Mənbə: Meydan Tv

“Su problemini həll etmək üçün 1 manatdan pul yığılır”

İki binanın sakinləri 2 aydan çoxdur ki, su qıtlığı yaşayır

“Binaya gələn su xətləri sonuncu dəfə 45 il əvvəl dəyişdirilib. Xətlər çoxdan çürüyüb, dağılıb. Ona görə də su binamıza aşağı təzyiqlə gəlib çıxır. Aşağı mərtəbələrdə yaşayanlar damla-damla da olsa, su görürlər. Yuxarı mərtəbələr suyu pulla alır”.

Gəncə şəhəri, Poçt qəsəbəsindəki Aydınbəyov küçəsinin binalarında 2 aya yaxındır ki, su qıtlığı yaşanır. 49a saylı binanın bir qrup sakini Meydan TV-yə müraciət edib.

“Nasosxananın işçisi döyüldü, yenə su yoxdu”

“İş o yerə çatdı ki, bina sakinləri basıb binaların suyunu tənzimləyən işçini də doydülər. İş hələ də polisdədir. Adamlar suya görə boğaza yığılıb kimisə döyürlər, ancaq su idarəsi yenə su vermir. Sanki su idarəsinin rəisi gözləyir ki, adamlar su tələbiylə küçəyə çıxsınlar, etiraz aksiyaları keçirsinlər. Sonra da desinlər ki, Gəncədə ara qarışıb, tutub adamları damlasınlar. Bu şəraiti yaradan, vətəndaşların səbrini sosial problemlərlə daşıran məmurlardır,” - sakinlər deyir.

Sakinlərin sözlərinə görə, ərazidə yeddi bina var, əsasən ikisində su problemi var, gün ərzində 1-2 saat su gəlir, sonra kəsilir. Daha doğrusu, su birinci mərtəbədən o tərəfə çıxmır:

“Borular çürükdür deyə, su təzyiqlə gəlib çatmır. Suyu gedib başqa küçələrdəki binaların həyətindən daşıyırıq. Su nasosxanasındakı işçinin işi də bütün günü işib yatmaqdan ibarətdir. Nə vaxt baxırsan, sərxoş-sərxoş gəzir, dolanır, sərxoş adamdan da nə tələb edəsən... “Azərsu” ASC-nin “Qaynar xətt”inə zəng vurmuşuq, yerli su idarəsinin rəisinin yanında da olmuşuq, hər dəfə “gedin, işçilər gəlib düzəldəcək” deyib, yola salır”.

“Binanın su problemini öz hesabımıza həll edirlər”

Sakinlər deyir, avqustun 16-da binalara gələn şəxs təklif edib ki, 1 manatdan yığılsa, o da su problemini tezliklə həll edər:

“Su idarəsinin müdirinin yaxın adamıdır, gəldi, qapı-qapı düşüb iki binadakı hər evdən 1 manatdan yığdı ki, su problemini həll eləsinlər. Hər binada azı yüz mənzil var. Adamlar yenə də son ümidlərini bir manata bağlayıb verdilər. Halbuki, nasosların təmiri, yenilənməsi, xətlərin dəyişdirilməsi üçün pullar ayrılır, qoyurlar ciblərinə, sonra da binanın problemini vətəndaşın cibi hesabına həll edirlər. Pulları vermişik, gediblər, hələ ki, gözləyirik, görək nə olur”.

“Vallah, mənlik deyil”

Ərazidəki 7 binaya su binaların arasındakı nasosxanadan vurulur. Suyun vurulmasına nasosxananın işçisi Vahid Rzayev nəzarət edir. Deyir, o özü də su qıtlığı üzündən yaşananlardan bezib:

“Vallah, mənlik bir iş yoxdur. Mən də öz payıma gedib su idarəsinə deyirəm. Axı mən neyləyə bilərəm? Sakinlər vurub gözümü qaraldıb, gözümün birində tikiş var. Mənə xoşdur ki, onun-bunun əlində qalım, döyülüm? Onu hansı sakin deyir ki, guya içib yatıram, yalan danışırlar. Binaların susuz qalmasının səbəbkarı mən deyiləm, motor suyu 8 faizlə vurur, bu, normaldır. O ki qaldı suyun gedib evlərə çatmamasına, bu, artıq mənlik deyil. Xətlər təzələnməlidir. Mən də gedib sakinlərin şikayətlərini çatdırıram, ancaq eşidən yoxdur”.

Gəncə şəhər “Su Kanal” Törəmə Cəmiyyətindən bildirilib ki, problemlə bağlı Kəpəz su sahə rəisi ilə danışılacaq. Problem öyrənildikdən sonra həlli üçün lazımi tədbirlər görüləcək.

Gəncə şəhəri, Poçt qəsəbəsi

Gəncə şəhəri, Poçt qəsəbəsi

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7rg6zy

Ən çox baxılan