Sosial şəbəkələrdə sayğaclarla bağlı şikayətlər artır: “Balansdan pullar silinir”

Qaz sayğacı. Foto: Meydan TV

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlar qaz və elektrik ödənişləri zamanı balanslarından ay ərzində bir neçə dəfə əlavə vəsait çıxıldığını iddia edirlər.

Onlar sayğac göstəricilərində uyğunsuzluqlar olduğunu, ödəniş balanslarından əlavə məbləğlərin silindiyini və bu hallarla bağlı kifayət qədər izahat verilmədiyini bildirirlər. Şikayətlərdə əsasən smart sayğac sistemləri və kart ödənişləri ilə bağlı problemlər qeyd olunur. İddialara görə, yüklənən məbləğin tam hissəsi balansda əks olunmur və sabit tarif adı ilə çıxılmalar baş verir. Məsələ ilə bağlı şikayətlər sosial şəbəkələrdə müxtəlif dövrlərdə fərqli intensivliklə gündəmə gəlib.

Sosial şəbəkələrdə şikayətlər artır

“Dünən karta 20 manat vurdum, kartı sayğaca taxan kimi cəmi 4 manat balans göstərdi. 16 manat hara getdi? Qaynar xəttə zəng edirəm, deyirlər sistemdə köhnə borcunuz olub. Nə borc, mən hər ay vaxtı-vaxtında pul vururam axı”,sosial şəbəkədə Azərişıq istifadəçisi yazıb.

“Sumqayıt şəhərində elektrik sayğacları ilə bağlı problemlər davam edir. Karta pul yükləyirik, amma hər dəfə məbləğin bir hissəsi səbəbi izah edilmədən çıxılır. Müraciət etsək də, konkret izahat ala bilmirik. Aybaay bu fərqlər təkrarlanır və vəziyyət aydınlaşdırılmır”, – başqa bir şikayətçi bildirir.

Oxşar şikayətlər Naxçıvan Muxtar Respublikasında da səsləndirilir. Sakinlər bildirirlər  ki, qaz və elektrik kartlarına yüklədikləri vəsaitin bir hissəsi xəbərdarlıq edilmədən silinir.

Onların iddiasına görə, “sabit tarif”, xidmət haqqı və digər adlarla ay ərzində 1 manatlıq ödənişdən əlavə, bəzi hallarda 2 manat və daha artıq vəsait tutulur. Şikayətçilər həmçinin bildirirlər ki, smart sayğaclarda balans tam əks olunmur, mexaniki sayğaclarda isə ay ərzində bir neçə dəfə qəbz təqdim edilir.

“Sabit tarif”, yoxsa gizli artım?

Tarif Şurasının qərarına əsasən, 2026-cı il yanvarın 1-dən etibarən mənzil və fərdi evlər, həmçinin kiçik müəssisələr elektrik və qaz üçün aylıq 1 manat, böyük müəssisələr isə 3 manat sabit abonent haqqı ödəyir. Bu, rəsmi olaraq “qiymət artımı” kimi təqdim edilməsə də, hər ay məcburi əlavə ödəniş deməkdir.

Tətbiq edilən abonent haqqı ilə ölkədə, Naxçıvan MR istisna olmaqla, təxminən aylıq 5,83 milyon manat sabit ödəniş yığılır.

Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin  2025-ci ilin oktyabr ayının 1-nə olan məlumatına əsasən, elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 2 932 823, qeyri-əhali qrupunda 200 292-dur.

“Azəriqaz” İB-nin əhali qrupuna aid (Naxçıvan MR istisna olmaqla) 2 648 382, qeyri-əhali qrupuna aid 46 910  abonenti var.

Bununla da elektrik enerjisi üzrə yığılan sabit haqq 3,1 milyon manat, təbii qaz üzrə isə 2,7 milyon manat təşkil edir.

Ekspertlərdən çağırış: şikayəti sosial şəbəkədə yox, rəsmi verin

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirir ki, kommunal xidmətlərlə bağlı şikayətlərin bir hissəsi vətəndaşların rəsmi müraciət mexanizmlərindən kifayət qədər istifadə etməməsi ilə bağlıdır.

Foto: Mirvari Qəhrəmanlının şəxsi profilindəndir

Onun sözlərinə görə, sosial şəbəkələrdə səsləndirilən narazılıqlar çox vaxt problemin həllinə gətirib çıxarmır və istehlakçılar yazılı müraciət və rəsmi yoxlama prosedurlarına daha çox müraciət etməlidirlər.

Ekspert vurğulayır ki, hesablamalarla bağlı uyğunsuzluq iddiası olduqda, vətəndaşlar əvvəlcə şəxsi hesablarını yoxlamalı, daha sonra aidiyyəti qurumlara rəsmi sorğu ünvanlamalıdırlar.

O həmçinin qeyd edir ki, xidmət göstərən qurumlar da abonentlərə hesablamaların əsasını daha aydın və şəffaf şəkildə izah etməlidirlər.

Qəhrəmanlıya görə, bəzi hallarda vətəndaşların rəsmi prosedurlardan az istifadə etməsi problemlərin uzanmasına səbəb olur. O əlavə edir ki, ilkin mərhələdə məsələ inzibati qaydada həll olunmadıqda, vətəndaşlar öz hüquqlarını məhkəmə qaydasında da müdafiə edə bilərlər.

İqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli bildirir ki, belə halların araşdırılması üçün vətəndaşların rəsmi qaydada müraciət etməsi və zərurət olduqda məhkəmə mexanizmlərindən istifadə etməsi vacibdir.

İqtisadçı Natiq Cəfərli. Foto: Meydan TV
İqtisadçı Natiq Cəfərli. Foto: Meydan TV

Onun sözlərinə görə, vətəndaşların bu kimi hallarda inzibati və hüquqi prosedurlara müraciət vərdişinin zəif olması problemlərin uzanmasına səbəb olur.

Cəfərli əlavə edir ki, hazırda 1 manat səviyyəsində müəyyən edilən sabit tarifin gələcəkdə artırılması istisna edilmir. Onun fikrincə, belə artımlar baş verərsə, əsas yük birbaşa olaraq əhalinin üzərinə düşəcək.

 Qurumlar susur – suallar cavabsız qalır

 Meydan TV məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlayıb. Lakin yazı dərc olunana qədər sorğulara cavab almaq mümkün olmayıb. Qurumların mövqeyi açıqlanacağı təqdirdə materiala əlavə ediləcək.

Ana səhifəSosialSosial şəbəkələrdə sayğaclarla bağlı şikayətlər artır: “Balansdan pullar silinir”