Talassemiya Mərkəzinin həkimləri şikayət edir

”Qanunsuzluqlara etiraz etdiyimiz üçün işdən çıxarıla bilərik”

Source:


”Qanunsuzluqlara etiraz etdiyimiz üçün işdən çıxarıla bilərik”

Respublika Talassemiya Mərkəzinin bir qrup həkimi müəssisənin direktoru Valeh Hüseynov və onun elmi işlər üzrə müavini Ramin Bayramlıdan şikayətçidir. Adlarının açıqlanmasını istəməyən həkimlər Meydan TV-yə bildiriblər ki, onlardan rüşvət tələb olunur, rüşvət vermək istəməyənlərlə alçaldıcı rəftar edilir, işdən çıxarmaqla hədələyirlər.

“Ramin Bayramlı təxminən 3-4 aydır ki, müavin təyin edilib. O, əvvəllər “Caspian İnternational Hospital” və ATU-nun Tədris Terapertik Korpusunda baş həkim vəzifəsini icra edib, hər iki müəssisədən rüşvət və yeyinti ittihamı ilə işdən çıxarılıb”, – şikayətçilər deyirlər.

Respublika Talassemiya Mərkəzi bu ilin yanvarında publik hüquqi şəxs statusu alıb. Publik hüquqi şəxs kimi pullu tibbi xidmət göstərə bilər. Şikayətçilər iddia edirlər ki, illərdir bu xəstəxanada çalışırlar, indi baş verən qanunsuzluqlara etiraz etdiklərinə görə işdən çıxarılmaq təhlükəsi ilə üzləşiblər. Buna görə də hələlik adlarının açıqlanmasını istəmirlər:

“Ramin Bayramlı öz yaxın adamlarını əmək müqaviləsi bağlamadan işlə təmin edib. Bu ilin aprelin 22-dən “kassa sistemi” yaradılıb, aylıq gəliri 44 min manat olan sistem fəaliyyətə başlayıb. Qeydiyyat və laboratoriya şöbəsinin işçiləri iş saatından əlavə 2 saat işdə saxlanılırlar. Bunun müqabilində işçilərə cəmi 30-50 manat əlavə ödənişlər edilir. Pulun paylanmasına Valeh Hüseynovun əmisi oğlunun həyat yoldaşı Aynur Hüseynova nəzarət edir. Əlavə işləmək istəməyənlərin etirazları qəbul olunmur. Ramin Bayramlının yaxın qohumları gecə növbəsində işlə təmin ediblər”. Şikayətçilər deyirlər ki, Səhiyyə Nazirliyinə müraciət ediblər, amma nə yoxlama olub, nə də müraciətə reaksiya verilib.

Talassemiya Mərkəzindən Meydan TV-yə bildiriblər ki, onlar anonim şikayətə cavab verməyə borclu deyillər: “Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun diqqətindədir və görünür bu səbəbdən hansısa qüvvə təxribat törətməyə çalışır”.

İsrarlı zənglərdən sonra bizi haqqında şikayət edilən şəxslərdən biri – Aynur xanımla əlaqələndirəcəklərini bildirdilər. Lakin özünü “Valeh Hüseynovun köməkçisi Aynur xanım” kimi təqdim edən qadın soyadının Hüseynova olmadığını dedi və şikayəti yalanladı:

Valeh Hüseynov
Valeh Hüseynov

“Bizdə hər bir işçi ilə müqavilə bağlanır və orada da kimin neçə saat işləyəcəyi, nə qədər məvacib alacağı göstərilir. Əgər hansısa həkim narazıdırsa, həmin müqaviləni imzalayanda öz etirazını bildirə bilər. Şikayətdən elə görünür ki, sanki burda türmə rejimidir. Mənim özüm belə qorxdum dediklərinizdən. Halbuki söylənilənlərin hamısı ağ yalandır. Bizdə Aynur Hüseynova adlı işçi yoxdur. Şikayət edəndə öncə həmin işçinin soyadını doğru öyrənsinlər. Əgər kiminsə şübhəsi varsa, buyurub gəlsin mərkəzə, araşdırsın”.

Ramin Bayramlı ilə əlaqə saxlamaq mümkün olmadı.

“Caspian İnternational Hospital” və ATU-nun Tədris Terapertik Korpusundan isə Ramin Bayramlının rüşvətə görə çıxarılması ilə bağlı deyilənləri təsdiqləməyiblər. “Caspian İnternational Hospital”-dan “biz işdən çıxan və ya çıxarılan işçilər haqqında məlumat vermirik”- deyə bildiriblər. Lakin tibb müəssisəsinin adının açıqlanmasını istəməyən işçisi Meydan TV-yə “belə bir söhbət eşitmişdik, Ramin doktor işdən çıxanda deyirdilər, yeyinti faktları olub. Ancaq elə olsaydı, başqa mərkəzə rəhbər getməzdi”, – deyib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti də şikayətə münasibət bildirməyib.

Bu, Respublika Talassemiya Mərkəzindən edilən ilk şikayət deyil. Bu ilin əvvəlində bir qrup xəstə yaxınları şikayətlə

Meydan TV

-yə üz tutmuşdular.

Respublika Talassemiya Mərkəzinin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir. Mərkəzdə 3 nəfərdən ibarət Müşahidə Şurası yaradılıb. Mərkəzin Müşahidə Şurasının sədrini və digər üzvlərini səhiyyə naziri vəzifəyə təyin və vəzifədən azad edir. Mərkəz Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı ilə inşa edilərək 2009-cu ildə istifadəyə verilib.

Ana səhifəReportajTalassemiya Mərkəzinin həkimləri şikayət edir