Sonuncu atılıb-düşmələr

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Ermənistan dərin böhran içindədir…


44 günlük müharibənin sonundan 2 il 4 ay keçib. Münaqişənin sona yetməsi ilə bağlı bir sənəd belə imzalanmayıb. Niyə? Çox sadə səbəbdən.

Minsk Qrupunun həmsədri olan üç böyük nüvə dövləti Cənubi Qafqaz bölgəsini uzaq məsafədən uzunqulplu vasitəçilik çömçəsi ilə qurdalamağa imkan verən münaqişənin sona yetməsini istəmir. Buna görə bu münaqişəni davam etdirmək üçün özünün heç bir yetərli imkanı olmayan Ermənistan Respublikasına siyasi dəstək və mənəvi ürək-dirək verib deyirlər ki, “razılaşma, cığallıq elə, biz sənin arxanda dağ kimi durmuşuq”.

Ermənistan da bu üş siyasi nəhəngin verdiyi vədə güvənib qanlı müharibədəki öz məğlubiyyətini heç cür etiraf etmək istəmir, siyasət meydanında dayanıb-durmadan atılıb-düşür.

Gah sülh sazişinə razılıq verir, gah vədindən geri durur. Gah delimitasiya danışıqlarını aparacaq komissiyanın tərkibini elan edir, gah bu komissiya ilğım kimi əriyib yoxa çıxır. Gah Zəngəzur dəhlizinə razılıq verir, gah da deyir ki, belə şey ola bilməz.

Erməni diplomatiyası Azərbaycan diplomatiyasına deyir ki, “gəlin stadionda qaçaq”, Azərbaycan diplomatiyası razılaşıb stadiona gələndə görür ki, erməni diplomatları yoxdur. Zəng vurub soruşurlar ki, “ə, bə siz niyə gəlməmisiniz”, eşidirlər ki, “biz sizi hovuzda gözləyirik, gəlin üzək”.

Müxtəsər, bu iki ildə erməni diplomatiyası hey atılıb-düşdü, həmsədr dövlətlərin dəstəyi ilə Azərbaycan diplomatiyasını xeyli doladı.

Azərbaycanın səbri tükəndi, 2022-ci ilin sentyabr ayının 13-15-də hərbi əməliyyat keçirib Ermənistanın qeyri-rəsmi ərazisinə 3-7 kilometr girdi, əsas yüksəklikləri tutdu və döyüşlərdə iki yüzdən çox erməni hərbi qulluqçusunu öldürdü. Təbii ki, Azərbaycan ordusunun da müvafiq itkiləri oldu.

Bundan sonra ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə başbiləni Sallivan bir erməni, bir azəri məsulunu yanında əyləşdirib dedi: “ilin sonuna qədər sülh müqaviləsi imzalasaz, məsləhətdir”. Hər iki dalaşan tərəfin məsulu dedi ki, “Oldu, çalışarıq”.

Bundan sonra Ermənistan diplomatiyası dübarə yana hoppanıb dedi ki, “biz Rusiyanın təklifi ilə yüz faiz razıyıq”.

Rusiya nə təklif edir? Deyir ki, “Qarabağın müqəddəratı qalsın yaşıl ayın başına, qırmızı çərşənbəyə. O vaxta qədər rus qoşunları qalsın Xankəndində və ətrafında, erməniləri qorusun”.

Azərbaycan diplomatiyası deyir ki, “olmadı, biz belə danışmamışıq, status-matus olmayacaq, rus qoşunu zəhmət çəkib 2025-ci ildə Qarabağı tərk edəcək. Uzağı öz tərəfimizdən rus əsgər və zabitlərinə vida qonaqlığı söz verə bilərik”.

Ermənistan təkrar hərbi qulaqburmanın qarşısını almaq üçün sağa hoppanıb Avropa İttifaqından özünün qeyri-rəsmi sərhəddinə müşahidəçilər dəvət etdi.  Bəli, müşahidəçilər, içində 6 fransız jandarmı olmaqla, təşrif buyurur.

Bu tərəfdən Lavrov Ermənistana məsləhət görür ki, “sola hoppanıb KTMT müşahidəçilərini də dəvət edin”.

Dünya diplomatiyası bizim münaqişə müstəvisində darmacala düşüb qoşulur Ermənistan diplomatiyasına, öz növbəsində başlayır atılıb-düşməyə. Gah deyir “Minsk Qrupu xortlamalıdır”, gah ona təziyə deyir. Gah deyir “ərazi bütövlüyü əsasdır”, gah deyir Qarabağda qalmış 35 min erməni nə desə, o da qanundur.

Ermənistan dərin böhran içindədir. Böhran erməni vətəndaşlarının süurunda, canındadır. Böhranın adı “gerçəkliklə uzlaşmayan şirin arzular və xam xəyallar”dır. Erməni xalqının şüuruna hakim kəsilmiş, canına hopmuş bu xam xəyallar gerçəkliyin sərt qayalarına cırpılaraq çilik-çilik olmuşdur. Onları dübarə toplayıb-yığıb-yapışdırmaq mümkünsüzdür.

Erməni xalqının əksər hissəsi bunu dərk edib barışmaz azlığın “davaçan, xain” adlandırdığı Nikol Paşinyana səs verdi, fəqət gücünün mənbəyi xaricdə olan barışmaz azlıq onun əl-qolunu bağlayıb elə hey çevriliş və terrorla hədələyir.

İndiki məqamda Nikol Paşinyan Ermənistan Respublikasında ən məzlum insandır, onun seçim hüququ məhduddur. Sağa hoppanır, orada onu Rusiyapərəst canilər gözləyir, sola hoppanır, onu orada Qərbin əlaltılarının qurduğu macəraçılıq tələsi gözləyir. Geriyə hoppanmağa imkan yoxdur, irəliyə hoppananda, orada İlham Əliyev “Sevil” operasından məlum ariyanı oxuyur: “qol çək, Balaş!”.

Tarix rels üzərinə qoyulmuş vaqon deyil, onun gedişində daim müxtəlif fürsətlər olur. Erməni xalqının həyatinda indiki məqam nadir tarixi fürsətdir. Erməni xalqı bu təhlükəli məqamdan qansız-qadasız, övladını və torpağını təhlükəyə məruz etmədən keçə bilər, ya da yeni irimiqyaslı müharibə girdabına düşüb olan-qalanını itirə bilər.

Bu seçimi düzgün etmək üçün müasir erməni siyasətində tarixi taleyin bu amansız çağırışına düzgün cavab tapa biləcək mərd və uzaqgörən siyasətçi varmı?

Bu sualın cavabını bilməyimizə az qalıb. Cavab birmənalı və qəti olmalıdır. Ermənistana heç bir atılıb-düşmələr və əcnəbi xeyirxahlar kömək edə bilməyəcək.

Ana səhifəMənim FikrimcəSonuncu atılıb-düşmələr