“Tanrı”nın tanımadığı azərbaycanlılar

Yazar: Rəşad Ergün

Canni De Byazi. Foto: “korner.az”

Azərbaycanda yaşamağın, azərbaycanlı olmağın cəfasını çəkən insanlardır onlar

“Üç milyon əhalisi olan Bakıda Tanrı kimi yaşayırsan. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib”.

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib. İtaliyalı, ölkəsinin mətbuatına açıqlamasında onu da deyib ki, Xəzərin sahilində mənzili var.

Baş məşqçisi olduğu komanda seçmə mərhələlərdə “bomj” günündə olan biri Bakıda Tanrı kimi yaşayırmış… Başçılıq etdiyi milli FİFA-nın reytinqində iti bağlasan, zəncirini çeynəyib qaçmaq istəyəcəyi 129-cu yerdə olan biri Xəzərin sahilində, əksər azərbaycanlıların xəyal belə edə bilməyəcəyi lüks şəraitdə kef çəkirmiş…

Görəsən, Canni De Byazi əsl azərbaycanlıları tanıyırmı?

Məsələn, gündə 14-16 saat işləyən taksi sürücülərini. Ya da, acından ölməmək, 5-10 manat üçün əlinə süpürgə alıb Bakının tozlu-torpaqlı küçələrini süpürən yaşlı qadınları görübmü? Azərbaycanın gerçək insanlarını, gerçək üzünü – taksi sürücülərini, təqaüd yaşında evdə nəvələriylə oynamaq yerinə taleyinə süpürgə yazılan qadınları, fəhlələri, məktəbdən sonra evində “məktəb açan” müəllimləri, tələbəlik illəri ticarət mərkəzlərində kassa aparatlarının arxasında keçən tələbələri nə qədər tanıyır Canni De Byazi? Onların çoxu Xəzərin sahilində yaşasalar da, Xəzəri görə bilmirlər. Xəzəri görmək bir yana, bu ölkədə işin çoxluğundan və yorğunluqdan başını qaldırıb günəşə baxmayan insanlar var. Öz ölkələrində, öz şəhərlərində burax da Tanrı kimi yaşamağı, adam kimi yaşamayan minlərlə, yüz minlərlə, milyonlarla insan var.

Şəhərin köhnə hissəsinə – İçərişəhərə ya ömründə bir dəfə də olsun getməyən, ya da, ən son nə zaman getdiyini belə, xatırlamayan azərbaycanlılar – bakılılar var. Azərbaycanda yaşamağın, azərbaycanlı olmağın cəfasını çəkən insanlardır onlar. De Byazinin tanıdığı, Azərbaycanda yaşamağın səfasını sürən azərbaycanlılara – rövnəq abdullayevlərə, elşad nəsirovlara, elxan məmmədovlara bənzəmir onlar. Onlar ölkədə hər şeyin yükünü, dərdini çəkən azərbaycanlılardır. “Tanrı”nın – De Byazinin Avropada rüsvay olmaqdan yorulmayan, dilənçi əl açmaqdan doymadığı kimi məğlubiyyətlərdən doymayan komandasının dərdini çəkən də həmin o azərbaycanlılardır. Xəzərin sahilində yaşayıb, işdən-gücdən Xəzəri görməyə vaxt tapa bilməyən azərbaycanlılar. “Tanrı”nın – De Byazinin rəhbərlik etdiyi milli komandanın sonuncu dəfə nə zaman qələbə qazandığını unutduqları kimi günəşi də unudan azərbaycanlılar. Hə, o azərbaycanlıların sizə “salam”ı var, sinyor De Byazi, sinyor “Tanrı”.

Ana səhifəMənim Fikrimcə“Tanrı”nın tanımadığı azərbaycanlılar