Zərdüşt Əlizadə
Ta mənə dəxli yoxdur, mən dediyimi dedim, vicdanım təmizdir
Həyat amansızdır, bütün canlılar həyat uğrunda aramsız mübarizə aparır. Güclülər yaşamaq naminə gücündən, zəiflər hiylədən, gizlənməkdən və qaçmaqdan istifadə edirlər. Zəif insanlar və cəmiyyətlər çox vaxt digər insanların mərhəmət hissindən öz xeyirləri üçün istifadə edir. Əminəm ki, cəmiyyətdə dilənən insanların öz acizliklərini nümayişkaranə ortaya qoyub sədəqə dilədiyinin şahidi olmusunuz.
Bəşəriyyətin tarixi amansız qırğınlar və zülm hadisələrinin tarixidir. Bəşəriyyətin son 5 min illik tarixi aramsız müharibələr, bütöv insan cəmiyyətlərinin və mədəniyyətlərinin məğlubiyyəti və yer üzündən silinməsi salnaməsidir. Haradadır Amerika qitəsində ağdərili işğalçıların fütuhatindan əvvəl mövcud olmuş ink, mayya və atstek mədəniyyətləri? Onlardan yalnız daş abidələrin qalıqları danışır.
Ərəb dilində bu barədə gözəl bir məsəl var: “Zəhəbu eydi Səba”, yəni “Səba kimi qeybə çəkildilər”. Qədim Yəməndə mövcud olmuş varlı və əzəmətli Səba dövləti çöküb getmiş, ondan bu günə yalnız səssiz-hənirsiz xərabəliklər qalmışdır.
Son min il Yer üzündə ən güclü, deməli, ən zalım siyasi-mədəni varlıq Qərbdir. Ərəb -islam mədəniyyəti zühurundan sonra 200-300 il yüksəlmiş, sonra isə tənəzzülə yönəlmişdir. Səlib yürüşlərindən üzü bəri dünyanın ağası Qərbdir. Köçərilərin Şərqdə qurduqları dövlətlər böyük ərazini tutsalar da, tarixin danılmaz tərzdə sübut etdiyi kimi, sənaye qurmağı bacarmadılar, elmi kəşflər edə bilmədilər və vaxtı gələndə, təbii ki, məğlub olub çökdülər.
Dünyanın ağası iyirmi birinci əsrdə hələ də Qərbdir. İndi Çin sürətlə güclənir, Qərb bundan qorxur və son döyüşə hazırlaşır. Qərb bütün dünyaya siyasi və əxlaqi qanacaq dərsi keçir, fəqət özü heç kəsə dəyib dolaşmayan güclü bir mədəniyyətin varlığı ilə barışmaq istəmir, onunla ölüm-dürim mübarizəsinə hazırlaşır.
Bəli, dünya amansızdır. Dünən əzilən məzlum bir xalq əlinə fürsət düşəndə, özündə güc hiss edəndə, dünən özünün məruz qaldığı zülmü tərəddüd etmədən və vicdan əzabı çəkmədən digərinə edir. Necə deyərlər, siyasətdə əxlaqa yer yoxdur, əsas maraqlardır.
Lakin heç bir dövlət və heç bir xalq özünün əxlaq və mənəviyyatdan xali olduğunu etiraf etməz. Buna görə də ən rəzil siyasətə belə əxlaq donu geyindirmək şakəri bütün dövlətlərə və xalqlara xasdır.
Dünyada iki xalq bəzən öz mövcudluq, bəzən isə ağalıq naminə mübarizəsində güclü bir əxlaqi-mənəvi silaha əl atır. Yəhudilər və ermənilər soyqırımı silahından bolluca istifadə edirlər. Həm də çalışırlar ki, tarixdə gerçəkdən olmuş qanlı hadisələrin tarixi səbəbləri və mahiyyəti açılmasın, bu qırğınların törənmə şəraiti müzakirə mövzusu olmasın. Bu məsələdə yəhudilər daha böyük uğur qazanıblar, ermənilər isə məqsədlərinə çatmaq üçün yorulmadan çalışırlar.
15 yaşım olanda “Anna Frankın gündəliyi”ni oxuyub sarsılmışdım, qəlbim yəhudilərə mərhəmət, onların cəlladlarına nifrətlə dolmuşdu. Elə belə də böyüyüb 23 yaşıma çatdım və hərbi qulluq üçün Misirə yollandım. Orada görəndə ki, İsrail təyyarələri kənd məktəbini, zavod fəhlələrini amansızlıqla bombalayıb məhv edir, anladım ki, həyat yalnız ağ və qara rənglərdən ibarət deyil, digər rəng və çalarlar mövcuddur.
Biliyimi tək həyatdan deyil, kitablardan da zənginləşdirdim, erməni soyqırımı barədə SSRİ-də vaxtaşırı dərc edilən “Ağ kitab”larla tanış oldum. Sonra isə həyatım məni Qarabağ burulğanına atdı. Burada mən hər iki soyqırımı qəziyyəsinin təsirləri ilə rastlaşdım.
Vətəndaş cəmiyyətinin fəalı və jurnalist kimi beynəlxalq tədbirlərə dəvətlər alırdım. 2000-ci illərin əvvəllərində bir dəfə Balkan ölkələrindən birində bir yarıelmi-yarısiyasi tədbirə dəvət aldım. Azərbaycandan mənimlə yanaşı peşəkar bir buqələmun dəvət edilmişdi, gah türk millətçisi olurdu, gah zır liberal, odur ki, müsafirim barədə danışmaq mənasızdır. Tədbirdə iştirak edənlərdən yadımda Amerikadan bir yəhudi əsilli tarixçi professor, bir alman, bir fransız, iki erməni, iki türk alimi qalıb. Bəli, tədbir başladı, necə başladı. Yerindən duran tələb edirdi ki, Türkiyə gərək 1915-ci ildə zavallı ermənilərə qarşı törətdiyi soyqırımı tanıyıb öz məsuliyyətinin cəzasını çəksin. Mən türk deyiləm, azərbaycanlıyam və bu vurnuxmalar məni o qədər də narahat etmirdi. Həm də mənim yanımda bir diri türk professor və bir “elmi çalışmaçı” əyləşmişdi, onların bazarına girmək istəmirdim. Müzakirə əsnasında gördüm ki, ikisinin də ingilis dili mükəmməldir, mənə öz sınıq-salxaq ingilis dilimlə onların yanında ağzımı açıb danışmağım ayıbdır.
Gözləyirdim ki, bu iki türk alimi bu soyqırım möhtəkirlərinin cavabını verəcəklər, get-gedə azğınlaşan fəlakət dəllallarının ağızlarını yumacaqlar. Gözlədim, gözlədim, arkadaşlardan səs-səmir çıxmadı. Onlara tərəf əyilib utana-utana soruşdum ki, “siz bu cənabların mövqeyi barədə rəyinizi bildirməyəcəksiniz?”.
Türk arkadaşlarım dedilər ki, “yox, biz onlardan qrant alırıq, biz onlarla mübahisə etsək, bizə yaxşı olmaz”.
Təəccüblə baxdım onlara, üzümü çevirdim o biri tərəfə.
Eiraf edim ki, ingilis dilini cavanlıqda yaxşı bilirdim, fəqət ömrüm boyu ərəb dili sahəsində çalışdığıma görə ingilis dili biliyim köçüb hafizəmin ucqar guşələrinə və mənim üçün onları fəallaşdırmaq çətindir. Təbii ki, Londonda azmaram, mehmanxanamı soruşub taparam, lakin dili zəif bildiyimdən çalışıram ictimai yığıncaqlarda çıxış etməyim.
İclasda bir az da gözlədim, gördüm ki, arkadaşların səbr kasası çox böyükdür. Qərbli həmkarlar isə sevimli mövzudan əl çəkmək bilmirdilər və bəhsə-bəhs bu soyqırımı mətləbini açıb-ağardırdılar.
Bir də gördüm ki, içərim alovlanıb yanır, qəzəb dalğası kükrəyib məni boğmağa başlayır, qoymur nəfəs alım.
Hirslə əyilib türk arkadaşlarıma dedim: “Mən bu gədalardan qrant almıram, alsaydım da, dözməzdim”. Sonra söz alıb nitqimə başladım.
Dedim ki, “mən dindar olmasam da, müsəlman aləminə mənsubam, siz yəqin ki, etiraz etməyə özünüzdə cürət tapıb inkar edə bilməzsiniz ki, Qərb bütövlükdə müsəlman aləminə qarşı nə qədər haqsızlıqlar törədib. Dünya hadisələrinin əsas məcrasından tam kənarda qalmış müsəlman aləminin nə birinci, nə də ikinci cahan müharibəsinin başlanmasında və törətdiyi fəlakətlərdə heç bir payı yoxdur və ola da bilməz. İndi dünyada heç kəsin inkar etmədiyi bütün bu bəşəriyyətə qarşı cinayətləri Qərb dövlətləri törədib və müsəlmanların bu cinayətlərdə günahı yoxdur. Fəqət Qərb dövlətləri törətdikləri cinayətlərin cəzasını müsəlmanların üzərinə qoymaqda mahirdirlər. Yəhudu xalqına qarşı Qərbin cinayətlərini onlar müsəlman torpaqlarında sionist dövləti yaratmaqla yumağa çalışırlar. Yaranmış İsrail dövləti Qərbin köməyi ilə milyonlarla ərəbi evindən qovandan sonra öz şəksiz cinayətini dünyanın yəhudilərə qarşı törətdiyi soyqırımıyla malalamağa çalışır. Kim deyə bilər ki, Qərbin yəhudilərə qarşı törətdiyi soyqırımla zavallı fələstinlilərin nə əlaqəsi var? Lakin Holokost mövzusu Qərbin dilindən düşmür, soyqırımı yəhudu işğalçılarına sanki əsas verir ki, fələstinlilərə qarşı cinayətlərinə bəraət qazandırsınlar. Erməni qırğını mövzusu da tarixi məzmundan təcrid edilir. Birinci cahan müharibəsində 20 milyon insan qırıldı. Qərb dünyası müharibə sona yetəndən sonra dərin mənəvi böhrana düşdü. Erməni azlığının silahlandırılması, Osmanlı dövlətinə qarşı silahlı mübarizəyə təhrik edilməsi Antanta dövlətlərinin müharibə planının tərkib hissəsi idi. Qanlı müharibə ilə yanaşı informasiya müharibəsi də gedirdi deyə Qərb mətbuatı və alimləri Osmanlı imperiyasının şərqində baş vermiş qanlı hadisələrin miqyasını şişirtməkdə maraqlı idilər və bu işlə indiyədək məşğuldurlar. Qaldı erməni tərəfinə, onların siyasətçiləri zavallı erməni xalqını öz vəzifə tamahlarına qurban verdilər, müharibədən sonra günahı qarşı tərəfin üzərinə atmağa çalışdılar. İndi də bu soyqırımı dəllalığı ilə onlar yüz minlərlə dinc və zavallı azərbaycanlının didərgin düşməsinin, özlərinin beynəlxalq hüququ tapdalayan siyasətlərinin günahını pərdələməyə çalışırlar. Əminəm ki, siz mənim dediyim bu sadə həqiqətləri yaxşı bilirsiniz, lakin siyasi mənafe deyilən əxlaqdan tam uzaq bir məfhum var, məhz bu məfhum savadlı alimləri bayaqdan dinləməyə məcbur olduğum bu riyakar nitqləri söyləməyə vadar edir. Mən 15 ildir erməni həmkarlarımı beynəlxalq hüquqa hörmət etməyə və münaqişənin dinc həllini tapmağa dəvər edirəm. Heyhat, sizin kimi dəyərli mütəxəssislərin nitqləri onları həqiqətdən uzaq bir dünyanın mövcudluğuna inandırır və onlar mənim dəvətimi eşitmək belə istəmirlər. Diqqətinizə görə minnətdaram, lakin açıq deyirəm ki, münaqişənin dinc həlli tapılmasa və yeni bir qanlı müharibə olsa, onun məsuliyyət payı tək döyüşən tərəflərin üzərinə deyil, həm də bu məkrli tarix versiyasını uydurub yayanların üzərinə düşəcək”.
Danışdıqca hiss edirdim ki, boğazım açılır, rahat nəfəs ala bilirəm və dünyanın ləzzətini əvvəlki kimi duya bilirəm. Gözümün ucu ilə türk arkadaşlara baxdım, İkisi də möhkəm qorxmuşdu.
Məndən sonra amerikan tarixçi alim söz alıb mənim tam haqlı olduğumu dedi. Sonra alman alimi mənim haqlı olduğumu dedi. Sanki sədd dağılmışdı, hətta fransız alimi də keçmiş tarixi hadisələrin müasir qanunları pozmaq üçün əsas sayıla bilinməməsi barədə bir əndrəbadi nitq söylədi.
Buqələmun yerlim susmuşdu, tapammırdı ki, hansı cildə girsin, türk bozqurdu cildinə, ya avropalı liberal cildinə.
Erməni qonşular da nəsə dedilər, mən dəxi onların məntiqsiz və maraqsız nitqlərini dinləmək halında deyildim, çünki 15 ildir eyni sözləri eşidirdim.
Həmin əsəbi çıxışımdan sonra özümə söz verdim ki, bir daha bu mövzuya şifahi qayıtmayacağam. İki-üç böyük məqalə ilə bütün fikirlərimi yazıya köçürüb dostum Georgiy Vanyanın “Alternativnıy start” saytında yerləşdirdim. Erməni tərəfindən hənirti belə gəlmədi.
Məqalələrimdə onu da yazdım ki, bizim tərəf erməni xəstəliyinə yoluxub, istənilən qırğına soyqırımı libası geyindirməyə can atır.
Bu soyqırımı dəllallığı ilə xeyli məxluq həm o tərəfdə, həm bu tərəfdə özünə bir tikə yağlı əppək qazanır.
Ta mənə dəxli yoxdur, mən dediyimi dedim, vicdanım təmizdir. Dünyanın bütün əyri işlərini düzəltmək mənə qalmayıb.