Şiza: kom, dem, tur və az

Zərdüşt Əlizadə

Foto: Meydan TV

Elə bilərsiz, bizim millətin ruhunda bu yoluxucu xəstəliyə qarşı immunitet deyilən zireh yaranıb?

Naxçıvandan gəlmiş Yeni Şura hökuməti Bakıda təzəlikcə möhkəmlənirdi. Mənim əziz naxçıvanlı bəradərlərim təzəlikcə Bakını, mərhum Ziya Bünyadov demişkən, “özəlləşdirib gözəlləşdirməyə” girişmişdilər. Hakimiyyətə yaxin naməlum birisi Nəriman Nərimanovun  heykəlinin önündəki 1-2 mərtəbəli köhnə evləri söküb onların yerində nəhəng bir yaşayış binası tikməyə başlamışdı. Hansısa bir memar o zaman hələ tam məhv edilməmiş KİV nümayəndələrini başına toplayıb ucaldılmağa başlamış binanın tikinti meydançasının önündə etiraz mitinqi keçirirdi. Sözünün canı da o idi ki, bu uca bina Nəriman Nərimanovun Bakının hər yerindən görünən əzəmətli heykəlinin mənzərəsini örtəcək, böyük siyasi xadimə Heydər Əliyevin birinci hakimiyyəti dövründə ucaldılmış heykəlin gözəlliyini və əhəmiyyətini azaldacaq.

O zaman hakimiyyət hələ indiki qədər möhkəm və ötkəm deyildi, o zaman indiki zaman olsaydı, bu mitinq iştirakçılarını bir dəqiqəyə zopalayıb qoduqluğa salardılar. O zaman isə Yeni Şura hökuməti qara camaatın əzilib döyülmə həddini hələ tam müəyyənləşdirməmişdi deyə polis camaatı sözlə dağılışmağa çağırırdı, tikintini yönəldən bəradər isə öz şirin naxçıvanlı ləhcəsi ilə bu cahil etirazçılara anladırdı ki, “özünüzə niyə nahaq əziyyət verirsiniz, bir azdan bu heykəli tamam söküb yığışdıracaqlar”.

Uca bina tikilib qurtardı, ona gözəl ad da qoydular – “Dəniz mənzərəsi” – fəqət haram yolla tikildiyindən sahibinə umduğu gəliri gətirə bilmədi. Sığorta şirkətini hazır binanı sığorta etməyə dəvət edəndə şirkətin nümayəndəsi mütəxəssis çağırdı, o da binanın tikildiyi yeri, özülünü  öyrənib belə bir rəy verdi ki, “bu binanı sığorta edən şirkət hədsiz böyük maliyyə riski ilə üzləşəcək, bina sürüşmə zonasında tikilib və istənilən an uça bilər”.

Baxmayaraq ki, bina zahirən gözəldir, onun mənzillərindən şəhərə və körfəzə gözəl mənzərə açılır, onun mənzillərinin əksəriyyəti hələ də satılmayıb.

Lakin, Allah eləməmiş, birdən xiffət edərsiz, bina sahibinin müflis və ac qalacağından narahat olarsız, əsla yox, bu kişi hər səhər işə boş torba ilə gedib axşam dolu torba ilə qayıdanlardandır. Odur ki, boş bina hələ də durub zahirən şəhəri gözəlləşdirir və canını bu bəxtəvər millətə fəda etmiş doktor Nərimanovun heykəlini şəhərdən gizlədir.

Bu hadisəni niyə xatırladım? Nərimanovun Naxçıvandakı heykəlinin götürülməsi və sonradan dübarə yerinə qaytarılması, bu məsələ ilə bağlı şəxsən mənə maraqsız olan ictimai-siyasi müzakirənin açılması cəmiyyətimiz üçün daha mühüm olan digər bir mətləbə toxunmağa bəhanə verir. Nədir bu mətləb? Vaxtaşırı müxtəlif cəmiyyətlərə hakim kəsilən kütləvi şizofreniya təzahürü, hansına ki, indiki kompüter zəmanəsində müxtəsər “şizo” deyirlər.

Şizofreniya ruhi xəstəlikdir, onun paranoidal növünə tutulanlar gerçəkdə olmayan bir dünyaya və təsəvvürlər toplusuna inanıb orada yaşayırlar və gerçək həyatı qəbul etmirlər. Siyasi şizofreniklər hədsiz inadcıl və təcavüzkar olub ətrafdakı məxluqatı da zorən öz dünyalarına inanmağa və orada yaşamağa məcbur edirlər.

Dünya xalqlarının mühüm bir kəsimi XX əsrdə kommunizm ilğımına inanmış və dünyanı zorən zor yenidən qurmağa girişmiş hədsiz inadkar, əzmli və davakar bir zümrənin girovuna çevrilmişdi. Bu kədərli tarixi bilən bilir, bilməyənlərə danışmağın xeyri yoxdur, sadəcə onu deməyə dəyər ki,  bizim Azərbaycanda kommunizm qurmağa girişmiş bir partiya var idi və onun rəhbərləri xalqımızın əbədi səadətini kommunist Rusiyası ilə əbədi dostluqda görürdü.

SSRİ çökəndən sonra onlara komşiza adını qoydular və ələ salmağa başladılar. Xoşbəxtlikdən, quruluş çökəndən sonra bəlli oldu ki, bu xəstəliyə həqiqətən tutulmuş adamların sayı bizim ölkədə əslində çox cüzi imiş, Azərbaycan Kommunist Partiyasının 430 min üzvündən bir göz qırpımında heç yüz nəfər qalmadı.
Bu günlərdə  sonuncu iki yoluq Kommunist Partiyası ömrünü YAP-a bağışlayıb bu fani dünyanı tərk etdi. Komşiza xəstəliyi Azərbaycanda beləcə müalicə olundu.

Elə bilərsiz əhali indi sapsağlamdır, elə deyil, əhalinin bir hissəsi təzə xəstəliyə tutulub, adına demşiza deyilir. Yəni demokratik şizofreniklər. Bu demşiza inanır ki, Azərbaycanda demokratiya olub və nəinki hələ də var, xeyr, gələcək demokratiyanındır!  Bu xəstəliyə tutulmuş insanlar əmindirlər ki, dünyada demokratiyadan əfzəl heç nə yoxdur, demokratik dövlətlər ən dürüst və ən nəcib dövlətlərdir və Azərbaycan mütləq demokratik dövlətlərin yanında, böyründə altında və dalında olmalıdır! Yalnız demokratiya!

Bu demşizaya özünü demokratik adlandıran dövlətlərin dünyada törətdiyi cinayətləri və zülmü göstərmək əbəsdir. Onlar öz beyinlərində qüsursuz gözəl bir demokratik dünya yaradıb səmimi-qəlbdən ona vurulublar və dünya dağılsa belə öz imanlarından dönən deyillər.

Ay bacı, ay qardaş, demokratik Fransanın, Belçikanın, Lüksemburqun və Niderlandın parlamentləri bu Artsaxın müstəqilliyinin tanınması barədə qətnamə qəbul edəndə bu məzlum Azərbaycanı və onun biçarə xalqının hüquqlarını nə üçün nəzərə almadı? Bu, hansı demokratik dəyərlərə uyğundur?

Kimə deyirsən? Qurban olaq Fransaya, Belçikaya, Lüksemburqa və Niderlanda, əcəb eləyib belə gözəl qətnamə qəbul ediblər! Hər bir həqiqi demokrat gərək üstəlik erməni soyqırımını da tanısın!

Heç bir şübhə yoxdur ki, bu millət demşiza azarından şəfa tapacaq, necə ki, komşiza azarından şəfa tapdı. Millətin mahir bir doxturu demişkən, “zamana ehtiyacı var”.

Elə bilərsiz, bizim millətin ruhunda bu yoluxucu xəstəliyə qarşı immunitet deyilən zireh yaranıb? Əsla! Millət demşiza azarından şəfa tapmamış yeni bir azar gəldi. Onun adı Turan şizofreniyasıdır. Müxtəsər desək, turşiza.
Bir qisim insan inanır ki, bu yaxınlarda dünyadakı bütün türk xalqları, hansılar ki, türkdilli dövlətlərdə yaşayır, bu və ya digər şəkildə birləşəcəklər. Turan adlı bir dövlət deyək, İttifaq deyək, nəysə yaranacaq! Bu böyük Turan yaranan kimi gilas səbətinin dibindən şipşirin gilaslar töküləcək türklərin ağzına. Yalnız türklərin!

Bu şirin Turan nağılına inanmış adamlar, hansılara ki, sizin həqir bəndəniz turşiza deyir, öz əvvəlki şizofreniksələfləri kimi, inadcıl, əzmkar və təcavüzkardırlar. Lap elə kommunistlər və demokratlar kimi, Turan nağılına inanmayan adamları onlar vətən xaini və millət düşməni sayır və onların qanını töküb içməyə hazırdırlar.

Müalicə məqsədilə onlara hər hansı yeni bir dövlətin və ya dövlətlər birliyinin yaranması üçün zəruri olan şərtlərdən söz açmaq mənasızdır. Azarın adı təsadüfən deyil ki, şizofreniyadır. Bu azardan şəfa tapmaq üçün kifayətdir ki, həyat özü sübut etsin: Turan sadəcə, lap elə kommunizm və demokratiya kimi, şirin nağıldır.

Həyat bu sadə həqiqəti sübut edən kimi Azərbaycanda bircə nəfər belə Turan nağılına inanan insan qalmayacaq, necə ki, indi bizdə kommunist tapammazsan.

Bütün bu yazdıqlarımdan hansı nəticəyə gəlmək olar? Azərbaycan xalqının nüvəsi sağlamdır, zahirən özünü şizofrenik kimi ya kommunist, ya demokrat, ya da turançı kimi göstərsə də, əslində heç nəyə və heç kimə inanmır.

Manata inanır, dollara inanır, avroya inanır, deyirlər, yuan adlı valyuta var, ona da inanmağa hazırdır. Təki gəlsin, özü də çox, lap çox gəlsin.

Qaldı doktor Nərimanova, Məmmədəmin Rəsulzadəyə, digər həqiqətən millətin xiffətini çəkib ömrünü əbəs çürütmüş və çürüdən məxluqata, onlar bunu könüllü edirdilər. Heç kim onları məcbur etmirdi ki, həyatlarını xalqa fəda etsinlər.

Bu da onların özləri üçün uydurduqları, millətin əksəriyyətinin gerçəkliyi ilə əsla uyuşmayan xəyali dünya idi. Bu azarın da adı azşizadır.

Ana səhifəMənim FikrimcəŞiza: kom, dem, tur və az