Tarixi binaların tarixə qovuşması ilə üz-üzə: «Axı Bakının ruhu bu kiçik binalarda yaşayır”

Foto: Dilqəm İsmayılovun facebook səhifəsi

Tarixçi Pyer Nora yazırdı ki, xatirələri özümüzlə daşımırıq, məkanlar onları bizə xatırladır. Məkanlar yoxa çıxdıqda yaddaş da zəifləyir.

Bakının qala divarlarının çölündə salınan, 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində neft bumu dövründə inkişaf edən, Avropa memarlığı ilə Şərq mədəniyyətinin kəsişdiyi Bayırşəhər də hazırda yoxa çıxmaq təhlükəsilə üz-üzədir.

Bayırşəhərin tarixçəsi haqqında qısaca

1850-1920-ci illəri əhatə edən ilk Neft Yüksəlişi dövründə Bakı surətlə qala divarlarından xaricə doğru böyüməyə başlamışdı.1859-cu ildə Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçməsi və Bakı quberniyasının yaradılması ilə vəziyyət daha da ağırlaşdı. Onsuz da çox darısqal şəraitdə yaşayan Bakıda quberniya idarələri və məmurları üçün yer tapmaq müşkülə çevrildi. Şəhərdə ikimərtəbəli, bəzən dördmərtəbəli binaların tikilməsi ilə də məsələ həll olunmurdu. Əhali isə qala divarlarından xaricə çıxmaq istəmir, basqınlardan çəkinirdi. Lakin zaman öz sözünü dedi: neft sənayesinin sürətli inkişafı ilə qala divarlarının xaricində iri ticarət mərkəzləri yaradılır, əzəmətli binalar ucalır, hündür yaşayış binaları tikilirdi. İçərişəhər və Bayırşəhər məfhumlarının da yaranması məhz bu dövrə təsadüf edir. Qala divarları içərisində qalmış şəhər İçərişəhər, qala divarlarından kənarda yaradılmış yeni şəhər isə Bayırşəhər adlanmağa başladı.

“Kiçik vətənimizdən köçmək istəmirik”

Memar Abdul Hüseynov deyir ki, Bayırşəhərin sökülməsi prosesi 10 il öncədən başlayıb əslində. O zamanlar “Sovetski”nin söküntüsü zamanı bəzi tarixi abidələr dövlət reyestrindən çıxarılmış, Bayırşəhərin bir hissəsi o zaman sökülmüşdü. Söküntülərdən sonra park salınmış, proses bir müddətlik dayandırılmışdı, amma sakinlərin dediyinə görə, inventarlaşdırma üçün evlərinə 4-5 dəfə gəlib-gediblər. Bezənlər evlərini satıb gedib, qalanlar isə qalmaqda israrlıdırlar.

"Sovetski" foto Turan İA
Foto: “Turan”

Biz hər hansı şərt qarşılığında və heç bir halda yaşadığımız evlərdən – bizim bu kiçik vətənimizdən köçmək istəmirik. Lakin, bizə psixoloji və mənəvi təzyiqlər davam etdirilir”, – Prezidentə ünvanladıqları məktubda şəhər sakinləri belə yazır.

Bakının 2023-cü ildə təsdiqlənən Baş planında Bayırşəhər və Təzəpir məscidinin məhəllələrinin Xüsusi Mühafizə Zonası olaraq qeyd olunması, sakinlərin ürəyinə su sərpmişdi. Çünki plana əsasən, bu ərazidə yerləşən istər ölkə əhəmiyyətli abidə, istər yaşayış binası qorunmalıdır. Bərpa və ya yenidənqurma lazım olarsa, bu, yalnız qanunla müəyyən edilmiş müvafiq orqanlar və mütəxəssislər tərəfindən aparılmalıdır.

Lakin bu ilin mayında xəbər yayıldı ki, Bakı Şəhəri İcra Hakimiyyəti şəhərin yeni Baş Planına uyğun olaraq Bayırşəhərin də daxil olduğu ərazilərdə, 20-ci əsrin əvvəllərində tikilmiş, istismar müddətini başa vurmuş, həmçinin “şəhərin görkəminə xələl gətirən” tikililərin sökülməsi, yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi üçün komissiya yaradıb. Hərçənd ərazinin sökülməsi çoxdan planlanmış, binalar nömrələnmişdi, yəni çoxları üçün bu xəbər təəccüb doğurmadı, amma etirazsız da ötüşmədi.

Sosial mediada “Baş plana əsasən, heç bir icra hakmiyyəti orqanının burda söküntü aparmaq səlahiyyəti yoxdur”, “Göz qabağında tariximiz məhv edilir”, “Olan-qalan Bakı üçün SOS” yazılı postlar paylaşıldı.

Söküntü işlərinin dərhal dayandırılması üçün “Bakı üçün imzala” adlı kampaniya başladıldı. Kampaniyada 1000-dən çox adam iştirak etdi. Bayırşəhəri yaddaşlarda yaşatmaq üçün sənədli film də çəkildi.

Lakin bütün bu etirazların fonunda söküntü işləri dayanmırdı. Bir-bir, yavaş-yavaş binalar sıradan çıxarılırdı.  

Bakının Yasamal rayonu Təzəpir məscidinin tinindən Daxili işlər Nazirliyi və Baş Prokurorluğunun binalarına qədər olan ərazilərin sökülməsi və Mərkəzi Parka birləşdirilməsi planlanırdı.

“O vaxt əhalini güllələyirdilər, amma evlərə toxunmurdular”

Memar Abdul Hüseynov Bayırşəhərin tarixi əhəmiyyətindən danışır, deyir, burada mədəni məişət binaları, dini abidələr, mədrəsələr, məktəblər, hamamlar, ev muzeyləri yerləşir. Hətta memarın dediyinə görə, 2015-ci ildə bəzi memarlıq abidələri reyestrdən çıxarılıb və indiyə kimi geri qaytarılmayıb. Həmin abidələrin reyestrə qaytarılması üçün Mədəniyyət Nazirliyinə müraciət olunsa da, cavab almaq mümkün olmayıb.

“100 il əvvəl bolşeviklər ermənilərlə birgə bu əraziyə hücum edəndə yerli əhali onlara qarşı müqavimət göstərmişdi. İndi həmin ərazidə insanların evləri əlindən alınır və sökülür. Onlar yenə müqavimət göstərirlər. O vaxt əhalini güllələyirdilər, köçürürdülər, amma evlərə, tarixi mülklərə toxunulmurdu. Amma öz millətimizdən olanlar bunu edir. İnsanlar istəsələr, evlərini sata və köçə bilərlər, bu onların haqqıdır. Amma evi niyə dağıdırsınız? Axı Bakının ruhu bu kiçik binalarda yaşayır”.

Memar deyir, məsələni nə qədər gündəmdə saxlamağa çalışsalar, dəfələrlə rəsmi qurumlara müraciətlər etsələr də, söküntülər dayanmaq bilmir.

“Bəşir Səfəroğlu küçəsindəki bir evin sakinlərini köçürüb, evi də dağıtmağa başlayıblar. Eyni hal dəfələrlə təkrarlanır. Tolstoy küçəsində Məşədi Qafar İsmayılov tərəfindən layihələndirilmiş, birmərtəbəli gözəl tarixi bina var idi, o da dağıdılırdı, rəsmi qurumlara məktub yazdıq, iki gündən sonra söküntünü dayandırdılar. Zərgərpalan küçəsində şəxsi mülkü dağıtmağa başladılar. Başa düşürəm, həmin bina tarixi abidə statusunda deyil, amma “Xüsusi Mühafizə Zonası” kimi təyin olunan ərazidə belə hərəkətlər etmək olmaz. Bu qanunsuzdur”.  

Bayırşəhərin sökülməsi mövzusunda hökümətə yaxın medialar da danışır, sakinlərin şikayətlərini dinləyirdilər. Nəticə olaraq belə cavab verirdilər ki, həmin ərazilərdə tarixi mədəniyyət abidələrinin sökülməsindən söhbət gedə bilməz. Amma sual yaranır, Bayırşəhərin əhəmiyyəti təkcə tarixi binalardadırmı?

Memar cavablayır ki, yox, dəyər yalnız abidə olan binalarda deyil, ətrafdakı adi evlər də bu bütövlüyün bir hissəsidir. Hər bir abidənin tarixi dəyərini anlamaq üçün təkcə ona yox, yerləşdiyi məkana da baxmaq lazımdır. Yaşayış binaları dekorasiya deyil, tarixi abidələr üçün fondur. Abidəni tamamlayan, onu maraqlı, informativ edən də məhz bu fondur.

“Bəli, burada qəzalı binalar var, amma bu o demək deyil ki, onları sökmək lazımdır. Əgər bina qəzalıdırsa, onu bərpa etmək olar. Necə ki, xəstə insan sağala bilər, bu binalar da “sağaldıla” bilər. Üstəlik, burada insanlar icma kimi yaşayır, bir-birilərinə qohum kimidirlər. Kimisə buradan çıxarıb uzaq bir yerə, məsələn, Masazıra köçürmək həm psixoloji, həm sosial baxımdan zərərlidir”.

“Cəzalar gülüncdür”

Hüquqi tərəfinə gəlincə, vəkil Fuad Ağayev bildirir ki, Konstitusiyanın 77-ci maddəsinə əsasən, tarix və mədəniyyət abidələrinin qorunması hər kəsin vəzifəsidir. Eyni zamanda, Nazirlər Kabinetinin 2001-ci il tarixli 132 saylı qərarı tarixi abidələrin əhəmiyyətinə görə dövlət mühafizəsinə götürülməsini və bölgüsünü tənzimləyir. Amma Azərbaycanda qanunlarla reallıqlar hər zaman üst-üstə düşmür:

Fuad Ağayev foto Meydan TV
Foto: Fuad Ağayev

“Məsələn, Nazirlər Kabinetinin həmin siyahısına Füzuli və Şəmsi Bədəlbəyli küçələrindəki bəzi evlər də daxil edilmişdi, amma 2010-2011-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti bu ərazidə bir çox daşınmaz mədəniyyət abidəsini qanunsuz şəkildə sökdü. Halbuki, icra hakimiyyətinin bu cür abidələri sökməyə hüququ yoxdur”.

Vəkil ölkədə qanunsuz söküntülərə qarşı çox yüngül cəzalar nəzərdə tutulduğunu da söyləyir. Məsələn, İnzibati Xətalar Məcəlləsinə əsasən, mühafizə olunan mədəni sərvətlərin aidiyyəti dövlət qurumunun razılığı olmadan sökülməsi və dağıdılmasına görə fiziki şəxslər 1500 manat, vəzifəli şəxslər 3 min manat, hüquqi şəxslər 10 min manat məbləğində cərimə edilir, cinayət işi açılarsa, ya 2 ilədək azadlıqdan məhrumetmə, ya da 2-4 min manat cərimə nəzərdə tutulur.

“Əlbəttə ki, sanksiyalar sərtləşdirilməlidir. Təsəvvür edin ki, tarixi dəyəri çox yüksək olan hansısa obyekt məhv edilir, yaxud zədələnir, bir neçə min manat cərimə ilə məsələ bağlanır. Bu, çox gülünc yanaşmadır. Düzü, bu maddələr heç tətbiq də olunmur. 2010-ci ildən bu yana apardığım işlərdə qanunsuz söküntülərlə bağlı dəfələrlə müraciətlər olsa da, bu maddələrlə cinayət işlərinin açılmasına rast gəlməmişəm”.

Vəkil Azərbaycandakı qanunsuz söküntülərə beynəlxalq reaksiyaların gəldiyini də vurğulayır.

“Məsələn, İçərişəhərdəki söküntülərlə bağlı UNESCO 2003-cü ildə Bakını “təhlükədə olan dünya irsi siyahısına” daxil etmişdi, amma 2009-cu ildə bərpa planı təqdim olunduqdan sonra Bakı siyahıdan çıxarılıb. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı qanunsuz söküntülərlə bağlı bir neçə qərar çıxarıb”, – deyə Fuad Ağayev bildirir.

Oxşar ssenarilər…

Azərbaycanda tarixi və mədəni abidələrin yerləşdiyi məhəllələrin sökülməsi nə ilkdir, yəqin nə də son.

Bundan əvvəl “Sovetski” kimi tanınan, Bakının Yasamal rayonunda yerləşən tarixi məhəllədə 2014–2016-cı illərdə aparılan söküntü işlərində dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də sökülmüşdü. Sayı bu gün də bilinmir, o vaxtkı Mədəniyyət və Turizm Nazirliyi binaların gah 230, gah da 118 olduğunu deyirdi. Hətta keçmiş nazir Əbülfəs Qarayev “Sovetski”də 118 tarixi abidə olduğunu, onlardan yalnız on beş-on altısının saxlanacağını bildirmişdi.

O zaman da tarixi binaların sökülməsilə bağlı sakinlərin ciddi narazılıqları vardı. Məsələn, Azərbaycanın ilk kinorejissorlarından və aktyorlarından biri, əməkdar artist, repressiya qurbanı Abbas Mirzə Şərifzadənin və onun həyat yoldaşı SSRİ xalq artisti Mərziyə Davudovanın yaşadığı üçmərtəbəli tarixi bina sökülmüşdü.

“Şərifzadəni bu evdən həbs edib aparıblar, sonra da güllələyiblər. Həmin vaxtlar məhz bu evdən axtarış vaxtı götürdükləri tamaşa üçün oyuncaq “silahları” gerçək silah kimi sənədləşdirib rejissora qarşı ittiham irəli sürüblər. Bunlar hamısı tarixdir. Bu tarix 1 əsrə yaxındır ki, icra hakimiyyətinin sökdüyü həmin üçmərtəbəli evdə yaşadılırdı”,- Azadlıq radiosuna müsahibə verən “Sovetski” sakini binanın sökülməsinə belə etiraz etmişdi.

O vaxt Yasamal rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, həmin bina tarixi abidələr siyahısından çıxarılıb. Halbuki Abbas Mirzə Şərifzadənin evi 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüşdü.

Zaman, məkan, qəhrəmanlar dəyişib, amma ssenari hələ də eynidir. Yenə hansısa qanuni sənədə zidd olaraq tarixi binalar sökülür.

Planda Bayırşəhər

Rejissor, “Planda Bayırşəhər” filmin müəllifi Elməddin Süleymanov da məhz “Sovetski”, “Kubinka”, “Basin” kimi məhəllərdə başlayan kütləvi söküntülərdən sonra Bakının imicinin dəyişməsindən narahat olub. Buna görə şəhərin yaddaşı üçün söküntülərdən öncəki Bayırşəhəri arxivləşdirmək qərarına gəlib.

Foto sosial şəbəkədən

“Bu gün belə mən 10 il əvvəlki məhəllələrin, istər söküntüdən əvvəl, istərsə də söküntüdən sonrakı arxiv videolarını tapa bilmirəm. Sanki o məhəllələr, xatirə və hekayələr heç vaxt yaşanmayıb, Bakı sanki belə bir əzəmətli tarixin daşıyıcısı olmayıb hissini yaşayıram. Bu filmi sənətçi və vətəndaş məsuliyyətimlə çəkmək istədim. Orada idim, hekayəni gördüm, Bayırşəhərin şeir kimi küçələrdən kameramla birgə keçdim, tarixin şahidi olmaq istədim”.

18 dəqiqəlik filmdə rejissor bayırşəhərlilərlə söhbətləşir, memarlarla birgə küçələri gəzir, ərazinin əhəmiyyətindən danışırlar. Rejissor sakinləri nikbin və mübariz xatırladığını söyləyir.

“Ümumiyyətlə Bayırşəhər icması haqda belə bir təsəvvür yaradılır ki, sanki sakinlər yaşadıqları küçələrdən beziblər, sanki orada tüfeyli həyat hökm sürür, hər yer zibillikdir, evlər sınıx salxaq vəziyyətdədir və ya insanların əksəriyyəti təklif ediləcək ən yaxşı məbləği düşünürlər v s. Formalaşdırılan bu tip fikirlərin media manipulyasiyası olduğunu görmək üçün Bayırşəhəri gəzmək, sakinlərlə ünsiyyətdə olmaq kifayətdir. Onlar təkcə xatirələrini yox, hüquqlarını da müdafiə edirlər”.

Sakinlərin mübarizəsindən söz düşmüşkən, bir tərəfdə söküntü işləri getsə də, Bayırşəhərin tarixi binaları yavaş-yavaş elə tarixə qovuşsa da, sakinlər etirazlarından geri qalmır, ümidsizliyə qapılmırlar. Gah dövlət qurumlarına, ölkə başçısına məktublar göndərir, gah ictimailəşdirərək söküntüyə mane olur, mediaya danışır, səslərini duyururlar. Bu günlərdə isə hər kəs öz evinin qarşısına belə bir yazı yapışdırıb, etiraz edir: “Diqqət! Diqqət! Bayırşəhər məhəlləsi tariximizdir! Məhv etməyin!”.  

Ana səhifəSosialTarixi binaların tarixə qovuşması ilə üz-üzə: «Axı Bakının ruhu bu kiçik binalarda yaşayır”