SSRİ-nin məxfi MiQ-25 təyyarəsinin qaçırılması

Foto: Meydan Tv

Yadigar Sadıqlı

Viktor Belenkonun qaçışının səbəbləri haqqında müxtəlif və ziddiyyətli ehtimallar mövcuddur

1976-cı il sentyabrın 6-da SSRİ-nin siyasi və hərbi rəhbərliyini şoka salan hadisə baş verdi. Sovet hərbi-hava qüvvələrinin pilotu, baş leytenant Viktor Belenko məxfi MiQ-25 təyyarəsi ilə Yaponiyaya qaçaraq ABŞ-dan siyasi sığınacaq istədi.

Sovet istehsalı olan məxfi texnikanın düşmən ölkələrin əlinə keçməsi halları əvvəllər də baş vermişdi. Məsələn, 1953-cü ildə Şimali Koreya pilotu No Qım Sok MiQ-15 təyyarəsi ilə Cənubi Koreyaya qaçdı. 1966-cı ildə Mossad iraqlı pilot Münir Redfanı əməkdaşlığa cəlb edərək MiQ-21 qırıcısını İsrailə qaçırmağa razı sala bildi. Üç il sonra isə İsrail xüsusi təyinatlıları SSRİ-nin Misirə verdiyi P-12 radiolokasiya stansiyasını heyrətamiz əməliyyat nəticəsində oğurladılar.

Amma bütün bunlar dost ölkələrin günahı üzündən baş verirdi. İndi isə SSRİ-nin öz pilotu, öz yetirməsi, Kommunist Partiyasının üzvü nəinki xaricə qaçmış, üstəlik, superməxfi qırıcı təyyarəni də qaçıraraq ölkəsinin hərbi sirrini düşmənə vermiş və böyük ziyan vurmuşdu.

 ***

Viktor Belenko 1947-ci ildə anadan olub. İki yaşı olanda valideynləri boşanıb, anası onu ataraq gedib. Viktoru atası və analığı böyüdüb. Orta məktəbi fərqlənmə ilə (gümüş medal) bitirəndən sonra tibb institutuna daxil olur, bir semestrdən sonra hərbi xidmətə çağrılır. Hərbi xidmətdən sonra isə gələcəyi ilə bağlı fikrini dəyişərək Armavir ali hərbi aviasiya məktəbinə daxil olur və buranı 1971-ci ildə bitirir.

Məzun olduqdan sonra hərbi hissəyə deyil, başqa Stavropol ali hərbi aviasiya məktəbinə pilot-instruktor göndərilir. Kommunist Partiyasına üzv qəbul edilməsi təhsil və xidmət dövründə tənbeh doğuracaq hər hansı əməl törətmədiyini sübut edir.

1975-ci ildə artıq baş leytenant, evli və bir uşaq atası olan Belenko öz xahişi ilə Uzaq Şərqə təyin olunur və Primorsk diyarının Çuquyev rayonunda yerləşən 530-cu aviasiya alayında xidmətə başlayır. Burada ona SSRİ-nin ən son model hərbi təyyarəsində – MiQ-25-də uçmaq icazəsi verirlər.

 ***

İkinci Dünya müharibəsindən sonra səsdən sürətli hərbi təyyarələrin hazırlanmasına xüsusi önəm verilirdi. Səs sürəti ilk dəfə 1947-ci il oktyabrın 14-də ABŞ-ın Bell X-1 təyyarəsi ilə keçildi. Amma bu təyyarə eksperimental idi və seriya halında istehsal olunmadı.

Amerikalılar səsdən sürətli “North American F-100 Super Sabre” qırıcı təyyarəsini 1953-cü ildə istifadəyə verməklə sovetləri bir qədər qabaqladı. SSRİ-nin ilk analoji təyyarəsi kütləvi istehsalına 1955-ci ildə başlanılan MiQ-19 oldu. Sonralar başqa, daha sürətli təyyarələr də buraxıldı. Maksimum sürəti səs sürətindən 2 dəfədən (2 Max ədədi) çox olmayan bu təyyarələrə ikinci nəsil reaktiv qırıcılar deyilirdi.

Tezliklə 2 Max ədədindən daha sürətli, yəni səsdən iki və daha artıq sürətlə uçan təyyarələr istehsal olundu. SSRİ-də 1959-cu ldə MiQ-21, ABŞ-da 1960-cı ildə  F-4 Phantom II  istifadəyə verildi. Bu təyyarələr artıq üçüncü nəsil reaktiv qırıcılar sayılırdılar.

Bu dövrdə hava kəşfiyyatı da yaddan çıxmırdı. Amerikalılar 1966-cı istifadəyə verdikləri “Lockheed SR-71” təyyarəsi kəşfiyyat məqsədilə hazırlanmışdı. Cəmi 32 ədəd istehsal edilən SR-71 unikal keyfiyyətlərə malik idi, onun sürəti 3,2 Max ədədinə və ya 3500 km/saat çatırdı.

Yüksək sürət SR-71-i həm düşmən təyyarələri, həm də zenit raketləri üçün əlçatmaz edirdi. Vyetnam müharibəsi zamanı ona təxminən 800 dəfə zenit raketlərindən atəş açıldı, amma heç biri hədəfə dəymədi. SR-71 sovet sərhədləri yaxınlığında da kəşfiyyat uçuşları həyata keçirirdi.

Viktor Belenkonun istifadəsinə verilən MiQ-25 də bu aviasiya rəqabətinin məhsulu idi. 1970-ci ildə istifadəyə verilən yaxalayıcı-qırıcı təyyarə məhz SR-71 ilə, eləcə də ABŞ-ın səsdənsürətli (2 Max ədədi) B-58 bombardmançı təyyarəsinə qarşı mübarizə aparmaq üçün hazırlanmışdı.

Doğrudur, MiQ-25-in sürəti SR-71-ə çata bilmədi (sonuncu indiyə qədər ən sürətli reaktiv təyyarə sayılır), maksimum 3000 km/saat idi. Amma çağdaş dövrdə də gördüyümüz kimi ruslar silah məsələsində blef etməyi, öz məhsullarını olduğundan daha keyfiyyətli göstərməyi bacarırlar. Nəticədə, amerikalılar MiQ-25 qorxusundan SR-71-in sovet sərhədləri boyunca uçuşlarını dayandırdılar.

Vaxtilə İsrail MiQ-21-in taktiki-texniki xüsusiyyətlərini öyrənmək üçün çox şeyə hazır idi və buna görə xüsusi “Brilyant” əməliyyatı keçirdi. İndi də MiQ-25-in sirlərinə vaqif olmaq ABŞ kəşfiyyatının əsas arzu və vəzifələrindən biri idi. Amma bu dəfə xüsusi əməliyyata ehtiyac olmadı, MiQ-25 sözün hərfi və məcazi mənasında göydən düşdü.

***

Viktor Belenkonun qaçışının səbəbləri haqqında müxtəlif və ziddiyyətli ehtimallar mövcuddur.  Bəzi versiyalar görə, sovet ordusunda hökm sürən hərcmərclikdən, komandirlərin əyyaşlığından, kapitan rütbəsinin gecikdirilməsindən narazı imiş. Bəzən bu səbəblərə ailəsindəki gərginliyi də əlavə edirlər.

Pilot özü isə hələ çoxdan sovet təbliğatı ilə reallıq arasında kəskin fərqi müşahidə etdiyini, ABŞ haqqında məlumatlara inanmadığını deyir. Çox sonralar verdiyi müsahibədə deyir: “Özümdən soruşurdum, əgər ABŞ çürüyən rejimdirsə, niyə orada bu qədər Nobel mükafatı laureatı var?” Bununla belə, SSRİ-də çox adam rəsmi təbliğatın həqiqətlə dostluq etmədiyini anlayırdılar, amma ölkədən qaçmırdılar.

Hər halda, səbəb nə olursa olsun, Belenko qəti qərarı qaçışdan bir ay əvvəl verdiyini deyir. Bu zaman məhz MiQ-25 ilə qaçmaq lazım idi ki, amerikalılar siyasi sığınacaq verməyə həvəsli olsunlar.

1976-cı il sentyabrın 6-da yerli vaxtla 13:45-də Çuquyev yaxınlığındakı aerodromdan bir neçə təyyarə havaya qalxdı. Pilotlar təlim uçuşu həyata keçirməli idilər. Havaya qalxandan az sonra Belenko digərlərindən geriyə qaldı və dərhal aşağıya enərək Yaponiyaya tərəf yönəldi. Uçuş təxminən 30 metr hündürlükdə davam edirdi, bu da ona sovet radarlarından yayınmağa imkan verdi. Dispetçerlər isə təyyarənin ekranlardan yoxa çıxdığını gördükdə qəzaya uğradığını düşündülər.

Belenkonun idarə etdiyi MiQ-25 uçuşa başlamasından təxminən 1 saat sonra sovet-yapon sərhədini keçdi. Pilot indi yüksəyə qaldırdığı təyyarəsini Hokkaydo adasındakı Çitose aviabazasında endirmək istəyirdi, amma yanacağının çatmayacağını anladı. Bu zaman həmin adada təsadüfən mülki hava limanı gördü, bu, Hakodate limanı idi.

MiQ-25 limana enərkən havaya qalxan sərnişin təyyarəsi ilə toqquşmaqdan zorla qurtuldu. Bu səbəbdən Belenko istədiyi trayektoriya ilə enə bilmədi. Ona görə də yetərincə uzunluğu olan uçuş zolağından 250-300 metr kənara çıxandan sonra da dayana bildi. Yanacaq çəni, demək olar ki, boş idi.

Primorsk vilayətində Belenkonun axtarışları sürərkən Tokio radiosu onun Hakodatedə enməsi xəbərini paylaşdı. Bir müddət sonra isə pilotun ABŞ-dan siyasi sığınacaq istədiyi bildirildi.

***

Sovet tərəfi Yaponiyadan həm təyyarənin dərhal qaytarılmasını, həm də Belenko ilə görüş tələb etdilər. Əlbəttə, amerikalılar möcüzə nəticəsində əllərinə keçmiş təyyarəni qaytarmaq fikrində deyildilər. Onların təhriki ilə yaponlar ruslara “Sərhədin qanunsuz pozulması ilə bağlı cinayət işi açılıb, təyyarə də maddi sübutdur. İstintaq bitəndə qaytarılacaq” cavabını verdilər. Belenko ilə görüş isə sentyabrın 9-da Tokioda təşkil edildi.

Rəsmən sovet səfirliyini təmsil edən, əslində isə KQB zabiti olan Sadovnikov soyadlı birisi pilota “bilirik, siz azmısınız, enməyə məcbur olmusunuz” deyərək SSRİ-yə qayıtmağa razı salmağa çalışdı. Belenko isə onun sözünü kəsərək “mən könüllü uçmuşam” cavabını verdi. Görüş nəticəsiz bitdikdə Sadovnikov yanından keçən pilota “səni əvvəl-axır tapacağıq” pıçıldadı. Belenko təhlükəsizliyini təmin etmək məqsədilə elə həmin gün ABŞ-a aparıldı.

Foto: “russian7.ru”

Amerikalılar təyyarəni də ölkələrinə aparmaq istəyirdilər, amma yaponlar SSRİ ilə bu qədər açıq-aşkar konfrontasiyaya getmədilər. MiQ sökülərək “Lockheed C-5 Galaxy” nəqliyyat təyyarəsinə yükləndi və sentyabrın 25-də Honşu adasındakı Hyakuri aviabazasına aparıldı və burada amerikalılar tərəfindən diqqətlə öyrənildi.

Aydın oldu ki, MiQ-25 bir sıra keyfiyyətlərə malik olsa da, təsəvvür edildiyi qədər qabaqcıl maşın deyil. Ən əsası, sürəti SR-71-dən geri qalırdı. Başlıca nöqsanlardan biri radarının olmaması idi – buna görə də həm irəlidə, həm aşağıda uçan hədəfləri eyni zamanda görə bilmirdi. Mühhərikləri olduqca çox yanacaq sərf edirdilər, buna görə də uçuş radiusu aşağı idi: səsdən aşağı sürətlə 1730 km, səsdən yüksək sürətlə 1250 km. Təyyarənin elektronikası, “doğma-yad” tanıma sistemi də amerikalıları məftun etmədi.

MiQ-25 elə taxta yeşiklərdə noyabrın 15-də sovet tərəfinə təhvil verildi. Yaponların qoyduğu şərtə görə, ruslar qaytarılan hissələrə günün sonuna qədər baxaraq iradlarını bildirməli idilər. Onlar güman edirdilər ki, bunu etmək, çatışmayan hissələri müəyyənləşdirmək mümkün olmayacaq. Amma ruslar 20 hissənin çatışmadığını müəyyən etdilər və Yaponiyaya qarşı 10 milyon dollar dəyərində iddia qaldırdılar. Amma bu məbləğ heç zaman ödənilmədi.

***

Viktor Belenkoya əvvəlcə sığınacaq, 1980-ci ildə isə ABŞ vətəndaşlığı verildi. Sonralar verdiyi müsahibələrinin birində o, Amerikada ən çətin alışdığı şeyin “seçim azadlığı” olmasını deyirdi: “Sizin harada yaşamalı, işləməli, hətta ölməli olduğunuzu hökumətin müəyyən etdiyi qapalı cəmiyyətdən sonra seçim imkanına öyrəşmək çox çətindir”.

O, ilk dəfə supermarketə gedəndə mağazada bu qədər geniş çeşiddə malların ola biləcəyinə inanmır və bunu onda təəssürat yaratmaq üçün təşkil olunduğunu düşünür. Növbə və basabasın olmaması da həmin təəssüratı gücləndirir. SSRİ-dəki “göstəri” (pokazuxa) taktikasına alışqan olan Viktor düşünür ki, ona görə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) hamını marketdən qovub.

Belenkonun xahişi ilə amerikalılar onu öz hərbi aviasiyalarının şəraiti ilə tanış edirlər. Lenqli aviabazasında iki serjantın avaisiya trenajorunda məşğul olduğunu görən pilot çox təəccüblənir. O, deyir ki, SSRİ-də belə trenajorlar olsa da, yalnız gözdən pərdə asmaq üçündür, kimsə ona yaxın buraxılmır.

1977-ci ilin yanvarında Belenko “Con Kenendi” aviadaşıyıcı gəmisində olur. SSRİ və ABŞ hərbisini müqayisə etmək həvəsi onu burada hər şeyə diqqət yetirməyə, hərbçilərin qidalanmasına, hətta intizamı pozan əsgərlərin cəza çəkdiyi karserə baxmağa sövq edir. Aviabazada və gəmidə gördükləri Belenkonu ABŞ hərbçilərinin həm daha yüksək hazırlıqlı olmalarına, həm də qat-qat daha yüksək şəraitdə yaşadıqlarına inandırır.

Milyardlarla zərər vurduğu SSRİ-də Belenkonu bəzi mənbələrə görə, qiyabi olaraq güllələnməyə məhkum etdilər. Üstəlik, onu təqlid etmək istəyə bilənlərin həvəsini beşiyində boğmaq üçün belə şayiə buraxılırdı ki, KQB Belenkonu ABŞ-da tapıb və öldürüb. Amma SSRİ keçmiş pilotunu öldürməyə macal tapmamış özü canını tapşırdı.

76 yaşlı Viktor Belenko son məlumatlara görə hələ də sağ-salamatdır və ABŞ-da yaşamaqda davam edir.

Ana səhifəMənim FikrimcəSSRİ-nin məxfi MiQ-25 təyyarəsinin qaçırılması