Statistika da, həkimlər də siflisə yoluxmanın artdığını deyir

Sifilis. Foto: Christoph Burgstedt/shutterstock

“Özəl klinikalarda bəzən az qala terapevt, nevropotoloq da bu xəstəliyin müalicəsi ilə məşğul olur”

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 1127 nəfərə sifilis diaqnozu qoyulub. Bu, əvvəlki illərlə müqayisədə çoxdur. Belə ki, 2021-ci ildə 836, 2020-ci ildə isə 666 nəfər siflisə yoluxub.

Mütəxəssislər isə hesab edir ki, Azərbaycanda siflisə yoluxanların sayı statistikada göstəriləndən dəfələrlə çoxdur.

“Statistika daha çox nikah öncəsi müayinə zamanı aşkarlanan faktları əks etdirir. Çoxu özəl klinikalarda müalicə alır. Onsuz da xəstənin kimliyi gizli saxlanılır, özəl klinikalar da bir tərəfdən işləri çətinləşdirir, faktlar gizlədilir”, – dövlət xəstəxanasında çalışdığı üçün adının açıqlanmasını istəməyən dermatoveneroloq Meydan TV-yə belə deyib.

Dövlət Statistika Komitəsi
Mənbə: stat.gov.az

2015-ci ilin iyunun 1-dən nikahdanöncə müayinələr tətbiq edilir.

Nikahdanöncə müayinələrin əhəmiyyəti böyükdür. Məsələn, ötən ay nişanlı cütlük müraciət edib, bəlli oldu ki, qızı oğlan yoluxdurub. Qızın 18 yaşı var. Nikahdanöncə müayinələr məhz buna görə yaxşdır, insanlar məcburi müalicə olunurlar”,-həkim deyib.

Onun sözlərinə görə, adətən siflisə yoluxmalar hər ilin yayında daha çox aşkarlanırdı:

Çünki istirahət zamanı təsadüfi münasibətlər yaranır, qorunmadıqda yoluxma ehtimalı artır. Son bir neçə ildir ki, ilin bütün fəsillərində xəstəlik aşkarlanır. Bu isə onu göstərir ki, təsadüfi münasibətlər də artıb. Sifilis həm də həyat tərzidir, 95 faiz cinsi yolla ötürülür”.

Həkim deyir ki, bəzən adamın istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə də yoluxması mümkündür:

Hepatit, HİV kimi siflisə də gözəllik salonları, stamotoloji klinikalarda yoluxma ehtimalı yüksəkdir. Alətlər düzgün təmizlənməsə, xəstəlik sağlam insana keçə bilər. Hətta xəstə insanın paltarından istifadə edərkən də yoluxma ola bilər”.

Sifilis yalnız mütəxəssis tərəfindən, vaxtında müalicə olunmaldır. Mütəxəssis deyir ki, özəl klinikalarda bəzən az qala terapevt, nevropotoloq da bu xəstəliyin müalicəsi ilə məşğul olur. Nəticədə xəstə sağalmaq əvəzinə ağırlaşır.

Həkim, Aleksandar Mijatovic/shutterstock

Bəzən ağızda səpkilərlə bağlı stomatoloqa müraciət olunur, dərman təyin edilir. Xora öz-özünə çəkildiyindən müalicənin effekt verdiyi güman edilir, sifilisdən şübhələnmirlər. Halbuki ilk olaraq sifilis yoxlanılmalıdır”,- həkim bildirib.

Onun sözlərinə görə, xəstəlik daxili orqanlara, ürəyə təsir edir, sonsuzluq yaradır. Bəzən siflisə yoluxan şəxslərin saçı tökülür, sanki güvə yemiş xəzə bənzəyir. Dəridə ləkələr, xora əmələ gəlir, sinir sisteminə ciddi təsir edir.

Ginekoloq Təranə Həsənova isə bildirib ki, sifilis cinsi yolla yanaşı ağız suyundan da yoluxa bilər:

Həmçinin xəstələr diqqətli olmalıdırlar, çünki paltarları ilə sağlam insanları yoluxdura bilərlər. Amma yoluxmanın çox cüzi hissəsi məişət yoluxmasının payına düşür. Əsasən təsadüfi, qorunmayan münasibətdən yoluxma baş verir”.

Həkim bildirib ki, sifilislə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Qorunmamış, pərakəndə münasibət artıb:

“Xüsusilə cavanlar cinsi münasibətlər nəticəsində yayılan xəstəliklərdən xəbərsizdilər. Uzun illərdir trixomoniaza (sidik-cinsiyyət sistemi orqanlarının iltihabını yaradan cinsi infeksiya) yoluxma ilə rastlaşmırdım, amma son dönəmlər ardı-ardına bu xəstəliyə yoluxanlarla rastlaşmışam. Trixomoniaz da cinsi yolla yoluxan xəstəlikdir. Hər ginekoloq bir faktla rastlaşırsa, deməli, bu xəstəlik də artıb”.

Ana səhifəSağlıqStatistika da, həkimlər də siflisə yoluxmanın artdığını deyir