Stoltenberq Ukraynaya görə müttəfiqlərə çağırış edib

Yens Stoltenberq. Mənbə: NATO

Baş katib düşünür ki, Kiyevə dəstək verilsə, müharibə meydanında ciddi fərq yaranacaq

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna cəbhəsindəki çətin vəziyyəti müttəfiqlərin vədlərini yerinə yetirməməsi ilə əlaqələndirib.

Bu barədə Yens Stoltenberq mayın 27-də Sofiyada NATO Parlament Assambleyasının iclasında danışıb.

Onun sözlərinə görə, ABŞ yeni yardım paketini təsdiqləməyə altı ay sərf etdi:

Bir milyon patron vəd edən avropalı müttəfiqlər Ukraynaya bu sayda patronu çatdırmayıblar. Prezident Zelenski apreldə NATO-nun müdafiə nazirləri ilə görüşdə daha çox hava hücumundan müdafiə vasitələrinə, xüsusən “Patriot” sistemləri və ya SAMP-T kimi qabaqcıl hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyac olduğunu demişdi. Almaniya bir əlavə “Patriot” sistemi versə də, digərləri hava hücumundan müdafiə ilə bağlı vədlərini gerçəkləşdirmədilər. Təbii ki, bu boşluqlar və hərbi dəstəkdəki gecikmələr nəticəsini verdi. Ukraynanın sursat, hava hücumundan müdafiə vasitələri almaması torpaqlarını müdafiə etməsini çox çətinləşdirib”.

Biz hava, raket hücumlarının və Ukraynada gördüyümüz hər şeyin nəticələrini görürük. Deməli, həm də müttəfiqlər təcili olaraq öz hərəkətlərini gücləndirməlidir”, – deyə Baş katib əlavə edib.

Stoltenberq onu da bildirib ki, ukraynalılar NATO müttəfiqlərinin hərbi dəstəyi ilə ərazilərinin 50 faizini azad ediblər:

“Kiyev Qara dənizdə bir çox rus gəmilərini batırmağa, taxıl və digər malların ixracı üçün dəhliz açmağa, rus işğalçı qüvvələrinə böyük itkilər verməyə nail oldu. Təbii ki, bir neçə müttəfiqin son açıqlamalarını, o cümlədən, ABŞ Konqresinin Ukrayna üçün 60 milyard dollar əlavə yardım paketi qərarını alqışlayıram. Bunlar vacib qərarlardır, onlar döyüş meydanında fərq yaradacaq. Dəstək yenidən gəlməyə başlayıb, lakin gecikmələr və həmçinin hər şeyin söz verildiyi kimi verilməməsi ciddi nəticələrə səbəb olub”.

“Mən qəti şəkildə inanıram ki, Ukraynaya dəstək üçün daha möhkəm, daha güclü institusional struktura ehtiyacımız var”, – o qeyd edib.

Qısamüddətli, könüllü yardım elanları yaxşıdır, lakin uzunmüddətli perspektivdə Ukrayna üçün daha çox proqnozlaşdırıla bilən, daha güclü dəstəyə ehtiyacımız var”, – deyə Baş katib fikrini yekunlaşdırıb.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaStoltenberq Ukraynaya görə müttəfiqlərə çağırış edib