Sumqayıt sakini: “Şəhid ailəsi olaraq yalnız etinasız münasibət görürük”

Foto: Sumqayıt Şəhər İcra Hakimiyyəti

“Müharibədə həlak olanlar arasında fərq qoyulur”

“Həyat yoldaşım Ruslan Seyidov 1993-cü ildə Qarabağ müharibəsində şəhid olub. İllərdir övladlarımla Sumqayıtda 28 kvadratmetrlik sahəsi olan şəraitsiz evdə yaşayıram”.

Bunu Meydan TV-yə Sumqayıt şəhər sakini Minarə Seyidova deyib. Onun sözlərinə görə, bu illər ərzində Sumqayıta 4 icra başçısı təyin edilib, hamısının da qəbulunda olub. Amma onlara ev verilməyib.

“Ruslan 32 yaşında Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Yəni onunla bağlı icra hakimiyyətində məlumat var. Ancaq şəhid ailəsi olaraq 29 ildir yalnız laqeyd və etinasız münasibət görürük”,-Seyidova bildirib.

Onun sözlərinə görə,müharibədə həlak olanlar arasında fərq qoyulur:

“Həyat yoldaşım şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyacları mənim üzərimə düşüb. Tibb bacısı işləyərək iki övladımı min bir əziyyətlə böyütmüşəm. 29 il ərzində 11 min manat sığorta ödənişindən və şəhid ailəsinə verilən təqaüddən başqa şəhid ailələri üçün nəzərdə tutulmuş heç bir imtiyazdan və güzəştdən istifadə etməmişəm”.

Vəsiqə. Foto: Meydan TV

Minarə Seyidova deyib ki, şəraiti, maddi vəziyyətinin pis olduğuna görə aidiyyatı orqanlara, yerli bələdiyyəyə, Ombusmana, deputat Qənirə Paşayevaya , Sumqayıtın 4 icra başçına – Təvəkkül Məmmədov, Vaqif Əliyev, Eldar Əliyev və hazırki icra başçısı Zakir Fərəcova müraciət edib. Lakin indiyədək köməklik edilməyib:

“Bir-iki dəfə bayramlara dəvət ediblər, bunlar istisna olmaqla qapımı döyüb, vəziyyətimlə maraqlanan olmayıb. Bu münasibət mənə və övladlarıma mənfi təsir edir. Qızım ali təhsilli, amma işsizdir, oğlum isə ailəsini dolandırmaq üçün Azərbaycandan kənarda, qonşu ölkədə işləmək məcburiyyətindədir, ölkəyə gəlib-gedir, yollarda qalıb. Halbuki qızımın və oğlumun ixtisaslarına uyğun işlə təmin olunması üçün rəsmi qurumlara müraciət etmişik. Bu müraciətlərə cavab olaraq Sumqayıt İcra Hakimiyyətindən ofisiant və satıcı kimi iş yerləri təklif olunub”.

M.Seyidova qeyd edib ki, şəhid ailəsi olaraq nəinki evlə təmin olmayıb, hətta növbəyə götürülməyib: “Mənə deyirlər ki, sizə mənzil düşmür, hələ sizin mənzil sahəniz 7 kvadratmetr artıqdır. Halbuki cəmi 28 kvadratlıq evdə dörd nəfər qeydiyyatdadır və mənzil şəraitimizin yaxşılaşdırmasına ehtiyacımız var”.

Şikayətçi onu da bildirib ki, 2001-ci ildə ailəsinə köməklik edilməsi xahişi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Təvəkkül Məmmədovun qəbulunda olarkən icra başçısı ona “ərini qoruya bilməmisən, məndən nə istəyirsən” deyib:

“Sonrakı icra başçısı Vaqif Əliyevin də qəbulunda olarkən o da dedi ki, imkan olan kimi nəzərə alacaqlar. Hazırkı icra başçısı Zakir Fərəcov ümumiyyətlə, özü qəbul etmir, yalnız müavini, ya kimsə başqa məmur qəbul edə bilər. Qəbula getsəm də, nəticəsi olmadı”.

Ərizə. Foto: Meydan TV

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildiriblər ki, mərhum Ruslan Seyidovun ailəsi mənzil növbəsinə götürülməyib. Bunun üçün yerli icra qurumunun müraciəti lazımdır.

Sumqayıt İcra Hakimiyyətinin qəbul şöbəsindən isə şikayəti araşdırandan sonra sualı cavablandıracaqlarını desələr də, münasibət bildirilməyib.

Ana səhifəBölgəSumqayıt sakini: “Şəhid ailəsi olaraq yalnız etinasız münasibət görürük”