Rəşid Məmmədov artıq uzun illərdir tar təmir etməklə məşğuldur. İlk emalatxanasını da təxminən 30 il öncə açıb. Hazırda Bakının Kubinka deyilən yerdə, Cəlil Məmmədquluzadə 42 ünvanında müxtəlif cür musiqi alətləri təmir etməklə məşğuldur. Tar ustası olmamışdan öncə isə 30 ilə yaxın Layihə İnstitutunda çalışıb. Maaşı az olduğundan tar təmir etmək peşəsinə yönəlib.
“Əvvəl işlədiyim institutda maaş az idi, mən də rəhbərlikdən gizlin tar düzəltməyə başladım. İlk tarı da 1970-ci ildə düzəltdim. O vaxtdan ta bugünə kimi bu işlə məşğul oluram” – deyir.
Rəşid ustanın sözlərinə görə, düzətdiyi tarları əvvəllər çox satardı. Vaxtilə hər ay 2-3 tar satarmış. Təxminən 400-800 manata. Amma indi vəziyyət əvvəlkindən də pis olub. İndi heç ilə bir tar belə satmaq mümkün deyil: “Ötən əsrin 90-cı illərində də vəziyyət çətin idi. İndi alıcı yoxdur. Vaxtilə 400- 800 manata da tar satmışam. İndi isə, ümumiyyətlə, alıcı belə yoxdur. İndi işim çox çətindir. Əvvəllər ayda 2-3 tar satırdım. Onda adam da həvəsli olur. İndi ildə bir tar sataram, ya yox”.
Rəşid usta bir tarı hazırlamaq üçün təxminən iki ilə yaxın vaxt sərf edir:
“Ağacı kəsib doğramaq, sonra onu yonub bir formaya salmaq, daha sonra ağacı qurumağa qoymaq lazımdır ki, iş keyfiyyətli olsun. Tarın bir üstünlüyü var ki, ağacı yaş-yaş yonub düzəltmək lazımdır. Sonra ən azı bir il qalıb qurumalıdır. Nə qədər çox qurusa, bir o qədər yaxşıdır. Bir tarın hazırlanması, heç olmasa, 2 il çəkir. Kal ağacdan tar olmaz. Səsi yaxşı çıxmaz, həm də tez əyilər”.
Rəşid usta tardan başqa digər musiqi alətləri də düzəltməyi də bacarır. Bunların içində saz, bəntar, çoğur alətləri də yer alıb.