan”a bildirib ki, 56 gündür aclıq edən Əfqan Sadıqov məhkəməyə əlil arabasında gətirilib.

O, məhkəmədə bildirib ki, hakimiyyəti tənqid etdiyinə görə cəzalandırılması üçün Azərbaycanda ona qarşı qondarma ittihamlarla cinayət işi açılıb.

Müdafiə tərəfi onu da qeyd edib ki, Əfqan Sadıqov Azərbaycanda artıq iki dəfə siyasi məhbus taleyini yaşayıb və onu yenə də ədalətsiz mühakimə gözləyir.

Məhkəməyə müdafiə tərəfinin mövqeyini təsdiq edən beynəlxalq təşkilatların bəyanatları təqdim olunub.

Lakin məhkəmə şikayəti təmin etməyib.

Sevinc Sadıqova məhkəmənin qərarını siyasi hesab edir.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Sevinc Sadıqova qeyd edib ki, Əfqan Sadıqov səhhətinin ağır olmasına baxmayaraq, aclıq aksiyasını davam etdirmək niyyətindədir.

“Əfqanın başına nəsə gələrsə, buna baiskar Azərbaycan və Gürcüstan hakimiyyətləri olacaq”, – Sevinc Sadıqova bildirib.

Əfqan Sadıqov təqibdən ehtiyat edərək, 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib.

İyulda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Əfqan Sadıqov həbs edilib. Bakıda onu hədə yolu ilə tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər.

O, həbsinə və ona sığınacaq verilməməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və onu həbsxana xəstəxanasına köçürüblər.

Ana səhifəSiyasətTbilisi Məhkəməsi Əfqan Sadıqovun şikayətini təmin etməyib