Bu il Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Avropaya 1,5 milyon ton həcmində Qazaxıstan nefti ixrac ediləcək

Касым-Жомарт Токаев

Tokayev: “Qazaxıstan neftinin Avropaya ixracının 80 faizi Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə həyata keçirilir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyaya neft ixracını ildə 1,2 milyon tona çatdırmağın mümkün olduğunu bildirib.  Deyib ki, gələcəkdə Qazaxıstan neftinin Almaniyaya ixracını artırmaq potensialı var.

Tokayev bu fikrini iyunun 2-də Qırğızıstanda keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” sammitində səsləndirib.

Tokayev qeyd edib ki, Qazaxıstan neftinin Avropaya ixracının 80 faizi Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə həyata keçirilir.

Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ildə 1,5 milyon ton həcmində Qazaxıstan nefti ixrac ediləcək.

Prezident əlavə edib ki, həmin dövrdə Qazaxıstan “Drujba” kəməri ilə Almaniyaya 90 min ton neft çatdırıb:

Bu rəqəmi ildə 1,2 milyon tona çatdırmaq və gələcəkdə də artırmağa davam etmək potensialı var”.

Tokayev sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Yves Jean Ghislaine Michel) ilə görüşüb. Görüşdə  Aİ ilə Qazaxıstan arasında əməkdaşlığın artan dinamikasını yüksək qiymətləndirdiyini bildirib.

Aİ-Qazaxıstan Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi dərin əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu”, – Tokayev bildirib.

Regionun ərzaq təhlükəsizliyi məsələsinə də toxunan Tokayev deyib ki, ötən il Qazaxıstan və Aİ arasında ərzaq ticarəti 35 faiz artaraq 1 milyard dollara çatıb.

Bu ilin ilk beş ayı ərzində Qazaxıstan Almaniyanın Şvedt şəhərindəki neft ayırma zavoduna 90 min ton neft ixrac edib. İlin sonunacan bu göstəricinin 200 min ton olacağı bildirilir.

Tokayev qeyd edib ki, bu həcmi azı 6 dəfə artıra bilərlər.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan Qazaxıstan Almaniya, İtaliya, Fransa və Rumıniyaya neft ixracını artırıb.

Müharibəni qınayan Avropa İttifaqı ölkələri və ABŞ Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq edib. Əsasən dəniz yolu ilə daşınmaya qoyulan qadağa səbəbindən Rusiyanın neft gəlirləri xeyli azalıb.

Rusiya Avropadakı qaz bazarının böyük hissəsini isə “Yamal-Avropa” və “Şimal Axını-1” layihələrinin dayandırılması səbəbindən itirib.Bütün bunlar həmçinin Azərbaycan neft və qazına marağı da artırıb.

Ana səhifəİqtisadiyyatBu il Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Avropaya 1,5 milyon ton həcmində Qazaxıstan nefti ixrac ediləcək