Sülh hekayəsi: Gürcüstanda birgə yaşayan etnik ermənilər və azərbaycanlılar

“Münaqişə zonalarından kənara çıxanda gizli saxlanılan uyğunlaşma əlamətlərinə rast gəlmək mümkündür”

Source:

Onlarla turist Tbilisinin Azadlıq meydanından Heydər Əliyev parkına gedərkən bu şəhərə gələnlərin diqqətini cəlb edən, güllərlə bəzədilmış lövhənin qarşısında dayanıb şəkil çəkdirir. Lövhədə “Tbilisi sizi sevir” sözləri yazılıb. Bakıdan olan dostlarımız deyir ki, bu yerdə selfi çəkdirmək Azərbaycandan gələnlər arasında xüsusilə yayğındır.

Çoxuna məlum olmasa da, bu lövhənin bir metrliyində, ya da bir az artıq məsafədə Ermənistanın XVIII əsr mədəniyyət xadimi – aşıq Sayat Novanın xatirəsinə həsr olunmuş kiçik heykəl yerləşir.

Daşdan yonulmuş saz və nar ağacı ilə tamamlanan bu heykəllə yanaşı Tbilisinin Qədim Şəhər hissəsində kükürdlü hamam və Azərbaycanın yepyeni səfirliyinin binası, eləcə də ozan Harutyun Sayatyanın dəfn olunduğu Müqəddəs Gevorg erməni kilsəsi yerləşir.

Burdan bir neçə dəqiqəlik məsafədə etnik azərbaycanlıların  məzhəbindən asılı olmayaraq, digər müsəlmanlarla birgə ibadət etdikləri Tbilisi Cümə Məscidi, ətraf yüksəklilərdə isə bu mənzərəni əhatə edən gürcü kilsələri sıralanıb. Doğrudur, azanın səsi məsciddən kənara çıxmır, bununla belə, mədəni mənzərə yolun yuxarısında yerləşən iki sinaqoqla tamamlanır. Yaxınlıqda olan Yuri Meçitovun ikonik fotosuna əsaslanan başqa bir abidə Ermənistanın mədəniyyət xadimi, Tbilisidə anadan olan avanqard film rejissoru Sergey Paracanovu tərənnüm edir.

Çox az turistin Paracanov və Sayat Nova haqqında kifayət qədər məlumatı ola bilər, amma hər iki mədəniyyət xadimi haqda ən çox şəhərin şad və dar günlərində burada yaşayan etnik və mədəni qarışığı olanlardır.

Məsələn, Azərbaycanla Ermənistan arasında mübahisəyə çevrilən Dağlıq Qarabağda münaqişə başlayanda Paracanov sonuncu filmi olan “Aşıq Qərib”i çəkmək üçün Bakıya getmişdi. Mixail Lermontovun qısa hekayəsinə əsaslanan film Azərbaycanda, eləcə də Gürcüstanda çəkilib. Film Azərbaycan folklor və ənənələri ilə zəngindir. Etnik azərbaycanlıların Ermənistandan çıxarılması və Sumqayıt qırğını iki qonşunu bir-birinin üzərinə saldı. Bəzi ermənilər filmi fars dilində çəkməsi üçün Paracanova təzyiqlər göstərdi. Amma o, bunu etmədi. Paracanov filmi nəzərində tutduğu kimi – Azərbaycan dilində çəkdi.

“O, doğrudan da, müsəlman və xristianın iç- içə yaşadığı böyük Qafqaz mədəniyyətinin övladı idi”, – Paracanovun operatoru Albert Yavuryan 2004-cü ildə verdiyi müsahibəsində deyib. Yavuryan bildirib ki, Paracanov öz mədəniyyətinin vurğunu olub və 1989-cü ilin yanvarında (münaqişənin intensivləşdiyi dövrdə) filmin saundtrekini yazdırmaq üçün Bakıya gedib.

Paracanovun 1969-cu ildə çəkdiyi “Narların rəngi” filmi haqqında həvəslə danışmaqlarına baxmayaraq, bu film haqqında az sayda erməni və azərbaycanlının məlumatı var. Film aşığın həyatını təsvir edir. Ermənilərin əksəriyyəti elə bilir ki, Sayat Nova şeirlərini və şərqilərini erməni, gürcü  və farsca yazıb. Əslində isə belə deyil. Sayat Nova şeirlərinin əkəriyyətini indi Azərbaycan dili kimi tanınan türk dilində yazıb.

Qədim Tbilisidə təkcə ermənilər yaşamayıb.

41 yaşlı Füzuli İsfahanlı burada yaşayan etnik azərbaycanlıdır. Onun babası İbrahim İsfahanlı aktyor, Gürcüstan SSRİ-nin xalq artisti olub və Mirzə Fətəli Axundov adına Dövlət Dram Teatrında işləyib. Azərbaycanın Şəki şəhərində doğulan Axundov erməni Xaçatur Abovian kimi yazıçılarla dostluq etməklə Tbilisinin çoxmədəniyyətli təbiətindən ilham alıb. Axundov da Tbilisidə dəfn olunub.

“Tbilisi elə burdan başlayıb”,- Cümə məscidinin çölündə dayanan İsfahanlı deyir.

“Burda ermənilər, yəhudilər, ruslar və kürdlər yaşayır, sinaqoqlar və kilsələr də var. Bizim bir-birimizlə problemimiz yoxdur. Erməni dili də daxil olmaqla mən adlarını çəkdiyim bu xalqların dillərində danışa bilirəm. Biz bir – birimizə heç vaxt “Sən gürcüsən, sən ermənisən,  sən azərbaycanlısan, yaxud  da sən yəhudisən” demirik, əksinə bir – birimizə kömək edirik. Tbilisi çox gözəl şəhərdir və mən onsuz yaşaya bilmirəm”.

Eyni sözləri  məscidin rəhbəri Təhməz Həsənov da deyir.

“Bizim küçədə müxtəlif millətlərdən olan insanlar yaşayırlar. Onların əksəriyyəti azərbaycanlılardır, amma bu küçədə ermənilər, kürdlər, gürcülər də yaşayır. Biz qonşuyuq və bir-birimizlə çox yaxşı yola gedirik. Müsəlmanların bayramında onlar gəlib bizi təbrik edirlər, biz də onları. Biz erməni kilsələrinə gedirik, onlar da bizim məscidə gəlirlər”.

Məscidə qalxan yolun başında Gəncədən olan etnik erməni cütlük çayxana işlədirmişlər. Bədbəxtlikdən, çayxananın sahiblərindən biri – Marqarita bir il xəstə yatıb. Buna görə çayxana fəaliyyətini dayandırıb. Marqarita 2017-ci ilin əvvəlində dünyasını dəyişib. Amma on illərlə azərbaycanlıların çay evi kimi tanınan bu yer  etnik mənsubiyyətindən asılı olmayaraq bu sakinlərin görüş yeri olub. Eyni  insanlar bu çayxananın divarları arxasında Azərbaycan və erməni dillərində danışıblar.

Amma 2016-ci ildə 200-dək insanın ölümü ilə nəticələnən Azərbaycanla Ermənistan arasında başlayan döyüş əməliyyatlarından sonra bu köhnə vərdişlər etnik  kimlik anlayşına çatanda zəifləyib.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın 2003-cü ildə Moskvada ermənilərlə azərbaycanlılar arasında “etnik uyğunsuzluq” haqqında dediklərini misal çəkmək olar.  Avropa Şurasının baş katibi Volter Şvimmer Köçəryanı provakasiyada ittiham edib, AŞPA-nın prezidenti Piter Şieder isə onların bu hərəkətini pisləyib.

“Yarandığı gündən bəri, AŞPA-da heç vaxt “etnik uyğunsuzluq” ifadəsi işlədilməyib”,- deyə o,  əks mövqe nümayiş etdirmişdi.

Təssüf ki, “uyğunsuzluq” ifadəsi ermənilərlə azərbaycanlıların bir-birinə yanaşmasını ifadə edir. Qafqaz Araşdırmaları Resurs Mərkəzinin (QARM) 2013-cü ildə evlərdə apardığı soruğu zamanı azərbaycanlıların 90 faizi Ermənistanı ən böyük düşmən hesab etdiyini deyib. Ermənistanda isə sorğuda iştirak edənlərin 66 faizi Azərbaycanı, 28 faizi isə Türkiyəni düşmən ölkə hesab etdiyini bildirib.

Ən çox narahatlıq yaradan sorğu isə QARM-ın 2009-cu ildə keçirdiyi sorğu olub. Ermənistanlı respondentlərin 70 faizi azərbaycanlılarla dost olmadıqlarını, azərbaycanlı respondentlərin 97 faizi ermənilərlə dostluq etməyəcəklərini bildiriblər.

1994-cü ildə imzalanan atəşkəs sazişindən sonra münaqişə həllini tapmadığından və münaqişə “dondurulmuş” fazaya keçdiyindən Ermənistanda və Azərbaycanda çoxunun bu cür hisslər keçirməsi normal hesab olunur.  Amma qonşu Gürcüstanda verilən cavablar bunun əksini göstərir. Aparılan eyni sorğu nəticəsində gürcülərin 16-17 faizi abxazlar və osetinlərlə dostluq etmədiklərini, daha çox Gürcüstanın Rusiya ilə münaqişəyə girdiyini desələr də, gürcülərin 18 faizi ruslarla dostluq etməyin əleyhinə olduqlarını bildiriblər.

“Münaqişə zonalarından kənara çıxanda gizli saxlanılan uyğunlaşma əlamətlərinə rast gəlmək mümkündür”,  “Qara bağ: Azərbaycan və Ermənistan sülh və savaş yollarında” kitabının müəllifi Tomas de Vaal yazıb.

“Onlar bir-biri ilə alver edir, evənirlər. Ermənilər və azərbaycanlılar gürcülərdən daha çox bir-biri ilə iş görürlər. Bu isə o deməkdir ki, bu iki xalq bir-biri ilə yol gedə bilirlər, keçmişdə də birlikdə yaşayıblar, əgər siyasətçilər Qarabağ konflikti ilə bağlı fərqli baxışların öhdəsindən gələ bilsələr, onlar gələcəkdə də birlikdə yaşaya bilərlər. Beynəlxalq vasitəçilər bu haqda danışmaqdan çəkinərək, “Bu, bizim işimiz deyil” – deyirlər. Hər iki ölkə mediası bu məsələnin üstünü ört-basdır edir”, – de Vaal yazıb.

Bu reallıq tək Tbilisidə müşahidə olunmur, bunu Ermənistan sərhəddi yaxınlığında etnik azərbaycanlıların və ermənilərin yaşadığı Tsopi və Xojorni  kəndlərində, xüsusilə açıq müşahidə etmək mümkündür. Hər iki kənd əhalisinin 83 faizinin etnik azərbaycanlı, 8 faizinin gürcü, 7.9 faizinin etnik ermənilər olduğu Marneuli bələdiyyəsinin ərazisinə düşür. 2014-cü ildə Gürcüstanda siyahıya alınma zamanı burda 98,245 nəfər etnik azərbaycanlı, 9,329 nəfər erməni qeydiyyata alınıb.

Gürcüstan reallığını daha başqa misallarla da göstərmək mümkündür. Yerevandan Tbilisiyə gedən yolların əksəriyyəti tək Marneulidən yox, həm də 180,000 etnik azərbaycanlının yaşadığı Kvemo-Kartli (Borçalı)  bölgəsindən keçir.  Burda yaşayan etnik ermənilərin sayı isə 21,000-dən bir az çoxdur və əsasən etnik azərbaycanlıların yaşadığı Marneulidə əsas yollardan biri Sayat Novanın adını daşıyır.


Xojorni

Marneulinin içi ilə Tbilisidən bir saatlıq məsafədə Ermənistan sərhəddinə yaxın Tsopi və Xojorniyə dönəndə yol  sanki sevinirdi. Kəndlər 5 kilometr aralıda idi, amma bu yol 20 kilometr də ola bilərdi.

Açıq desəm, yolun solunda olan böyük bir məscidin xristian Ermənistanına bu qədər yaxın tikilməsi qəribə görünürdü. Əlbəttə, bu mümkündür. Qarabağ konfliktinin başlanğıcını xarakterizə edən dişə-diş qovulmalara qədər ermənilərin Azərbaycanda olduğu kimi, müsəlman azərbaycanlılar da Ermənistanda ən böyük milli azlıq idi. Xarici mətbuatın Dağlıq Qarabağ məsələsini müsəlman Azərbaycan və xristian Ermənistan arasında dava kimi təqdim etməsinə baxmayaraq, konflikt heç zaman dini mənsubiyyət müstəvisinə keçməyib.

Faktiki olaraq, QARM-ın apardığı sorğular həmişə təəccüblü olub. Azərbaycanlılar Qafqazda ən az, gürcülər isə ən çox dindar əhali hesab olunurlar. Ermənistan bu məsələdə orta mövqedədir.

Amma Xojorni sakinləri üçün bunların heç birinin əhəmiyyəti yoxdur. 850 nəfər əhalisi olan bu kənddə ermənilər sayca üstünlük, azərbaycanlılar isə azlıq təşkil edirlər. Kənddə meyvə ağacları çiçəkləməyə başlayıb, amma ilk baxışda küçələr bomboş görünür, kiçik etnik azərbaycanlı qrupu isə kart oynamağa yığışıblar. Elə bil ki, beş il əvvəl gördüyüm kimi dururdular. Məni də elə o vaxtdan tanıyırlar, deyirlər ki, faktiki olaraq yerlərindən bir qarış da olsun tərpənməyiblər. İşsizlik səviyyəsinin yüksək olduğu bu bölgədə kart oynamaq onların həyat tərzinə çevrilib.

Xojorni düz Ermənistanla sərhəddə yerləşir və  bu mövqe kəndlilərə torparlarının suvarılmasında maneə törədir. Gürcüstan hökuməti onlara kənddən kənara çıxıb sərhəd bölgəsinə keçməmək haqqında xəbərdarlıq edib, hər bir kənd sakininin bununla bağlı sənədi var. Sənəd paradoksal olaraq ingilis və gürcü dillərindədir.

“Burda 40 azərbaycanlı, 110-120 erməni ailəsi yaşayır”, – etnik azərbaycanlı Əfəndi Şərifov deyir. “İşsizlik səbəbindən adamlar başqa kəndlərə, şəhərlərə və ölkələrə getdilər. Yeni iş yerləri açaraq kəndin vəziyyətini inkişaf etdirmək lazımdır. İnsanlar işləyib ailələrini dolandıra bilməlidirlər. Biz susuzluqdan, yanacaqsızlıqdan və bir çox başqa problemlərdən əziyyət çəkirik. Yollar çox pis vəziyyətdədir”.

Doqquz yaşlı Münəvvər və azyaşlı bacısı Əlif  kələ-kötür yola çıxıb oynayırlar. Kənddəki toyuq-cücənin sayı insanların sayından çox görünür. Münəvvər, gürcü dilində zəif, doğma Azərbaycan dilində isə çox sərrast danışır. Faktiki olaraq, bu cür kəndlərdə sakinlər həm Azərbaycan, həm də erməni dilində danışırlar. Uşaqların etnik mənsubiyyətindən asılı olaraq dərslər əsasən ya Azərbaycan, ya da erməni dilində keçirilir.

Xojornidə etnik azərbaycanlılar sayca azlıq təşkil etdiklərindən Münəvvər 9 yaşında olan baş bir uşaqla dərsə girir. Etnik ermənilərin öz dərsləri var, amma hər iki qrup dərs saatlarından sonra yan-yana oynayırlar. Qonşu Tsopi kəndində ermənilər sayca az, azərbaycanlılar isə çoxdur. Tsopi Xojornidən 3 km aralıda yerləşir.


Tsopi

Xojorniyə ilk dəfə 2011-ci ildə getsəm də,  Tsopiyə 2009-cu ildən gedib-gəlirəm. Ötən il “Əl-Cəzirə” kanalına Qarabağ konflikti haqda hazırlanan reportajda fikserlik etmişdim. O vaxt azərbaycanlılar və ermənilər dərin bir uçurum vasitəsilə ayrı yaşadıqları bir vaxtda belə bir kəndin mövcud olduğunu öyrənmişdim. Ermənistan və Azərbaycan münasibətlərini əhatəyə alan neqativ xəbərlərdən fərqli olaraq, müsbət  bir şey və gələcək üçün rol modeli var idi.

Kənddə etnik yunanlar və gürcülər də yaşayıb, amma kənddə qarışıq keçmişi olan çox az insan qalıb. Əsli erməni və gürcü qarışığından olan yaşlı bir qadın isə bir neçə il əvvəl dünyasını dəyişib. Bir sözlə, bu kəndlər ermənilərin və azərbaycanlılaırn yaşadığı kəndlərdir.

Tsopi məktəbində də görünən odur ki, siniflər etnik qruplara bölünüb. Metaksiya Ovsepyan kimi etnik erməni müəllimlər hər iki dildə dərs deyir. Erməni, Azərbaycan, gürcü və rus dilini mükəmməl bilir. O, birinci siniflərə gürcü dilindən də dərs deyir.  Metaksiya 2012-ci ildə Tsopiyə sonuncu səfərim zamanı məni 6 yaşlı şagirdi Kənanın ad gününə aparmışdı. Ad gününə anaları ilə birlikdə erməni və azərbaycanlı dostları da gəlmişdi.

Ermənilərlə azərbaycanlılar arasında konfliktin mövcudluğunu göstərmək əvəzinə masanın üzərində bu bölgənin hər iki mədəniyyətinə xas təamlar düzülmüşdü. Bu mənzərə mənə Azərbaycandan olan bir dostumun nə zamansa yazdığı “Facebook” statusunu xatırlatdı. “Dolma yeyənindi, “Sarı Gəlin” oxuyanın”,- deyə  dostum yazıçı Ağarəhimdən sitat gətirmişdi.

Hər dəfə Qarabağ söhbəti düşəndə hərbi müdaxilənin qarşısını alırmış kimi söhbətdən yayınırlar. Hər iki məktəbdə dərsliklərin Azərbaycan və Ermənistan hökuməti tərəfindən təmin olunduğunu nəzərə alsaq, bu, o qədər də asan deyil.

“Azərbaycan öz, Ermənistan isə öz tarixini yazır. Amma bu uşaqlara problem yaratmır. Onlar tarix dərslərindən sonra bir -biri lə dalaşmaq, mübahisə etmək fikrində olmurlar. Yadıma gəlir, başqa bir müəllim Xocalı qətliamı haqqında danışıb ermənilərin düşmən olduğunu demişdi. Mənim qonşum olan azərbaycanlı uşaqlardan biri ayağa qalxıb onlara bu haqda dərs keçilməməlidir demişdi. O vaxt mən o biri otaqda dərs deyirdim. Müəllim də razılaşmışdı”.

“Mən azərbaycanlılar olmadan yaşaya bilməzdim, onlar da bizsiz yaşaya bilməzdilər”, – Ovsepyan deyir.

Amma işlər həmişə düz getmir. Ötən il Qarabağla təmas xəttində baş verən atışmalar zamanı Azərbaycan-Ermənistan münaqişəsinin Gürcüstanda yaşayan etnik azlıqlara təsir edə biləcəyinə dair narahatlıqlar var idi.  “Münaqişə başlayandan bəri hər iki tərəf mediada bir-birini düşmən adlandırır” – Gürcüstan Vətəndaş Tədrisi Fondunun icraçı direktoru Zaur Xəlilov deyir – “Hadisələr buradakı toplumlara da öz təsirini göstərir. Çünki onlar Azərbaycan və erməni kanallarına baxır, bu ölkələrdə fəaliyyət göstərən radioları dinləyirlər”.

Mixail Saakaşvilinin yaratdığı Gürcüstan Milli Birlik Hərəkatından deputat olan Azər Suleymanov deyir ki, o, 2008-ci ilin avqustunda Rusiya ilə müharibə zamanı olduğu kimi, 150 nəfərdən ibarət  batalyonunu yığıb Azərbaycan tərəfdən vuruşacağını bildirib. Əsasən etnik ermənilərin məskunlaşdığı Samsxe-Cavaxetiyadakı millətçilər də eyni niyyətlə könüllü dəstələr toplayb Ermənistan tərəfdən vuruşacaqlarını bildirdilər. Gürcüstanda fəaliyyət göstərən əksər media bu səfərbərlik xəbərlərini vermir.

“Gürcü Arzusu”ndan olan iki etnik erməni və azərbaycanlı deputat  birgə bəyanat yayaraq,  təmsil etdikləri dairələrin sakinlərini Gürcüstan ərazisində yaşayan iki etnik qrup arasında əsrlərlə davam edən sülh münasibətlərinə zərbə vura biləcək təbliğat və hərəkətlərdən uzaq durmağa səsləyib. Onlar buna nail olublar. Tsopi və Xojornidə erməni və azərbaycanlıların əksəriyyəti bunun etnik yox, siyasi konflikt olduğunu deyəndə onlar razılaşdılar.

Xojornidən qayıdanda yaşlı etnik azərbaycanlı Nazxanım bu fikri daha yaxşı yekunlaşdırdı. “Dırnağı bağmaqdan qan çıxarmadan qopara bilməzsən. Birinin o birindən ayrı olması mümkün deyil. Biz bu cür yaşamışıq, bu cür yaşamaqda da davam edəcəyik. Biz niyə bəzi siyasətçilərin şıltaqlığı üzündən düşmən olmalıyıq?”,- deyə o, bildirib.



***



Onnik Ceyms Krikoryan Birləşmiş Krallıqdandır. O, 1998-ci ildən Cənubi Qafqazda yaşayır.  Müstəqil jurnalist, fotoqraf və media məsələləri üzrə məsləhətçidir. 1994-cü ildə “Independent” qəzetindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi haqda yazmağa başlayıb.



Yazının mətni, video və fotolar Onnik Ceyms Krikoryana məxsusdur.

Ana səhifəAnalitikaSülh hekayəsi: Gürcüstanda birgə yaşayan etnik ermənilər və azərbaycanlılar