Siz çox şeyi bilmirsiz, Rövnəq müəllim…

Rövnəq Abdullayev. Foto: Arxiv

Rəşad Ergün

Hörmətli AFFA prezidenti Rövnəq Abdullayev!

Yazıb sizə bildirmək istəyirəm ki, futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatı-2024-ün seçmə mərhələsində ilk iki oyununu keçirib. Ola bilər, sizin hələ də milli komandanın bu iki oyunda hansı nəticələrə imza atdığından xəbəriniz yoxdur. Baxmayın, bir neçə vəzifəniz var, futbol nəmənə şeydir ki, daim izləyib, təqib edəsiz. Hə… Sizin milli komandanız keçirdiyi hər iki oyunda məğlub olub: Avstriyaya 1:4, İsveçə 0:5 (lütfən, İsveçi İsveçrə ilə qarışdırmayın, fərqli ölkələrdir). Sizə komandanızın iki oyunda neçə qol buraxıb, neçəsini vurduğunu saymaqda da kömək edim. Buraxılan topların sayı: 4+5=9. Vurulan qolların sayı: 1! Bu qədər.

Rövnəq müəllim, sizə yazmışkən, fürsətdən istifadə edib, şəxsinizi təbrik etmək istəyirəm. Niyə?

Milli komandanın baş məşqçi postuna çox doğru seçim etmisiz. Yəqin yadınızda olar millinin baş məşqçisi kimdir, axı şəkilləriniz də var birlikdə, Canni De Byazini deyirəm. Üç ilə yaxın ərzində italiyalı birinin təfəkkürünü, futbola, dünyaya baxışlarını dəyişdirmək, onu azərbaycanlıya çevirmək inanılmaz dərəcədə uğurlu işdir. Təbrik edirəm sizi, Rövnəq müəllim!

Sizin bu Canni De Byazi İsveçə 0:5 hesablı məğlubiyyətdən sonra bilirsiz nə deyib? Deyib ki, “əla oyun göstərdik”. Elə belə də deyib. Bunu ancaq son illərini azərbaycanlılarla oturub-durmaqla keçirən, Azərbaycan futbolunun idarəetmə sistemindəki şəxslərdən çox şey öyrənən biri deyə bilərdi. Rövnəq müəllim, elə bu dəqiqə De Byaziyə zəng edərək, onu abır və həya adlı zadları bu qədər qısa müddətdə itirərək, tamamilə azərbaycanlılaşması münasibəti ilə təbrik edə bilərsiz. Həqiqətən, şəxsən sizin təbrikinizi haqq edib.

Rövnəq müəllim, 2008-ci ildən Azərbaycan futboluna rəhbərlik edirsiz. Bəlkə də, heç xəbəriniz yoxdur, dediyim kimi, daha vacib, daha ciddi işləriniz var, amma mütləq qeyd etməliyəm ki, 15 il ərzində Azərbaycan futbolunun başına çox daş salmısız. Rövnəq müəllim, Azərbaycan futbolunun nəslini… ağlatmısız. Siz və sizin futboldakı çevrəniz. Uşaq futbolu zəlil gündə, türkiyəlilərin idarə etdiyi “Qarabağ” istisna olmaqla, klub futbolu yarımcan halda, milli komandalar ölkənin şərəfini qorumaq əvəzinə, şərəfiylə top-top oynayır. Bunları bilirsizmi, Rövnəq müəllim? Yoxsa ancaq arada vaxt tapan kimi maliyyələşdirdiyiniz “CBC Sport”a baxırsız?

Məncə, siz çox şeyi bilmirsiz, Rövnəq müəllim. Məsələn, bilmirsiz ki, milli komanda hər dəfə uduzanda azarkeşlər, hətta jurnalistlər də AFFA rəhbərliyini, dolayısı ilə sizi söyürlər. Əminəm ki, siz özünüz Azərbaycan futbolunun var-yoxunu… ağlatdığınızı bilmirsiz. Bilən kimi istefa ərizəsini yazıb, AFFA-nın prezidenti postundan gedərsiz. Mən buna çox inanıram.

Ana səhifəMənim FikrimcəSiz çox şeyi bilmirsiz, Rövnəq müəllim…