Bu cür dinamika keçid prosesinin ən sərt və daha xaotik üsullarla reallaşacağını qaçılmaz edir
Ölkənin iqtisadi çöküşü fonunda prezident Əliyev Nazirlər Kabinetinin müşavirəsini keçirdi. Yenə əvvəlki sərt ritorika ilə müşayiət edilən toplantıda ölkənin böhrandan çıxışı ilə bağlı heç bir konkret mesaj verilmədi. Beləliklə, son müşavirədən çıxan nəticəyə görə, ölkədə heç bir köklü dəyişiklik baş verməyəcək; paradiqmalar dəyişməyəcək; ciddi islahatlar olmayacaq; vətəndaş cəmiyyəti ilə dialoq baş tutmayacaq. Bununla da hakimiyyət siyasi kursunu müəyyənləşdirdi. Prezidentin çıxışından bəlli oldu ki, vətəndaş cəmiyyəti və müxalifətlə gərginliyin aradan qaldırılması istiqamətində əməli addımlar atılmayacaq. Prezident Əliyevin çıxışı iqtisadi böhrandan qurtulmağa deyil, əksinə, mahiyyətcə daha sərt idarəçiliyə çağırış idi. Lakin unutmaq olmaz ki, bu “yeni-köhnə” siyasi kurs hakimiyyətin özü üçün də başağrısı gətirə bilər. Son zamanlar hakimiyyəti itirə bilmək ehtimalı iqtidardaxili didişmələrin tempini daha da artırıb. Mərkəzdənqaçma tendensiyası daha ağır fəsadlar verə bilər.
Qarşıdan isə ağır iqtisadi böhran dövrü gəlir. Bu amilə görə, prezident iqtisadi islahatlar və demokratik transformasiya tərəfdarı kimi görünməyə məhkumdur. Cəmiyyət konkret islahatlar gözləyir. Hakimiyyət ən azı belə imitasiyalara getməyə məhkumdur. Yaranmış qeyri-sabit situasiyada ölkəni 81 yaşlı baş nazirlə idarə etmək ironik görünür. Prinsipcə, İ.Əliyevin son çıxışı iqtisadi və siyasi islahat tələbinə verilən cavab idi. Bu paradoksal siyasi kursun davamı yeni problemlər yarada bilər. Belə perspektiv hakimiyyət dəhlizlərində olan mühafizəkar qanadı daha barışmaz mövqe tutmağa vadar edir. Lakin cəmiyyət islahatlar gözləyir. Hakimiyyət ən azı belə imitasiyalara getməyə məhkumdur. Lakin Nazirlər Kabinetinin tərkibində ciddi islahatların aparılacağı da az ehtimal ediləndir. Məsələ ondadır ki, hakimiyyət ciddi böhran içindədir. Sistem böhranı baş verib. Belə vəziyyətdə hakimiyyətdaxili mübarizənin getdiyi fonda bu və ya digər nazirləri vəzifəsindən uzaqlaşdırmaq bu hakimiyyətin sonunu yaxınlaşdıra bilər. Bir sözlə, ölkə rəhbəri köklü dəyişikliklərə gedə və komandasını hazırkı qeyri-sabit şəraitdə tam tərkibdə dəyişə bilməz.
Lakin unutmaq olmaz ki, regionlarda sosial narazılıqlar artmaqdadır, əhali narazıdır, hədəfdə siyasi hakimiyyətdir. İ.Əliyev komandasını qurban verməyə getməlidir. Lakin komandadan azad olmaq hakimiyyət piramidasının sökülməsi və domino effektinin baş tutması anlamına gələr bilər. Bir sözlə, siyasi iyerarxiyanın çöküşü baş verə bilər. Digər tərəfdən, İlham Əliyev bir neçə naziri cəzalandırsa belə, Azərbaycanda vəziyyət müsbətə dəyişməyəcək. Sistem dəyişilməyincə, çox ciddi siyasi, sosial və iqtisadi islahatlar aparılmayınca, Azərbaycanda heç bir müsbət dəyişiklik olmayacaq.Bu cür dinamika sonda keçid prosesinin ən sərt və daha xaotik üsullarla reallaşacağını qaçılmaz edir.
Proseslər yeni mərhələyə qədəm basır. Əhali iqtidara olan inamını tam itirmək üzrədir. Bütün bunları Qərbdə də izləyirlər. Belə ki, bir tərəfdən hakimiyyətin iflasının labüd olduğu görünür, digər tərəfdənsə alternativ siyasi güclərin yoxluğu onları prosesi alternativ meydana çıxanadək uzatmağa vadar edir. İstisna deyil ki, alternativ axtarışı hakimiyyətin içində aparılır. Avtoritar idarəçilikdə bu yolverilməzdir. Odur ki, alternativin kimliyinin tam məxfi saxlanıldığı və informasıya sızmasının qarşısının alındığı da ehtimal edilə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin növbəti baş naziri hakimiyyətin 2018-ci ilə əsas alternativi, yeni nazirlər isə yeni komanda kimi ictimai rəyə təqdim ediləcək. Hər halda, bu, yumşaq keçid variantıdır və digər variantlar sabitliyin pozulması anlamına gələ bilər. Bir sözlə, hakimiyyət daxilində olan qruplara “maliyyə tortu”nun bölüşdürülməsi təklif olunub və ilk növbədə, yeni baş nazir belə bir missiya ilə çıxış etməlidir. Əks təqdirdə, klanın irimiqyaslı simaları yenidən iddia ilə çıxış edə və özlərini birləşdirici sima kimi təqdim edə bilərlər. Artıq belə tendensiya müşahidə edilməkdədir. Vaxtilə, hakimiyyətin yüksək eşalonunda təmsil edilən bir sıra şəxslər baş nazir postunu hədəf seçiblər. Bütün hazırlıqlar 2018-ci ilə hesablanıb. Yaxın 2 ildə Azərbaycan siyasi səhnəsində ciddi dəyişikliklər gözlənilir…