“Təcili tələbat” adı ilə bir mənbədən xərclənən milyonlar

Foto: ChatGPT

Dövlət satınalmalarının rəqabətli və şəffaf şəkildə təşkil edilməsi büdcə vəsaitlərinin səmərəli istifadəsində başlıca rol oynayır. Lakin Azərbaycanda dövlət satınalmalarının böyük hissəsi qapalı və rəqabətsiz şəraitdə həyata keçirilir. Müsabiqə (tender) yolu ilə təşkil edilən satınalmaların icrasında isə ciddi qanun pozuntularına yol verilir, məmurlara məxsus şirkətlər seçilir.

Hesablama Palatasının məlumatına görə, ötən ilin birinci yarısında büdcədən dövlət satınalmaları üzrə ayrılan vəsaitlərin 58 faizə yaxını bir mənbədən icra edilib. Yəni rəqabət təmin olunmayıb, müsabiqə təşkil edilməyib. Palata hesab edir ki, bu göstərici beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər yüksəkdir.

Qanuna görə, dövlət qurumları büdcə xərcləmələrində yalnız o halda tender yolu ilə deyil, bir mənbədən satınalma metodundan istifadə edə bilər ki, bazarda konkret mal və ya xidməti təqdim edə bilən alternativ təchizatçı olmasın və ya təcili tələbat yaransın.

Lakin Palatanın məlumatından aydın olur ki, ötən ilin ilk yarısında bir mənbə üzrə keçirilən “təcili tələbatlı” satınalmalara dəftərxana və təsərrüfat ləvazimatları, icarə xidməti, benzin yanacağı və s. kimi mal və xidmətlər daxil edilib. Həmçinin əvvəlcədən keçirilmə tarixi məlum olan tədbirlərin təşkili və həmin tədbirlər üzrə müxtəlif xidmətlərin göstərilməsi də təcili tələbat əsası ilə bir mənbədən satınalma metodu ilə həyata keçirilib. Palata bu cür müqavilələri riskli hesab edir.

Eyni zamanda, HP-nin mütəxəssislərinin təhlilləri göstərir ki, bəzi hallarda abunə yazılışı və təlim xidmətləri kimi predmetlər üzrə ölkə bazarında rəqabət mövcud olsa da, tək təchizatçının olması əsas gətirilərək satınalma həyata keçirilib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayı ərzində 3,9 milyard manat məbləğində 7 221 satınalma həyata keçirilib. Bu, əvvəlki dövrlə müqayisədə say baxımından 20 faiz çoxdur. Məbləğ üzrə artım isə 3,5 faiz təşkil edib.

Palatanın ekspertləri qeyd edirlər ki, müqavilələrdə də bir mənbədən satınalma metodu üstünlük təşkil edib. Belə ki, satınalmaların say baxımından 52,6 faizi bir mənbədən, 28,1 faizi kotirovka sorğusu, 19,2 faizi isə açıq tender metodu ilə həyata keçirilib. Məbləğ baxımından isə ümumi satınalma dəyərinin 57,8 faizi bir mənbədən satınalma metodunun, 41,2 faizi açıq tenderin, 0,9 faizi isə kotirovka sorğusunun payına düşüb.

Rəydə qeyd olunur ki, tenderlər üzrə bağlanan müqavilələrin məbləği ilə ehtimal olunan qiymətlər arasında əhəmiyyətli fərqlər yaranıb. Belə ki, tenderlərin 55 faizində müqavilə məbləği ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Aparılan təhlillər göstərir ki, məbləğ ifadəsində ən böyük fərq əsasən tikinti, yenidənqurma, tibb və enerji layihələri üzrə bağlanmış müqavilələrdə müşahidə olunub.

2025-ci ilin ilk yarısında 501 satınalma ləğv edilib. Bunların 237-si açıq tender, 264-ü isə kotirovka sorğusu olub.

Ana səhifəXəbərlər“Təcili tələbat” adı ilə bir mənbədən xərclənən milyonlar