Suriyada iti azanlar

Bu qədər cinçinin, vahabinin, işverənin, lotunun, oğraşın, qəhbənin fonunda…

Source:

Ölkədə iki trend mövzu var – cin və Suriyada ölən azərbaycanlılar. Cin-şeytan söhbətlərinin trendə çevrilməsi, gündəmi işğal etməsi təbiidir. Kimlərinsə üç yüz minlik maşın sürməsi, nahar etməyə şəxsi təyyarəsi ilə Parisə uçması, bahalı xarici vaginalara milyonlar xərcləməsi üçün geridə qalanların pirlərdən mədəd umması gərəkdir. Siz ona şükür edin ki, xəstələnəndə hələ də həkimə gedən azərbaycanlılar var. Bir azdan o da olmayacaq. Bir balaca naxoşlayan üz tutacaq cin çıxardana, ağır seyidə, mollaya, pirə, çıldağa. Belə elanlar da olacaq: “Ağır seyid molla Əlsafa bir dəfə ağzınızın içinə tüpürməklə, bütün xəstəliklərinizi sağaldır. Hamilə qadınlara və uşaqlara 20% endirim edilir. “Şəfalı tüpürcək” MMC”.

Bütün bu “qoca qarı” əməllərinə küfr, şirk deyən dindarlar da var. Kimisi onları vahabi, kimisi sələfi, kimisi xəvaric adlandırır. Nəsə səhv zad eləyəndə, hələ bir əsəbiləşirlər də: “Yox e, yox! Onlar sələfi deyil, xəvaricdir”, “Ala vahabi nədir? Elə şey yoxdur!”, “Sələfilər elə şeyi qəbul eləmirlər”.

Yəni, hörmətli vətəndaşlar, bunlar ciddi-ciddi hesab edirlər ki, biz işimizi-gücümüzü atıb, ömrümüzü bu süpürgə saqqal, qısa balaq dıydıqların differensasiyasına həsr etməliyik. Gəlib soxulublar ölkəyə, aləmi qatıblar bir-birinə, xalqın dünəninə və bu gününə zidd olan, yad olan təlimlə gənc beyinləri zəhərləyiblər, hələ öz aralarında da fərqləri, davaları, intriqaları var. Biz də bunların arasında qalmışıq ki, “Görəsən Suriyaya ölməyə gedən kimdir, nəçidir, sələfidir yoxsa xaricidir, nə zıqqımın başıdır?”

Açıram əcnəbi xəbər saytlarını, bizimkilərə istinadla yazırlar: “Suriyada bir azərbaycanlı daha öldü”, “Yüzdən artıq azərbaycanlı Suriyada öldürülüb”.

Gör nə günlərə qaldıq – mücahid eksport edirik. Bir yanda “Coco Chanel”, “Gucci” geyinib kameraların qabağında burcudan Azərbaycanın hakim elitası, bir yanda da əlində Kalaşnikov kameraya “Allahu akbar” qışqıran azərbaycanlı cihad həvəskarı. Bəs bilmirdiniz ki, ziyalı demədən, gənc demədən – ölkənin parlaq zəkalarını şərləyib türmələrə dolduranda meydan belə ünsürlərə qalacaq?

İlham Əliyev, yekə-yekə danışmaqla deyil. Sənin ölkənin gəncləri Suriyaya ölməyə gedirlər. Deməli gedib orda qardaşın Əsədin gülləsinə tuş gəlmək, sənin ölkəndə qalıb yaşamaqdan daha maraqlıdır. Buyur, Slavyan Universitetinin dördüncü kurs tələbəsi də on aydır Suriyaya gedib, nə xəbəri var, nə ölüsü, nə dirisi. Diplomunu almağa aylar qalan, gələcəyin tərcüməçisi rəsmən ölməyə gedib. Bəlkə də başa düşüb ki, sənin prezident olduğun ölkədə qalıb yaşasa, bir-iki dəfə “qeyri-korrekt” nəsə danışsa, onsuz da tutub basacaqsan onu NİDA-çıların yanına. Gör sən ölkədə hansı vəziyyəti yaratmısan, hələ utanmadan gedib Brüsseldə “Bizdə siyasi məhbus yoxdur” deyirsən.

Düzdür, sənin ölkəndə siyasi məhbus yoxdur. Sənin ölkəndə gedib Suriyada ölməyə hazır olan minlərlə adam var ki, sərbəst gəzirlər, Allah bilir beyinlərində nə planlar qururlar. Bir də gördün Kalaşnikovlar bir gün sənə tuşlandı. Niyə də yox? Sən öz əllərinlə buna zəmin hazırlayırsan. İnsanların başqa hansı seçimi qalıb? Bir ölkədə adam başına nə qədər işverən, üzə duran olar? Bunca mənəviyyatsızlığı, oğraşlığı, qəhbəliyi stimullaşdırmaqla nə əldə etmək istəyirsən? Deməli sən aydın, çağdaş, bilikli bir xalqın yox, qosqoca bir cındır yığınının prezidenti olmağı özünə rəva görürsən? Seçimin budursa, olsun. Amma unutma ki, sənə “Coco Chanel”ə görə yox, ölkənin ümumi mənzərəsinə görə qiymət verirlər. Bu qədər cinçinin, vahabinin, işverənin, lotunun, oğraşın, qəhbənin fonunda isə, sən çox pis görünürsən. İyrənc görünürsən. Bunlar sənin məhsulundur, sənin yetirmələrindir, sənin təcəssümündür.

Azərbaycanın gələcəyinə laqeyd olsaydım, deyərdim ki, kaş olsun. Kaş bu süpürgə saqqallar, qısa balaqlar saraylarınıza, mülklərinizə hücum çəkib başınızı üzsünlər. Amma deyə bilmirəm, çünki sizin başınızı üzüb dayanmayacaqlar, növbə günahsız insanlara da çatacaq. Qurunun yanında yaş da yanacaq.

Vallah, çox səmimi deyirəm – Allah bəlanızı versin.

Ana səhifəMənim FikrimcəSuriyada iti azanlar